Prezident İlham Əliyevin səfəri Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin yeni mərhələsinin başladığını təsdiqləyir

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri, orada keçirilən tədbirlər iki ölkə arasında münasibətlərin inkişafının mühüm göstəricilərindəndir. Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələr uzun illər əvvələ - hələ keçmiş Sovet İttifaqının və Yuqoslaviyanın mövcud olduğu vaxtlara təsadüf edir. Belə ki, o vaxt -1972-ci ildə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanıb və o zamandan bəri bu iki şəhər qardaş şəhərlər hesab olunur. Bu, ölkələrimiz arasındakı əlaqələrin hansı köklərə malik olduğunu göstərir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri deyib: “Səfər çərçivəsində səsləndirilən fikirlərdən, verilən bəyanatlardan görünür ki, görüşlərdə məqsəd həm ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həm də beynəlxalq məsələləri, o cümlədən təhlükəsizlik məsələlərini müzakirə etmək olub. Azərbaycan bütün ölkələrlə dostluq və humanizm prinsiplərinə, qarşılıqlı fayda verən maraqlara əsaslanan münasibətlər qurur. Təcrübə göstərir ki, bu, ən optimal və müasir dövr üçün ən düzgün yoldur. Azərbaycan çətin günün dostudur. Ölkəmiz 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında, eləcə də COVID-19-a qarşı mübarizədə maddi və humanitar dəstək göstərib, humanitar xarakterli bir sıra layihələr həyata keçirib, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzləri təmir etdirib”.

Ölkələrimiz arasında əlaqələrə nəzər salan H.Hüseynova qeyd edib ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birini dəstəkləyib və bu, bu gün də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də bununla bağlı dediyi kimi: “Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq”. Əlbəttə ki, Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı onun maraqlarını birmənalı şəkildə dəstəkləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başladığını təsdiqləyir. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, keçirilən görüş və müzakirələrin əhatəliliyi hər iki ölkə üçün yeni imkanlar açır. Azərbaycan ilə Bosniya və Herseqovinanın arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək əməkdaşlığımızın inkişaf istiqamətlərini göstərir.

İqtisadi sahədə daha məqsədyönlü layihələrin həyata keçirilməsi, işlərin görülməsi üçün Birgə İqtisadi Komissiyanın, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması qərarı qısa müddət ərzində bu istiqamətdə praktiki addımların atılmasına hesablanıb.

Deputat əlavə edib ki, bu səfər həm də energetika sahəsində çox geniş imkanlar yaradır. Cənub Qaz Dəhlizinin şaxələndirilməsi ilə bağlı planlar hər iki ölkənin, xüsusilə Bosniya və Herseqovinanın maraqlarına uyğundur.

“Həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar mövcuddur və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir.

Hər iki ölkənin minalardan əziyyət çəkdiyini deyən H.Hüseynova bildirib ki, bu amil də ölkələrimizin belə məsələlərdə əməkdaşlığını zəruri edir.

H.Hüseynova vurğulayıb ki, Azərbaycan-Bosniya və Herseqovina əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlətimizin başçısı İlham Əliyevin mahir siyasi idarəetməsi, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, artıq dünyada nüfuz sahibidir.

Siyasət