“Daşnaksütyun” antixalq partiyası elan olundu

post-img

Yüz otuz üç ildir ki, siyasi partiya adı altında terror fəaliyyəti həyata keçirən “Daşnaksütyun”un fəaliyyəti yaxın zamanda dayandırıla bilər. Bu barədə Ermənistan Milli Assambleyasının hakim “Vətəndaş sazişi”ndən olan deputatı Akop Aslanyan məlumat verib. Akop Aslanyan qeyd edib ki, “Daşnaksütyun” partiyasının fəaliyyətini dayandırılması zərurətdən irəli gəlir. 

Onun antixalq partiyasına çevrildi­yini bildirən erməni deputat, yaxın bir neçə il ərzində adıçəkilən təşkilatın ölü partiyaya çevriləcəyini və tarix səhnə­sindən silinəcəyini qeyd edib. 

• Arayış: 1890-cı ildə yaranan “Daş­naksütyun” partiyasının ilk proqramı 1894-cü ildə qəbul edilib. Elə ilk proq­ramında Türkiyəyə qarşı açıq ərazi id­diaları yer almış, türk torpaqlarının işğal edilməsi partiyanın əsas məramı kimi qeyd olunmuşdur. Azərbaycanın Nax­çıvan və Qarabağ bölgələrinin işğalı da “Daşnaksütyun”un başlıca hədəflərinə daxil idi. Sonrakı dönəmlərdə Türkiyə və Azərbaycana qarşı yüzlərlə terror aktı həyata keçirən “Daşnaksütyun” bu gün də dünyanın əsas “terror ixracatçı­larından” biri olaraq qalmaqdadır. 

Sülh yolunda böyük əngəl

Tarixi faktların təhlili göstərir ki, “Daş­naksütyun” bütün dövrlərdə sülh yolun­da böyük əngəl olub. “Daşnaksütyun” və onun liderlərinin bu gün də Azərbay­canla Ermənistan arasında sülh müqa­viləsinin imzalanmasına mane olduğu, rəsmi İrəvana təzyiqlər göstərdiyi mə­lum həqiqətlər sırasındadır. 

Paşinyan hakimiyyətini xain, təslim­çi hesab edən “Daşnaksütyun” liderləri hesab edirlər ki, rəsmi İrəvanın yürüt­düyü siyasət Ermənistanın maraqlarına uyğun deyil və daha çox Azərbaycanın mənafeyinə cavab verir. Nümunə üçün qeyd edək ki, “Daşnaksütyun” partiyası cari ilin aprel ayında verdiyi bəyanat­da İrəvanın Bakı ilə sülh müqaviləsi bağlamağa hazırlaşdığını bildirib, bu müqavilənin imzalanmasına mane ol­mağın zəruriliyini qeyd edib: “Daşnak­sütyun partiyasının ali orqanı bir daha təsdiq edir ki, Ermənistan hakimiyyəti çoxdan ölkəmizin təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən imtina edib. O bizi yeni müharibəyə və sülh gündəmi adı ilə yeni güzəştlərə aparır. Çətinləşən şəraitdə Ermənistanın milli maraqlarını rəhbər tutan bütün sağlam gücləri birləşməyə çağırırıq ki, düşmə­nin xidmətçiləri olan hökumətin öldü­rücü milli siyasətinin davam etməsinə imkan verməyək”.

Daim terror və təxribat siaysəti yü­rüdən “Daşnaksütyun”, hər zaman oldu­ğu kimi, bu gün də sülh yolunda əsas maneələrdəndir. Görünən odur ki, “Daş­naksütyun”un bu qorxunc missiyası Ermənistan hakimiyyəti, eləcə də sadə ermənilər tərəfindən də dərk edilmək­dədir. Məhz bunun nəticəsidir ki, tarixən Türk dünyasının minlərlə nümayəndəsi­nin qətlini təşkil edən “Daşnaksütyun”un fəaliyyətinin dayandırılması erməni mil­lət vəkilləri tərəfindən dilə gətirilməkdə­dir.

