AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

post-img

“Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi Forması”nın və “Milli arxiv fondu sənədlərindən istifadə Qaydası”nın təsdiq edilməsi və “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

   “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il   27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

   1. “Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi Forması” təsdiq edilsin (1 nömrəli əlavə).

   2. “Milli arxiv fondu sənədlərindən istifadə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

   3. “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 221; 2003, № 6, maddə 342; 2004, № 4, maddə; 2005, № 1, maddə 49, № 2, maddə 122; 2006,  № 2, maddə 185, № 10, maddə 903; 2010, № 3, maddə 263, № 12, maddə 1123; 2015, № 10, maddə 1223; 2016, № 9, maddə 1585; 2018, № 9, maddə 1949, № 12, maddə 2732) aşağıdakı dəyişikliklər edilsin:

   3.1. adından “, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının” sözləri çıxarılsın;

   3.2. 1-ci hissənin beşinci abzası ləğv edilsin.

                                                               Əli Əsədov

                                  Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,  14  fevral  2023-cü il

№  47

 

 

Azərbaycan Respublikası NazirlərKabinetinin
2023-cü il 14 fevral tarixli 47 nömrəli Qərarı ilə 
təsdiq edilmişdir.

 

   2 nömrəli əlavə

 

Milli arxiv fondu sənədlərindən istifadə

QAYDASI

 

1. Ümumi müddəalar

   1.1. Bu Qayda “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq hazırlanmışdır və Milli arxiv fondu sənədlərindən istifadə qaydasını müəyyən edir. 

   1.2. Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən bu Qayda ilə müəyyən olunmuş məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. 

   1.3. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə Milli arxiv fondu sənədlərindən istifadə edilməsinə məhdudiyyət yalnız dövlət, peşə, kommersiya, şəxsi və ailə sirrinin qorunması məqsədilə və ya şəxsi mülkiyyətdə olan arxiv sənədlərinin mülkiyyətçisinin qərarına əsasən tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə riayət etməklə, Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən beynəlxalq müqavilələr əsasında istifadə edə bilərlər.  

 

2. Milli arxiv fondu sənədlərindən istifadə

   2.1. Milli arxiv fondu sənədlərindən dövlətin və cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsi, ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni, habelə vətəndaşların hüquqi və qanuni maraqlarının təmin edilməsi məqsədilə aşağıdakı formalarda istifadə edilir: 

   2.1.1. hüquqi və fiziki şəxslərin müraciətləri və ya arxivin öz təşəbbüsü ilə arxiv sənədləri əsasında məlumatların verilməsi;

   2.1.2. Milli arxiv fondu sənədlərinin dövlət arxiv xidməti təşkilatının oxu (qiraət) zallarında elmi-tədqiqat məqsədilə istifadəçilərə verilməsi;

   2.1.3. Milli arxiv fondu sənədlərinin sərgilərdə və muzeylərdə nümayiş etdirilməsi;

   2.1.4. Milli arxiv fondu sənədlərindən mediada istifadə edilməsi;

   2.1.5. Milli arxiv fondu sənədlərindən istifadə etməklə, maarifləndirici tədbirlərin keçirilməsi;

   2.1.6. Milli arxiv fondu sənədləri əsasında elmi nəşrlərin, sənəd külliyyatlarının hazırlanması;

   2.1.7. Milli arxiv fondu sənədlərinin müvəqqəti istifadəyə verilməsi.

 

3. Hüquqi və fiziki şəxslərin müraciətləri və ya arxivin öz təşəbbüsü ilə arxiv sənədləri əsasında məlumatın verilməsi

   3.1. Hüquqi və fiziki şəxslərin öz fəaliyyətlərinin icrası, habelə hüquqi və qanuni maraqlarının qorunması ilə bağlı arxiv məlumatının verilməsinə dair müraciətlərində tələb olunan məsələ, mövzu, hadisə, fakt qeyd olunur. Hüquqi şəxslərə müvafiq məsələ, mövzu, hadisə, fakt barədə toplanmış arxiv materialları əsasında hazırlanmış məlumat məktubu, sənədlərin siyahıları, onların surətləri, çıxarışları, fiziki şəxslərə müraciətin mətninə uyğun olaraq arxiv arayışı, arxiv sənədinin çıxarışı və ya surətləri verilir.

