Bu gün dünya siyasətinin mətbəxinə az-çox bələd olanlar yaxşı bilirlər ki, beynəlxalq münasibətlərdə hüququn gücü artıq işləmir, əksinə, indi gücün hüququ var. Real gücə, ədalətə söykənməyən demokratiya siyasi ilğımdır. Fransızlar demişkən, “se lya vi”, yəni həyat belədir!
Bəşər övladının güvəndiyi və ya güvənmək istədiyi sivil, demokratik qanunlar kiçik, zəif və gücsüz olanlar üçün bir ümid və təsəlli vasitəsidir. Güclülərin isə öz qanunları, prinsipləri var. Onlar yalnız öz maraq və iddialarından çıxış edirlər. Bu zaman nəinki hüquq, bəşəri, əxlaqi dəyərlər belə unudulur. Bəzən “mühüm” saziş və müqavilələr adi, lüzumsuz bir kağız parçasına çevrilir.
Bir çox ölkələr, eləcə də yaxın qonşumuz olan Gürcüstanın hazırkı hökuməti dünyada “demokratiya oyunu”nun bir dekorasiya olduğunu başa düşərək, xarici siyasətdə real, praqmatik siyasət xətti yürütməyə çalışır. Lakin bu gözəl, əsrarəngiz ölkənin sadə və səxavətli insanlarının bir qismi hələ də yüksək ideallar axtarır, iqtidardan Qərbə sürətlə inteqrasiya yolunu seçməyi tələb edirlər. Fəlsəfədə buna siyasi idealizm deyirlər.
Bir sözlə, Gürcüstanda hökumətin praqmatik siyasi xətt tərəfdarları ilə siyasətdə idealiz axtaranlar arasında barışmaz mübarizə gedir. Gürcüstanda balanslı, praqmatik siyasət xəttini gürcü mənşəli rusiyalı milyarder Bidzina İvanişvilinin qurucusu və faktiki olaraq qeyri-rəsmi rəhbəri olduğu “Gürcü arzusu” partiyası həyata keçirir. Qərb demokratiyası tərəfdarları isə ölkənin üçüncü Prezidenti, hazırda doğma ölkəsində həbsdə olan Mixeil Saakaşvilinin adamları hesab olunur.
Əlbəttə, əlahəzrət zaman kimin haqlı, kimin haqsız olduğunu özü göstərəcək. Fakt budur ki, “Gürcü arzusu” partiyası artıq bir neçə dəfə ölkədə keçirilən seçkilərdə xalqdan mandat alaraq dövləti və hökuməti idarə edir. Rəqibləri hakimiyyəti onun əlindən seçkilər yolu ilə almaq istəyirlər, amma ala bilmirlər. Görünür, müdrik gürcü xalqı hazırkı dönəmdə öz xeyir və çıxarını yaxşı bilir.
Bakı Dövlət Universitetinin professoru, politoloq Aydın İbrahimov bildirdi ki, bu gün Gürcüstanda iqtidar partiyasının formalaşdırdığı hökumət həm Qərblə, həm də Rusiya ilə əlaqələrini gücləndirməyə çalışır və bu zaman balansı gözləyərək, mütəvazi siyasi xətt həyata keçirməyə cəhd edir. Lakin hökumətin Rusiya qarşısında göstərdiyi “reverans” (“təzim” ifadəsini də işlətmək olar) cəmiyyətdə birmənalı qarşılanmır.
Gəlin qonşu ölkədə baş verən real hadisələrə qısa nəzər yetirək. Bu il mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi və iki ölkə arasında birbaşa aviaəlaqələrin bərpa olunması barədə fərman imzalayıb. Bu sənədə əsasən, Gürcüstan sakinləri mayın 15-dən etibarən üç ay müddətində heç bir vizaya ehtiyac olmadan Rusiya ərazisində yaşaya və biznes fəaliyyəti ilə məşğul ola bilərlər.
Adi halda xoş məram kimi qəbul edilən bu jest Gürcüstan ictimaiyyətində etirazla qarşılanıb. Bunun əsas səbəbi isə budur ki, 2008-ci ilin avqustunda Rusiya beynəlxalq qanunları pozaraq, Gürcüstanın Cənubi Osetiya və Abxaziya vilayətlərini özünə ilhaq edib. Bundan sonra Gürcüstan MDB-dən çıxıb və şimal qonşusu ilə diplomatik əlaqələrinə son qoyub.
Gürcüstan Prezidenti Salome Zurabişvili dünən Rusiya dövlət başçısının imzaladığı sənədə münasibət bildirərək, bu addımı “təxribat” adlandırıb. Bildirib ki, Rusiya rəsmiləri daxili auditoriyanın gözündə Ukraynada üzləşdikləri ağır məğlubiyyəti bu yolla kompensasiya etməyə çalışırlar. Bu, həmçinin Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi növbəti, 11-ci sanksiyalar paketinə cavabdır.
S.Zurabişvili qeyd edib ki, rəsmi Tbilisi, öz növbəsində Rusiya vətəndaşlarının Gürcüstan ərazisində vizasız 90 gündən çox qalmamaları üçün məhdudiyyətlər tətbiq etməlidir: “Mən hökuməti ortaya birmənalı mövqe qoymağa səsləyirəm. Təcili olaraq Gürcüstanın Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırmaq və orada ruslar üçün üç aylıq viza rejiminin tətbiqi məsələsini müzakirə etmək lazımdır”.