Xatırladaq ki, “Daşnaksütyun” par­tiyasının fəaliyyəti 1994-cü ildə Ermə­nistanın o zamankı prezident Levon Ter-Petrosyanın fərmanı əsasında da­yandırılmışdır. Yalnız 4 ildən sonra – 1998-ci ildə partiyanın fəaliyyəti sabiq prezident Robert Koçaryan tərəfindən bərpa olunmuş, partiya siyasi müstəvi­də fəaliyyət azadlığı əldə etmişdir. 

Partiyanın öz xalqına qarşı da ağır cinayətləri...

“Daşnaksütyun” tarixən Türkiyə və Azərbaycan xalqları ilə yanaşı, sadə ermənilərə qarşı da ağır cinayətlər törə­dib, yüzlərlə erməniyə yönəlik sui-qəsd təşkil edib. Buna səbəb həmin ermə­nilərin terrror təşkilatının tələblərinə əməl etməməsi, onların vəhşiliklərinə boyu əyməməsi olub.

“Daşnaksütyun” hələ 1892-ci ildə Tiflisdəki ilk qurultayında Türk dünya­sı ilə yanaşı, sadə ermənilərə qarşı da faktiki müharibə elan etmişdir. Qurultay­da şüar xarakterli bir neçə qərar qəbul edilmişdi ki, bunlardan da biri “Sözün­dən dönənləri, erməni xainlərini öldür, intiqam al” idi. Bu şüar türk xalqına qarşı mübarizədə yer almaq istəməyən, terror təşkilatına pul ödəməkdən imtina edən, onun tapşırıqlarını icra etməkdən yayı­nan erməniləri qətlə yetirməyi nəzərdə tuturdu. 

Türk tarixçisi Esat Urasın “Tarixdə ermənilər” əsərində qeyd edir ki, 1890-cıil aprelin 20-də Ərzurumda “Daşnak­sütyun”un zülmündən cana doyan er­mənilər üsyan etmiş, terror təşkilatına açıq itaətsizlik sərgiləmişdi. Vətəndaş­ların müdafiə dərnəyinin rəhbərlik etdiyi üsyanı yatırmaq üçün hərəkətə keçən “Daşnaksütyun” üsyançılara atəş aç­mış, nəticədə hər iki tərəfdən 100-dən çox şəxs həlak olmuş, 300-ə yaxın er­məni isə yaralanmışdır (Esat Uras. Ta­rihte Ermeniler, s.459).

“Daşnaksütyun” partiyası 1988-ciilin Sumqayıt hadisələrində də, öz məkrli niyyətini həyata keçirmək üçün dinc erməniləri qətlə yetirmiş, törədilən cinayətlərə görə Azərbaycanı ittiham etmişdir. Həmin vaxt Sumqayıtdakı er­mənilərin bir çoxunu “Daşnaksütyun”un hücumlarından məhz azərbaycanlılar qorumuş, sadə erməniləri labüd ölüm­dən xilas etmişlər. 

...Sumqayıtda o zaman bir çox millə­tin nümayəndələri, o cümlədən, 14 min erməni yaşayırdı. Bu şəhərin tarixində heç vaxt millətlərarası ayrı-seçkilik ol­mamışdı. Bəs, necə oldu ki, bu hadisə baş verdi və bu, kimə lazım idi? Bu suallara cavab birmənalıdır. Sumqayıt hadisələri Qarabağı Azərbaycandan ayırmaq istəyən erməni millətçilərinə və onların havadarlarına lazım idi. Faciəli günlərin şahidləri olmuş ziyalılar da bu fikirdədirlər.

Bütün bu faktlar onu göstərir ki, “Daşnaksütyun” türk xalqı ilə yana­şı, həm də öz erməni toplumunun nü­mayəndələrinə qarşı da ağır cinayətlər törədib. Ona görə də bu partiyanın bağ­lanması hər şeydən öncə ermənilərin özünün mənafeyinə uyğundur.

Seymur ƏLİYEV

Siyasət