Qərbi Azərbaycan nə vaxt və necə erməniləşdirilib?

post-img

Azərbaycan Respublikasının ərazisi bu gün dövlətimizin hökm etdiyi, dövlət sərhədlərimizin tanındığı, bayrağımızın hər qarışında dalğalandığı ölkəmizdir. Lakin var dövlət ərazimiz, biri də var tarixi ərazilərimiz. Tarixi ərazilərimiz mövcud Azərbaycan Respublikasından çox böyükdür. Bir vaxtlar vahid orqanizm kimi bütöv Vətən olan bu ərazilər tarixin amansız siyasi təlatümləri ilə qarşılaşdıqdan sonra əhəmiyyətli dərəcədə kiçildi, parçalandı və bir-birindən aralı düşdü. Tarixi Azərbaycanın önəmli hissələrindən biri də onun qərbidir, hansıki hazırda üzərində Ermənistan Respublikası elan edilmiş, tamamilə yad bir etnosun torpağına çevrilmişdir.  Azərbaycan tarixinin unudulmaz bir parçası olan Qərbi Azərbaycan mahallarında  Dədə Qorqud nəfəsi, sözü, kəlamı var, onun igidlərə ad verməsi, qan yatırması, el ağsaqqalı, müdriki kimi fəalliyyətinin tarixçəsi mövcuddur. Bundan əlavə, Koroğlu bu torpaqlarda ad qoyub, düşmənlə cəng edib, aşıq ədəbiyyatımızın sərvəri sayılan Dədə Ələsgər məhz Qərbi Azərbaycanda, onun misilsiz gözəllikləri, havası, suyu ilə gözoxşayan Göyçə mahalından meydana çıxıb. Bu torpaqlarda Şah İsmayılın dini dünyagörüşünə öndərlik edənlərdən Miskin Abdal kimi şərəfli mürşidlər elm-irfan yayıblar. Burada Şah İsmayılın bölgəyə hakim təyin etdiyi Rəvan xanın şərəfinə adlandırılmış İrəvanda Rəvan xanın zəhməti, şöhrəti vardır. Azərbaycanın bəlkə də ilk ictihad edən din alimlərindən Axund Fazil İrəvaninin külliyyatı məhz bu torpaqlarda yazılmışdır. Bunu necə danmaq, bu böyüklükdə irsin üzərindən necə sükutla keçmək olar ? Deməli qərbimiz də, şərqimiz də yaxınlara qədər birlik və bərabərlik içində yaşamışdır. İndi ayrı düşsə də, qərbimizlə şərqimizin qovuşacağı gün uzaqdan deyil.  Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edən bu ərazilərimiz dövlətimizin, dövlət başçımızın da diqqət mərkəzindədir, prioritetləri sırasındadır. 

 Bütün tarixi kameral təsvirlərdə bu ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edir. Amma XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək getdikcə ermənıləşdırilmişdir. 

 Bu baxımdan, tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bu məsələyə xüsusilə toxunub: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

 1828-ci ildən, Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra müqavilənin şərtlərindən biri kimi, İrandan imperiya sərhədlərinə qatılmış ərazilərdəki demoqrafik vəziyyəti dəyişmək üçün İrəvan və Qarabağ xanlıqlarının mövcud sərhədləri içinə köçürülən ermənilər XIX əsrin 60-70-ci illərindən başlayaraq azərbaycanlılara qarşı analoji siyasətin əsasını qoydular. Uzun müddət ərzində tətbiq edilən həmin siyasətə dövlət müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə gələn xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iradəsi ilə hüquqi-siyasi qiymət verildi. Ulu Öndər bu ruhda 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanları imzalandı. Bu fərmanlardan irəli gələn müddəalar bir sıra elm adamları qarşısında yeni vəzifələr qoydu, bu mövzuda yeni-yeni təqdqiqatların aparılmasına stimul verdi.

Bəs necə oldu ki, azərbaycanlıların özbəöz torpaqlarından olan  İrəvan və ətraf mahalları erməniləşdirildi ?

Bildiyimiz kimi, Türkmənçay müqaviləsinin imzalanmasından sonra polkovnik Lazarev ermənilərin köçürülməsi işinin ona tapşırılması ilə əlaqədar olaraq 1828-ci il fevral ayının 14-də Paskevicin qarşısında vəsadət qaldırdı. Onun fikrincə, ermənilər müharibənin gedişində Rusiyanın qələbəsi üçün əllərindən gələni etmişdilər və buna görə də onların Rusiyada yaşamaq arzusuna diqqətlə yanaşılmalı idi. İran ərazisində yaşayan ermənilərin sürətlə Rusiyaya köçürülməsinin təşkili üçün polkovnik Lazarev aşağıdakıları təklif edirdi:

1) köçürülmə işlərinə rəhbərlik etmək üçün Paskeviç tərəfindən ona yazılı sərəncam verilsin və bu sərəncamda köçənlər ücün nəzərdə tutulan güzəştlər də öz əksini tapsın; 2) köçürmə işlərinə rəhbərlik üçün qərargah yaradılsın və həmin qərargahda işləyə biləcək kadrların seçilməsi ona həvalə edilsin; 3) iqlim şəraitinə görə köçürülmə işləri ləngiyən yerləri rus ordusu tərk etməsin və köçənlər rus bölmələri tərəfindən müşayiət olunsun; 4) köçkünlər içərisində maddi imkanları zəif olanlara dövlət xəzinəsindən vəsait ayrılsın.

