Bütün dünyanın nəfəs dərmədən izlədiyi Türkiyədə ümumi seçkilər başa çatıb. Parlamentin tərkibi müəyyən olunsa da, dövlət başçısının adı ikinci turda məlum olacaq. Belə ki, mayın 28-də keçiriləcək turda hakim AKP və ana müxalifəti təmsil edən CHP liderləri gərgin mübarizə aparmalı olacaqlar.
Türkiyədə seçki qutularının tam açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,7 faiz, Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
TRT xəbər verir ki, parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,46 faiz, “Millət İttifaqı” 35,02 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,54 faiz, “Ata İttifaqı” 2,44 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb. Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsindən 600 millət vəkili seçilib. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
Seçici fəallığı Türkiyə üçün rekord – 88,84 faiz təşkil edib. MSK-nın məlumatına görə, namizədlərə verilmiş 53,9 milyon səsdən bir milyondan çoxu etibarsız sayılıb. Səslərin tam sayıldıqdan sonra Ədalət və İnkişaf Partiyasının başçılıq etdiyi “Cümhur İttifaqı” parlament seçkilərində üstünlük qazanaraq, 600 mandatdan 321-nə yiyələnib. “Millət ittifaqı” parlamentdə 213 yerə sahib olub.
Mayın 14-dən 15-nə keçən gecə AKP lideri R.T.Ərdoğan qurucusu və rəhbəri olduğu partiyanın Baş qərargahının balkonundan xalqa müraciət edib. O, Türkiyədə demokratiya bayramının tamamlandığını vurğulayıb. Onun fikrincə, Türkiyə bu seçkilərlə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu bir daha sübuta yetirib. “Bu seçkilərdə vəzifələrini layiqincə yerinə yetirən hər kəsə təşəkkür edirəm. Üstəlik, öz gələcəyi üçün seçkilərdə rekord sayda iştirak edən ölkə vətəndaşlarımıza minnətdaram. Bu seçkilərdə qazanan tərəf ölkəmiz və xalqımız olub”, – deyə o, vurğulayıb.
R.T.Ərdoğanın sözlərinə görə, 14 mayda Türkiyədə keçirilən seçkilərin bənzəri yoxdur: “Şükürlər olsun ki, heç bir acı hadisə yaşanmadan seçkiləri tamamladıq. CHP rəhbərləri və bəzi bələdiyyə sədrlərinin öz maraqlarını güdmələri bu gərçəkləri dəyişmir. Ölkəmiz seçki sisteminin güvənliliyi baxımından dünyaya örnək ola bilər. Heç kimin bunu öz siyasi ambisiyaları üçün pozmağa haqqı yoxdur. Biz hər zaman milli iradənin seçiminə hörmət etmişik və bundan sonra da hörmət edəcəyik”.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan səsvermə ilə bağlı mövqeyini özünün sosial media hesabında paylaşıb. Orada qeyd olunur: “Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək “Türkiyə əsri” üçün yenə çiyin-çiyinə duracağıq”.
Əminə Ərdoğan sonra yazıb ki güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkürünü bildirir: “Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla yola davam edin”.
AKP sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım prezident və parlament seçkilərində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar seçki prosesinə böyük maraq göstəriblər: “Səs vermək üçün yarım saat gözlədim. Nəticənin ölkəmiz və xalqımız üçün xeyirli olacağından əminəm. Seçki prosesinə göstərdiyi diqqətə görə xalqımıza təşəkkür edirəm”.
B.Yıldırım, həmçinin söyləyib ki, Türkiyə seçki prosesi ilə bağlı kifayət qədər təcrübə qazanıb: “Əlbəttə, fərqli mövqelərimiz ola bilər. Amma bizi bir-birimizə bağlayan dəyərlərimiz, Vətənimiz, xalqımız, bayrağımız, inancımız var. İnşallah, hər şey ölkəmiz üçün daha yaxşı olacaq”. B.Yıldırım sonda vurğulayıb ki, bu gün ölkəmizin və xalqımızın sabitliyə, sakitliyə və təhlükəsizliyin qorunmasına ehtiyacı var.
Dünən CHP lideri Kamal Kılıçdaroğlu da seçkilərin birinci turunun nəticələrinə münasibətini açıqlayıb. O, iqtidar komandasının “seçkilərə müdaxilə etmək” cəhdlərini pisləyib və seçkilərin ikinci turunda qalib gələcəyinə əmin olduğunu vurğulayıb.
