Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir

post-img

Məlum olduğu kimi, bu gün qardaş Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilir. Bu, ölkənin həyatında dərin iz qoyacaq mühüm siyasi kampaniyadır. 

Qeyd edək ki, Türkiyə əra­zisində 191 mindən çox seçki qutusu qurulacaq. Ölkə daxilin­də 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyo­na yaxını ilk dəfə səs verənlərdir.

Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edə­cək. Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olu­nacağını bildirib.

Xarici ölkələrdə yaşayan Tür­kiyə vətəndaşları aprelin 27-dən mayın 9-dək öz seçimini edib. Ölkə xaricində qeydiyyatdan keçən 3,4 milyon seçicinin 1,7 milyondan çoxu səs verib. Gömrük məntəqələrində isə səsvermə sabah saat 17:00-da başa çatacaq. Ekspertlərin fikrincə, Türkiyə­dən kənarda yaşayan vətəndaşların əksəriyyəti hakim Ədalət və İnkişaf Partiyasını və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir. Məhz onların səsi prezident seçkilərində həlledici rol oynaya bilər.

Dövlət başçısı postu uğrunda üç na­mizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiya­sının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır­lar. Dördüncü namizəd - Məmləkət Partiyasının sədri Muharrem İncə seç­kilərə üç gün qalmış na­mizədliyini geri götürüb.

Əgər prezident seç­kilərinin ilk turunda na­mizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Xatırladaq ki, 2018-ci ildə keçirilən seç­kilərdə 52,6 faiz səslə Rə­cəb Tayyib Ərdoğan qalib gəlmişdi.

Mayın 14-də, həmçinin Türkiyə Bö­yük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iş­tirak edir.

 

“Xalq qəzeti”

Son xəbərlər