   3.2. Arxiv arayışının, arxiv sənədindən çıxarışın mətn hissəsinin sonunda həmin sənədin verilməsinə əsas olan Milli arxiv fondu sənədlərinin arxiv qeydiyyatı göstəriciləri (istifadə edilmiş arxiv fondunun, arxiv siyahısının, saxlama vahidinin və vərəqin nömrəsi), arxiv sənədinin orijinalının mətnində aydın yazılmamış, oxunması mümkün olmayan sözlər və müəllif tərəfindən sənədə edilmiş düzəlişlər barədə qeydlər edilir. Milli arxiv fondu sənədlərindən istifadə edilməklə tərtib olunmuş arxiv arayışı, arxiv sənədindən çıxarış və arxiv sənədinin surəti müvafiq səlahiyyətə malik vəzifəli şəxs tərəfindən imzalanır, qeydə alınır və dövlət gerbi əks olunmuş möhür vurulmaqla təsdiq edilir. 

   3.3. Fiziki şəxslərin müraciətləri məzmuna görə sosial-hüquq, mövzu və genealoji sorğulara bölünür. Sosial-hüquq xarakterli sorğular vətəndaşın hüquqi və qanuni mənafeyinin qorunması məqsədilə ona və ya vərəsəsinə verilən fərdi arxiv məlumatlarının (doğum, ölüm, təhsil, əmək stajı, əməkhaqqı, təltif, hərbi xidmət, məhkəmə işləri və sair barədə) məcmusudur. Mövzu üzrə sorğularda konkret tələb olunan məsələyə dair arxiv məlumatları, məlumat sənədi verilir. Genealoji sorğu iki və daha artıq şəxsin qohumluq əlaqələrinin, ailənin, nəslin tarixinin öyrənilməsi ilə bağlı edilən müraciətdir və arxiv arayışı, genealoji siyahı, genealoji cədvəl verilməklə icra edilir.

   3.4. Dövlət arxiv xidməti təşkilatı arxiv fondu sənədlərindən       öz təşəbbüsü ilə istifadə etməklə, ölkənin sosial-iqtisadi, mədəni inkişafına potensial təsir edə biləcək arxiv məlumatları haqqında aidiyyəti dövlət qurumlarına məlumatverici məktublar, arxiv sənədləri verməklə məlumatlandıra bilər. 

 

4. Milli arxiv fondu sənədlərinin dövlət arxiv xidməti

 təşkilatının oxu (qiraət) zallarında elmi-tədqiqat 

məqsədilə istifadəçilərə verilməsi

 

4.1. Mili arxiv fondu sənədlərindən istifadə etməklə, arxiv məlumatlarının toplanması, tədqiqatların aparılması və istifadəçiyə arxivin soraq-məlumat vasitələrindən istifadə etməklə informasiya xidmətlərinin göstərilməsi məqsədilə dövlət arxiv xidməti təşkilatlarında oxu (qiraət) zalları yaradılır. 

   4.2. Milli arxiv fondu sənədlərindən istifadə arxivin oxu (qiraət) zallarında hüquqi və fiziki şəxslərin müraciətləri əsasında həyata keçirilir. Elmi-tədqiqat məqsədləri üçün araşdırma aparan tədqiqatçılara, elm və təhsil müəssisələrinin elmi işçilərinə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələrə müvafiq qurumların rəsmi müraciət məktubları əsasında arxivin oxu (qiraət) zallarında tədqiq edilən mövzuya aid arxiv sənədlərindən və arxivin soraq-məlumat vasitələrindən istifadə etməyə icazə verilir. Müraciət məktubunda tədqiqatçının adı, soyadı, atasının adı, vəzifəsi, elmi dərəcəsi, tədqiqat mövzusunun adı, əhatə etdiyi dövr və tədqiqatın məqsədi qeyd olunur.

