Bu gün ABŞ-da ehtimal olunan defolt riski ilə bağlı narahatlıqlar səngimir. Mütəxəssislər tərəfindən qısamüddətli və uzunmüddətli defoltun fəsadlarının fərqli olacağı deyilir. Ağ Evin saytında yerləşdirilən materialda da qısamüddətli defoltun ölkə iqtisadiyyatına az təsirlə ötüşəcəyi bildirilir. Uzunmüddətli defolta gəldikdə isə, bu prosesin reallaşacağı halda onun fəsadlarının kifayət qədər ağır olacağı vurğulanır. Belə ki, iqtisadiyyatı çökdürəcək bu cür təhlükəli proses nəticəsində 8 milyon insanın işini itirəcəyi, işsizliyin 5 faiz artacağı və ÜDM-in illik müqayisədə 6,1 faiz azalacağı göstərilir.
ABŞ Prezidenti Cozef Bayden ehtimal olunan bu prosesin ölkə iqtisadiyyatı üçün dağıdıcı ola biləcəyini vurğulayıb. O, milli borc tavanının artırılması ilə bağlı danışıqların uğursuz olacağı təqdirdə, potensial defoltun ölkə iqtisadiyyatı üçün ağır nəticələrlə müşahidə ediləcəyini söyləyib.
Ağ Ev rəhbəri, həmçinin respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının lideri Kevin Makkartinin bununla bağlı narahatlığını anladığını da diqqətə çatdırıb. Elə buna görə də Prezident defoltun qarşısını almaq üçün milli borc tavanının qısa müddətə artırılmasının mümkünlüyünü istisna etməyib. Eyni zamanda, Bayden defoltla bağlı üzləşiləcək vəziyyətə baxmayaraq, o, hələ də mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində iştirak etmək niyyətində olduğunu bildirib. Bu məqamda qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ Senatının Respublikaçılar Partiyasından olan 43 nəfərlik qrup Vaşinqton administrasiyasını dövlət xərclərini azaltmasa, borc tavanının artırılması ilə bağlı razılığa gəlməyəcəklərini deyib.
Onu da deyək ki, ABŞ prezidenti administrasiyası bu yaxınlarda Konqresi qanuni olaraq 31,4 trilyon dollar səviyyəsində müəyyənləşdirilmiş milli borc tavanını artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası isə ənənəvi olaraq borc limitinin artırılmasına şübhə ilə yanaşıb və dövlət xərclərinin azaldılmasının tərəfdarı olduğunu bildirib. Cari ilin yanvar ayında ABŞ Maliyyə Nazirliyi tərəfindən defoltdan qaçmaq üçün borclanma limiti ilə bağlı fövqəladə tədbirlərin tətbiqinə başlanılıb.
Yeri gəlmişkən, ilk dəfə 1917-ci ildə Konqres tərəfindən qəbul edilən tavan, ölkənin borcunun müəyyən bir səviyyəsinə və ya müəyyən bir tarixə çatdıqdan sonra, xəzinədarlığın dövlət fəaliyyətini maliyyələşdirmək üçün yeni dövlət istiqrazları buraxmasına mane olur. Limitin keçilməsi isə o deməkdir ki, federal hökumətin bir çox adi büdcə ödənişlərini reallaşdırmaq, o cümlədən müxtəlif sosial xərcləri ödəmək imkanları təhlükə altındadır. Bundan əlavə, dövlətin borcları və artıq qəbul edilmiş öhdəliklər üzrə faizləri ödəmək qabiliyyəti ciddi şəkildə pozula bilər.
Qeyd edək ki, defolt borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsidir. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranı səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır. Defoltun texniki, korporativ, suveren kimi növləri fərqləndirilir.
