Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2023-cü ilin aprel ayında yolu azaraq, Ermənistan Respublikasının sərhədini keçən iki Azərbaycan vətəndaşının – hərbi qulluqçular 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun qohumlarının Ermənistan hökumətinə qarşı müvəqqəti tədbirin tətbiqi barədə müraciətini rədd edib.
Xatırladaq ki, hazırda erməni əsirliyində olan hərbçilərin yaxınları əsirlikdəki doğmalarına qarşı yaşama və hüquqa zidd münasibətin təzahürlərini əsas götürərək, İrəvana qarşı işgəncədən çəkinmək öhdəliyi əsasında müvəqqəti tədbirlərin tətbiqi üçün AİHM-yə vəsatət göndərmişdi. Lakin AİHM bu vəsatətləri Avropa Məhkəməsi Qaydalarının 39-cu maddəsinə uyğun olaraq rədd edib. AİHM hesab edib ki, Ermənistan Azərbaycan hərbçilərinin konvensional hüquqlarını lazımi qaydada təmin edir. Avropa Məhkəməsinin fikrincə, Ermənistan tərəfinin bununla bağlı təqdim etdiyi sübutlar qənaətbəxşdir.
AİHM-nin məlum qərarı ilə bağlı ən çox narazılıq doğuran məqam məhkəmənin görünən faktları görmək istəməməsidir.
Qeyd edək ki, hələ cari ilin aprel ayında əsir əsgərlərimizdən Hüseyn Axundovun fiziki işgəncəyə, qeyri-insani rəftara məruz qalması ilə bağlı çoxsaylı foto-video görüntülər yayılıb. Ermənistanın teleqram kanallarında yer alan bu görüntülərdə ermənilərin əsir əsgərimizi ağır fiziki zorakılığa məruz qoyduğu aydın şəkildə görünür. Yəni işgəncə faktını sübut etmək üçün hansısa məxsusi araşdırma aparmağa, ekspert rəyi əldə etməyə ehtiyac yoxdur. Lakin bu halda belə AİHM işgəncə faktını görməzdən gəlir ki, bu da məhkəmənin görünən dağa bələdçi axtarmaq cəhdinə bənzəyir.
Məlum olduğu kimi, Cenevrə Konvensiyasını, onun tələblərini də saya salmadığını göstərir. Cenevrə Konvensiyası əsirlərə qarşı işgəncə faktını, qeyri-insani münasibəti qınayır, bunu ağır cinayət kimi dəyərləndirir. Ermənilər isə əsir hərbçilərimizi amansız işgəncələrə və təhqiramiz münasibətə məruz qoymaqla 1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyasının 3-cü maddəsinin c bəndini, 12-ci və 50-ci maddələrini açıq şəkildə pozublar. Bu isə o deməkdir ki, əsir hərbçilərimizn pozulan hüquqları bərpa edilməklə yanaşı, onları ağır işgəncəyə məruz qoyan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır.
Seymur ƏLİYEV