"Dumanlı hava şəraitində azan və Ermənistan ərazisinə keçmiş əsgərlərimizə edilmiş işgəncələrə dair yayılan görüntülər hər birimizi narahat edir. Bununla biz bir daha şahid olduq ki, Ermənistan üçün beynəlxalq hüquq prinsiplərini pozmaq, insan haqqları deyilən məhfumu gözardı etmək adi hala çevrilib".
Bu fikirləri “Beynəlxalq Hüquq Sahəsində Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyinin sədri Səftər Rəhimli bildirib.
O deyib ki, dünyanın qabaqcıl hüquq ekspertləri, beynəlxalq hüququ və insan haqqlarını təmsil edən təşkilatlar buna laqeyd qalmamalıdır:
“Bu gün görürük ki, beynəlxalq qurumlar hadisəni susqunluqla qarşılayırlar. Beynəlxalq qurumların ikili standart mövqeyi insan haqları dəyərlərinə tamamilə ziddir. Belə məqamlarda konkret mövqe bildirmək lazımdır. Yadınızdadırsa, Ermənistan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı müxtəlif iriçaplı silahlardan, reaktiv raketlərdən atəş açaraq müharibə cinayətləri törətmişdi. Hələ də erməni terror dövlərinin bu davranışlarına beynəlxalq hüquqi qiymət verilməyib”.
S. Rəhimli, həmçinin vurğulayıb ki, beynəlxalq hüquq təşkilatlarını 1949-cu ildə qəbul edilən Çenevrə Konvensiyasının tələblərinə əhəmiyyət verməyən Ermənistanı ciddi cəzalandırmalarını tələb edirlər.
Anar Əli,
"Xalq qəzeti"