Siyasi təhlilçilər ikinci turda hansı siyasətçinin qələbə qazanacağı barədə proqnozlar verməyə başlayıblar. Hesab olunur ki, prezidentliyə hər iki iddiaçı birinci turda səslərin 5,22 faizini toplayan ATA İttifaqının namizədi Sinan Oğanın səslərini qazanmağa cəhd edəcəklər.
Məlumdur ki, S.Oğan sağ mühafizəkar siyasi baxışları ilə fərqlənir. O, seçkiqabağı kampaniyası zamanı dəfələrlə bildirib ki, dövlət başçısı seçiləcəyi təqdirdə Türkiyədə məskunlaşan 13 milyondan çox miqrantın təcili surətdə öz ölkələrinə geri dönmələri üçün fərman imzalayacaq. Bir çox siyasətçilər bu bəyanatı cəmiyyətin müəyyən kəsiminin rəğbətini qazanmaq naminə populist yanaşma kimi dəyərləndirirlər.
Uzun müddətdir Türkiyədəki seçkiləri yaxından izləyən dünya mediası R.T.Ərdoğanın ikinci turda daha öndə olduğunu, K.Kılıçdaroğlunun qalib gəlmə ehtimalının xeyli aşağı olduğu qənaətindədir.Fransanın “Agence France-Presse” (AFP) xəbər agentliyi R.T.Ərdoğanın səsvermə bitəndən 6-9 saat sonra gecə yarısı xalqın qarşısına alqışlarla çıxdığına diqqət çəkərək, onun “önümüzdəki 5 ildə də xalqımıza xidmət etməyə davam edəcəyimizə ürəkdən inanıram” ifadəsinə yer verib.
K.Kılıçdaroğlunun səs nisbətinin məyusluq yaratdığını bildirən “AFP” seçki prosesi ilə bağlı bunları yazıb: “Kılıçdaroğlunun ittifaqı əvvəlcə səslərin sayılmasına etiraz edərək, müxalifətin irəlidə olduğunu iddia etdi. Lakin 74 yaşlı siyasətçi jurnalistlərin qarşısına çıxanda bir az ümidsiz görünürdü. O, ikinci turun qaçılmaz olduğunu etiraf etdi”.
ABŞ-nin “Associated Press” (AP) xəbər agentliyində seçkilərlə bağlı yayımlanan məqalədə St. Laurens Universitetindən amerikalı tarixçisi Hovard Eissenstatın ikinci turla bağlı açıqlamalarına yer verilib. Eissenstatn R.T.Ərdoğanın partiyasının parlament nəticələrinin daha yaxşı oduğunu, bunun üçün də AKP liderinin ikinci turda daha üstün olduğunu vurğulayıb.
Minaxanım ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment Universitetinin professoru
Türkiyədəki prezident seçkilərinin birinci turu başa çatdı. Prezidentliyə heç bir namizəd 50 faiz plyus bir səs toplaya bilmədiyi üçün bu il mayın 28-də seçkilərin ikinci turu olacaq. Bu seçkilər bütün dünyaya bir daha göstərdi ki, qardaş ölkə ən yüksək səviyyədə seçkilər keçirməyi bacarır. Bu seçkilər Türkiyə demokratiyasının parlaq qələbəsi sayılmalıdır.
14 may seçkiləri həm də onu sübut etdi ki, türk cəmiyyəti siyasi cəhətdən çox yetkindir. Sakinlər dövlətin, eləcə də ailələrinin və övladlarının taleyinə biganə qalmırlar. Mən çağdaş dünyada ikinci bir demokratik ölkə təsəvvür etmirəm ki, orada Türkiyədə olduğu kimi, seçicilərin 90 faizə yaxını azad, sərbəst şəkildə səsvermə prosesinə qatılsın. Bu, çox yüksək göstəricidir.
Türkiyənin inkişaf və tərəqqisini istəməyən qüvvələr çoxdur. Onlar haqsız olaraq bu ölkənin iqtidarını avtoritarlıqda günahlandırırlar. Səhv edirlər. Heç bir avtoritar ölkədə belə yüksək səviyyədə azad, demokratik seçkilər keçirilmir. Necə deyərlər, hər şey göz qabağındadır.
Türkiyədəki seçkilərin nəticələrinin təkcə qardaş ölkə üçün deyil, bütün türk xalqlarının gələcək taleyi üçün böyük əhəmiyyəti var. Əminəm ki, müdrik türk vətəndaşları seçkilərin ikinci turunda da yüksək fəallıq nümayiş etdirəcək və ən layiqli namizədə səs verəcəklər.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