Gürcüstan Prezidenti sonra deyib: “Nə qədər ki, Rusiya təcavüzkar siyasət yürüdür və bizim torpaqlarımızı azad etmir, bizə bu ölkə ilə nə viza rejiminin ləğv edilməsi, nə aviaəlaqələrin bərpa edilməsi lazımdır. Bizim Rusiyanın “hədiyyələrinə” və “hansısa güzəştlərinə” ehtiyacımız yoxdur. Biz Avropadakı dostlarımızın dəstəklədikləri mövqedən geri çəkilməyəcəyik. Bu gün söhbət Gürcüstanın milli ləyaqətinin qorunmasından gedir!”
Gürcüstan parlamentinin “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya isə Rusiya Prezidentinin həmin fərmanını şərh edərkən bildirib ki, bu gün dünyada özünə hörmət edən heç bir dövlət Rusiya ilə əməkdaşlıq etmir. O, sonra istehza ilə aşağıdakı “tikanlı” sözləri deyib: “Əhsən! Səbirsizliklə larinin (milli valyutanın-red) rublla əvəz olunması xəbərini gözləyirəm. Bizi artıq heç bir şeylə təəccübləndirə bilməzsiniz”.
Xatırladaq ki, bu ilin yanvarında hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstan ilə Rusiya arasında birbaşa aviaəlaqələrin bərpa olunmasının mümkünlüyü barədə bəyanat verərkən, ABŞ və Avropa İttifaqı (Aİ) rəsmiləri bundan narahat olduqlarını bildirmiş, belə bir “yanlış addım” atılarsa, rəsmi Tbilisiyə sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdilər.
Bu məlumat Gürcüstanla bərabər, Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna rəhbərliyini də qeyzləndirmişdi. Bu ölkənin Xarici İşlər Nazirliyi bunu Rusiyanın “gürcü xalqına qarşı cəzasız qalan cinayətlərinin və ölkə ərazilərinin bir hissəsinin işğalı fonunda “təzim mübadiləsi” adlandırmışdı.
İki gün əvvəl isə Gürcüstanın altı aparıcı müxalifət partiyası hakim “Gürcü arzusu”nun xarici siyasət xəttini kəskin pisləyən birgə bəyanat qəbul ediblər. Yeri gəlmişkən, mətndə “Gürcü arzusu” partiyası qəsdən “Rusiya arzusu” adlandırılıb.
Sənəddə deyilir ki, bəyanatı imzalayan altı aparıcı müxalifət partiyası hazırkı rejimin demokratik yolla dəyişdirilməsi üçün əlindən gələni edəcək. Əks təqdirdə, ölkəni beynəlxalq aləmdən təcrid və suverenliyin itirilməsi təhlükəsi gözləyir. Müxalifət hesab edir ki, “Gürcü arzusu” xalqın Avropaya və Avroatlantikaya inteqrasiya olunmaq arzularını zərbə altına qoyub.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə tamamilə başqa cür düşünür. O, əmindir ki, hökumət ölkəni ayaqda qalmaq, xalqın rifahını təmin etmək üçün bütün qonşularla, eləcə də Rusiya ilə sıx iqtisadi əlaqələrini bərpa etməli və bunu genişləndirməlidir. Baş nazirin fikrincə, Gürcüstanın milli maraqları başçılıq etdiyi hökumətdən praqmatik siyasət yürütməyi tələb edir və xalqdan mandat alan hökumət bunu edir.
İ.Qaribaşvili jurnalistlərə müsahibəsində Gürcüstan hakimiyyətindən “demokratik dəyərlərə sədaqət” tələb edən Qərbin rəsmi Tbilisiyə münasibətdə yürütdüyü siyasəti “riyakar” adlandırıb: “Qərb Gürcüstana qarşı siyasətində 2008-ci ildə necə olubsa, bu gün də həmin xətti davam etdirir. Rusiya-Gürcüstan müharibəsindən 15 il ötməsinə baxmayaraq hələ də Aİ tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq olunmayıb”.
Gürcüstan hökumətinin başçısı soruşur ki, son on ildə Aİ Rusiyadan 2,5 trilyon dollarlıq mal alıb. Təkcə ötən il Avropa Rusiyadan 300 milyard dollar həcmində enerji məhsulları idxal edib. Baş nazir sonra deyib: “Ukraynada müharibə başlayıb, orada çətinliklər yaranıb, bizi də bu münaqişəyə cəlb etmək, şəhərlərimizi bombalamaq, torpaqlarımızı ağır döyüş meydanına çevirmək istəyirlər. Mən qərbli dostlarımda görüşən zaman deyirəm ki, siz bizdən Rusiya ilə ticarəti dayandırmağı tələb edirsiniz. Amma, özünüz bunu etmirsiniz. Bu nə məntiqdir?!”
Bəli, Gürcüstanın ictimai-siyasi həyatında qütbləşmə güclənib. Xüsusilə M.Saakaşvilinin həbsdən azad edilməməsi ilə bağlı kəskin fikir ayrılıqları mövcuddur. Bütün bunlar ölkənin gələcəyi ilə bağlı iki yoldan – balanslı, praqmatik, yaxud qərbpərəst siyasətdən birini seçməyi zəruri edir. Nə qədər ki, Gürcüstan bu dilemmanı həll etməyib, cəmiyyətdə qütbləşmə və narazılıqlar davam edəcək.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