Beləliklə, ABŞ hökuməti defoltdan yayınmaq üçün ənənəvi üsula əl ataraq borc limiti tavanının növbəti dəfə yüksəldilməsi təklifi ilə çıxış edir. Maliyyə Nazirliyi bəyan edir ki, borclanma limitləri genişləndirilməsə, ölkənin dövlət borc limitini yay aylarında genişləndirməsi mümkünsüz ola bilər. Anons edilir ki, qanunverici hakimiyyət bəhs olunan tavanı artırmayacağı təqdirdə hökumət digər öhdəliklərini də yerinə yetirmək imkanından məhrum qalacaq. ABŞ prezidenti C. Bayden bildirib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb. Dövlət başçısı ABŞ-ın defoltunun fəlakət olacağını söyləyib. Bayden hesab edir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Konqres heç bir şərt olmadan dövlət borcunun tavanının artırılmasını təsdiq etməlidir.
Bu narahatlıq doğuran məsələ ilə bağlı ABŞ-ın maliyyə naziri Janet Yellen isə mediaya müsahibəsində “ABŞ Xəzinədarlığının defolt olmasının mümkün vaxtı, o cümlədən əvvəllər elan edilmiş iyunun 1-i ilə bağlı tarix qeyri-müəyyən olaraq qalır”, – deyib. O, eyni zamanda, iyunun əvvəlində pulun tükənəcəyinin də proqnozlaşdırıldığını, bunun iyunun 1-də baş verməsi ehtimalının mövcudluğunu diqqətə çatdırıb.
Bir sözlə, ABŞ-da gözlənilən defolt riski xarici borc öhdəliyi limitinin keçilməsi ilə bağlıdır. Ölkədə xarici borc öhdəliyi limitinin cari ilin yanvarında keçildiyi bildirilir. Artıq ölkənin xarici borcu 31,4 milyard dollardan çoxdur ki, bu da “qırmızı xətt” sayılır. Həmçinin dövlət büdcəsinin kəsiri də artmaqda davam edir. Büdcə kəsirinin 2024-cü ildən 2033-cü ilə qədər ildə təxminən 2 trilyon dollar olacağı proqnozlaşdırılır. Bildirilir ki, kəsir 2033-cü ilə qədər 2,851 trilyon dollara və ya ÜDM-in 7,3 faizə çatacaq.
Ekspertlərin məlumatlarına görə, 2023-cü maliyyə ili üçün büdcə kəsiri 1,410 trilyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin göstəricilərini üstələyir. Boşluq ABŞ prezidenti Cozef Baydenin tələbə borclarını silmək planlarına görə genişlənib. Daha əvvəl “American Greatness” yazıb ki, indiyə qədər 31,5 trilyon dolları keçmiş ABŞ dövlət borcunun artan həcmi yaxın gələcəkdə ölkənin federal büdcəsinin tamamilə çökməsinə səbəb ola bilər.
Ekspertlərin sözlərinə görə, dünyanın supergüc dövləti sayılan ABŞ-ın defolt təhlükəsi ilə üzləşməsini ilk baxışda təsəvvür etmək belə çətindir. Ancaq ölkənin iqtisadi potensialı hər nə qədər güclü olsa da, burada defoltu şərtləndirən şərait yaranıb. Bununla bağlı ABŞ-dan gələn xəbərlərdə, hətta ölkənin ehtimal olunan defoltla üzləşəcəyi tarix də açıqlanır. Bunun cəmi bir neçə aydan sonra - 2023-cü ilin iyul-sentyabr aylarında baş verə biləcəyi əsaslandırılır.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ öz tarixində ilk dəfə real defolt riski ilə 2021-ci ilin payızında üzləşib. Həmin dövrdə Konqresin Nümayəndələr Palatası hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-nə səs çoxluğu ilə).
Bu və digər tədbirlər ABŞ-ın öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan yaradıb. Ümumiyyətlə, ABŞ Konqresi 1960-cı ildən bəri 78 dəfə borc limitinin götürülməsinə dair qanun layihələri qəbul edib. Sonuncu belə hal 2019-cu ildə baş verib. Ən dramatik vəziyyətlərdən biri isə 2011-ci ildə yaranıb və “Standard&Poors” reytinq agentliyi tarixdə ilk dəfə ABŞ-ın kredit reytinqini aşağı salıb.
“Xalq qəzeti”