1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ərazisindən yeni bir inzibati mərkəz-erməni vilayəti təşkil edildi. Bunun təşkili ilə azərbaycanlıların öz doğma torpaqlarında sıxışdırılması prosesi müntəzəm xarakter aldı. Hansı ki, erməni vilayəti təşkil edilən zaman həmin ərazidə olan 752 yaşayış məntəqəsindən 62-si erməni kəndi idi. Paskeviçin Qafqaz rus ordusuna baş komandan təyin edilməsi və onun bacısı oğlu A. Qriboyedovun da Rusiya Xarici İşlər Nazirliyinin bölmələrindən birinə başçılığı bu prosesi daha da sürətləndirdi.

Hələ bu müqavilə bağlanmazdan əvvəl belə ermənilərin Arazdan şimala köçürülməsi artıq qəti bir fikir kimi formalaşmışdı. Rusiya dövləti tərəfindən İrana qarşı irəli sürülməsi planlaşdırılan strateji əhəmiyyətli tələblərdən biri də İranda yaşayan ermənilərin Şimali Azərbaycan ərazisinə buraxılması idi. Rusiya tərəfindən danışıqlarda iştirak edən nümayəndələr də belə bir məsələni həll etməli idilər. Erməni tarixçiləri həmin məsələnin İran tərəfinə qəbul etdirilməsində A.S.Qriboyedovun geniş fəaliyyət göstərdiyini yazırdılar.

Polkovnik Lazarev İran ərazisində yaşayan xristianların Şimali Azərbaycan xanlıqları ərazisinə köçürülməsinin nəticələri haqqında general Paskeviçə yazdığı 24 dekabr 1829-cu il tarixli hesabatında göstərirdi ki, köçürmə işləri 26 fevral 1828-ci ildə başlanmış və iyunun 11-də başa çatmışdır. Bu müddət ərzində 8249 xristian ailəsi (onlardan cəmi 100-ü aysor ailəsi olmuşdu, qalanları isə erməni ailələri idi) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür. Köçürmə işlərinə xəzinədən 16 min qızıl pul və 400 gümüş pul xərclənmişdi. Guya köçmək istəyən 1500 erməni ailəsi isə İranda qalmışdı və onların köçürülməsinə imkan tapılmamışdı.

Ermənilərin əsas hissəsi azərbaycanlı ailələrin sıxışdırılması, onların adi hüquqlarının tapdalanması hesabına məskunlaşdırılırdı. Azərbaycanlı əhalinin yüksək vergilər altında əzildiyi halda, İrandan gətirilən ermənilər ən yaxşı torpaqlarda yerləşdirilirdi. Bundan başqa, onların bəzən qarışıq yerləşdirilməsi iki tərəf arasında toqquşmalara da səbəb olurdu.

İran ərazisindən köçürülən ermənilərin Şimali Azərbaycan ərazisində yerləşdirilməsi İrəvan, Naxçıvan və Qarabağda əhalinin etnik tərkibini dəyişdirə bilmişdi. Bu əyalətlərdə gəlmə ermənilərin artımı və yerli azərbaycanlıların çar təzyiqinə davam gətirməyərək İran və Turkiyə ərazilərinə köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin xeyrinə idi. Məsələn, erməni vilayətində Türkmənçay müqaviləsinə qədər 22500 erməni yaşayırdısa, sonrakı iki il ərzində onların sayı az qala üç dəfə artdı və 64450 nəfərə çatdırıldı. Naxçıvan əyalətində ermənilərin sayı 2150 nəfərdən 13771 nəfərə, Ordubad dairəsində isə 1880 nəfərdən 3389 nəfərə çatdırıldı.

Rus tarixçisi İ.Şopenin verdiyi məlumata görə, bütünlükdə İran ərazisindən erməni vilayətinə 6949 ailə və ya 35560 nəfər köcürülmüşdü. Erməni vilayəti təşkil edilərkən onun əhalisinin 81749 nəfərini (16078 ailə) azərbaycanlılar təşkil edirdilərsə, ermənilər cəmi 25131 nəfər (4428 ailə) təşkil edirdilər. İrandan ermənilərin köçürülməsi nəticəsində isə onların sayı 60691 nəfərə (11377 ailəyə) çatmışdı. Bununla da, ermənilərin sayı 24 faizdən 43 faizə çatdırılmışdı.

Bütünlükdə Türkmənçay sülh müqaviləsindən sonra İran ərazisindən Şimali Azərbaycan ərazisinə 6976 ailə və ya 35560 nəfər miqrasiya etmişdi. Həmin miqrantlardan 2557 ailə Naxçıvan əyalətinə göndərilmişdi. Onlardan da 416 ailə şəhərlərdə, 1869 ailə isə kəndlərdə məskunlaşdırılmışdı. Yalnız Ordubadın özünə 266 ailə gətirilmişdi. Qarabağ xanlığı ərazisində 3000 ailə və ya 15 min erməni yerləşdirilmişdi. İrəvan xanlığı ərazisində isə 1395 erməni ailəsi yerləşdirilmişdi.

