Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

post-img

BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən 68-ci iclasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvü seçilib. 

Dövlət Turizm Agentliyindən bildirilib ki, Avropa regionu üzrə üzvlüyə ayrılmış 5 vakant yerə Azərbaycanla birgə Türkiyə, İsrail, Albaniya, Bolqarıstan, Çexiya, İtali­ya, Litva, Slovakiya, Ukrayna və Özbəkis­tan öz namizədliklərini irəli sürüb. 

Gərgin keçən seçkilərdə namizədlik­lərini irəli sürmüş 11 ölkədən qalib olaraq Azərbaycanla yanaşı, Avropa İttifaqına üzv olan 4 ölkə (Litva, Çexiya, İtaliya, Bolqarıstan) seçilib.

İcraiyyə Şurasının iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsvermədə iştirak edən hər kəsə təşəkkürünü bildirərək Azərbay­canın hər zaman olduğu kimi, bərabərliyə və ədalətli yanaşmaya üstünlük verəcəyi­ni qeyd edib. 

Agentlik sədri Azərbaycanın 2001-ci ildə BMT-nin Ümumdünya Turizm Təş­kilatının tamhüquqlu üzvü olmasından etibarən təşkilata üzv dövlətlərlə uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini ge­nişləndirdiyini, gələcək fəaliyyətində də İcraiyyə Şurasının işinin səmərəliliyinə öz töhfəsini verəcəyini bildirib.

Fuad Nağıyev qlobal turizmin gələcə­yinin zəruri tədbirlərin birgə həyata keçiril­məsindən asılı olduğunu diqqətə çatdırıb.

İclasda Azərbaycanın İspaniya Krallı­ğı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsə­nov və Azərbaycanın Bolqarıstandakı sə­firi Hüseyn Hüseynov iştirak ediblər.

Son xəbərlər