Hətta V.A.Parsamyan açıq şəkildə etiraf edərək yazırdı: “Rusiyaya birləşənə qədər Şərqi Ermənistanın 160 min 195 nəfər əhalisinin 56.305 nəfəri, yaxud 33,8 faizi erməni, 84089 nəfəri, yaxud 49,7 faizi müsəlman, 26911 nəfəri, yaxud 16 faizi kürd və 850 nəfəri, yaxud 0,5 faizi kənar millətlər olmuşdur. Parsamyanın rəqəmləri, şübhəsiz ki, şişirdilmiş olsa da, yenə də ermənilərin yerli əhalidən az olması diqqət çəkir”. 

Beləliklə, tarixdə saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. Daşnak ermənilərin planında türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından qovmaq əsas məsələ olub. Ermənilər bu işə əvvəlcə mənəvi təxribatdan başlayıb. Yer-yurd adlarımızın, toponimlərimizin adlarının erməniləşdirilməsi bu məkrli siyasətin tərkib hissəsidir. 

Bəli, Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə dediyi: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar” sözləri getdikdə öz hüquqi, siyasi qüvvəsini artıracaq,  bu torpaqlardan deportasiya olunan soydaşlarımıza qarşı atılmış tarixi ədalətsizlik öz həllini tapacaqdır.  

Anar TURAN,

“Xalq qəzeti”

 

Ekspert rəyi

Elza Orucova,

Qərbi Azərbaycan İcmasının

Qadınlar Şurasının üzvü

Qərbi Azərbaycan bizim ümummilli məsələmizdir. Bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Son 200 ildə köçürülən hay etnosu sayəsində bu torpaqlarda əhalimizin sayı süni şəkildə azaldıldı və xüsusilə XX əsrdə törədilən soyqırımı cinayətləri və deportasiya nəticəsində indi orada bir nəfər belə Azərbaycan türkü yaşamamaqdadır. Bu ərazidə tək İrəvan xanlığının yox, mənim də ata-baba yurdum olan Zəngəzurun taleyi həll olundu. 

Sovet imperiyasının xalqımıza qarşı cinayətlərindən biri də Zəngəzur mahalının Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi olmuşdur. Nəticədə, Türk dünyasının vahidliyinə xələl gəlmiş, Azərbaycan öz tarixi torpaqğı olan Naxçıvandan aralı düşmüşdür. Bundan əlavə, Dərələyəz, Vedibasar, Zəngibasar, Göyçə mahalları da Azərbaycandan qoparılaraq ermənilərə verilmiş və oranın yerli, aborigen sakinləri öz torpaqlarını tərk etmək məcburiyyətində qalmışlar. 

Əlbəttə, bu qəbuledilməzdir və Qərbi azərbaycanlılar onların torpaqlarında süni şəşkildə yaradılmış Ermənistan dövlətinin onların taleyində oynadığı mənfi rolu heç zaman unuda bilməzlər. Biz 44 günlük Vətən müharibəsində bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəni və qətiyyəti düşmən göstərərək Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik. 

Prezident İlham Əliyev əslən Qərbi Azərbaycandan olan ziyalılarımızla görüşündə Qərbi Azərbaycan İcmasının strateji yol xəritəsini müəyyənləşdirdi. Bu, azərbaycanlıların dinc yolla öz torpaqlarına qayıtmalarına nail olmaqdan ibarətdir. Çıxışda qarşıdakı dövrdə görüləcək işlər də müəyyənləşdirildi. Bunların arasında mövzunun daim gündəmdə saxlanılması, bu mövzuda kitabların, əsərlərin yazılması, yerli və  beynəlxalq elmi konfransların keçirilməsi və digər təbliğat məsələləri də daxil idi. 

Dünya ölkələrinin rəsmi dairələri və ictimaiyyəti  dövlət başçımızın dilindən indi Ermənistan adlandırılan Qərbi Azərbaycanda millətimizə aid olan ərazilərimiz haqqında əsl həqiqətləri eşitdilər və bu məsələnin diqqətdə saxlanması sayəsində gerçəklərimiz dünyaya daha tez çardırılacaqdır. Qərbi Azərbaycana qayıdış milli strateji prioritetimiz olmalıdır.

Əlbəttə, qalib dövlət başçımızın Qərbi Azərbaycan mövzusunun gündəmdə saxlanılmasına dair tövsiyyə və tapşırıqları, bölgənin etnotoponimikasının unudulmaması ilə bağlı çağırışı və tələbi hər bir soydaşımızın ürəyincə oldu. Biz müzəffər Ali Baş komandana inanırıq. İnanırıq ki, bizim Şuşa, Qarabağ, Şərqi Zəngəzur həsrətimizə son qoyan dövlət başçısı Qərbi Azərbaycan missiyamıza dahəyat verəcək.





Siyasət