4.3. Tədqiqatçıya sifariş əsasında arxivin oxu (qiraət) zalında iş günü ərzində birdəfəlik istifadəyə müvafiq mövzuya aid 2000 (iki min) vərəq həcmində, yaxud 10 (on) saxlama vahidi arxiv sənədi verilir və iş gününün sonunda sənədlər arxivin oxu (qiraət) zalının məsul işçisinə geri qaytarılır. Tədqiqatçıya Milli arxiv fondu sənədlərindən istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıdığı izah edilir.

 

5. Milli arxiv fondu sənədlərinin sərgilərdə, 

muzeylərdə nümayiş etdirilməsi

            5.1. Dövlət arxiv xidməti təşkilatları vətəndaşların, cəmiyyətin və dövlətin keçmişlə bağlı informasiyaya olan tələbatının təmin edilməsi məqsədilə Milli arxiv fondu sənədlərindən istifadə etməklə aktual mövzular üzrə sərgilər təşkil edir. Sərgilərdə və muzeylərdə müəyyən olunmuş mövzu üzrə bədii cəhətdən tərtib edilmiş və istifadəsinə məhdudiyyət qoyulmayan arxiv fondu sənədləri və ya onların surətləri nümayiş etdirilir. Sərgi və muzeylərdə nümayiş üçün seçilmiş bütün arxiv sənədlərinə annotasiyalar hazırlanır.

            5.2. Dövlət arxiv xidməti təşkilatı müstəqil və ya digər təşkilatlarla birlikdə səyyar və stasionar sərgilər təşkil edə bilər. Beynəlxalq əməkdaşlıq çərçivəsində Milli arxiv fondu sənədlərini və kolleksiyalarını sərgilərdə nümayiş etdirmək məqsədilə onların xaricə müvəqqəti aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası”nın tələblərinə uyğun həyata keçirilir. 

 

6. Milli arxiv fondu sənədlərindən mediada istifadə edilməsi

            6.1. Milli arxiv fondu sənədlərindən media subyektləri tərəfindən media məhsullarının, həmçinin kinofilmlər üçün informasiya materiallarının hazırlanmasında istifadə edilir.

            6.2. Media üçün arxiv fondu sənədləri əsasında hazırlanan məlumatverici  materialların həcmi, səslənmə müddəti, hazırlanma vaxtı müvafiq qurumların redaksiyaları ilə razılaşdırılır. Kinofoto və fonovideo sənədlər üçün mövzunun əhəmiyyəti, dövlət arxiv xidməti təşkilatının texniki imkanları, sənədlərin fiziki vəziyyəti nəzərə alınır. 

          

7. Milli arxiv fondu sənədlərindən istifadə etməklə maarifləndirici tədbirlərin keçirilməsi

            Milli arxiv fondu sənədlərindən istifadə etməklə məlumatverici tədbirlər, təqdimatlar, açıq qapı günləri, ekskursiyalar, görüşlər, mühazirələr, oxucu konfransları, açıq dərslər keçirilir. Bu növ məlumatverici tədbirlərdə aktual mövzular üzrə arxiv sənədləri nümayiş etdirilir, onların məzmunu, tərkibi şərh olunur və sənədlərdəki məlumatlar əsasında hazırlanan məruzələr dinlənilir.

 

8. Milli arxiv fondu sənədləri əsasında elmi nəşrlərin,

sənəd külliyyatlarının hazırlanması

8.1. Milli arxiv fondu sənədləri əsasında elmi nəşrlərin, sənəd külliyyatlarının hazırlanmasına elmi, elmi-populyar, tədris məqsədilə aktual mövzular üzrə arxiv materiallarının seçilməsi, həmin materialların (elmi nəşrlərin, sənəd məcmuəsi, sənəd toplusu, xülasə) nəşr üçün hazırlanması və çap edilməsi aid edilir. 

8.2. Dövlət arxiv xidməti təşkilatı hüquqi və fiziki şəxslərin sifarişləri əsasında Milli arxiv fondu sənədlərindən istifadə etməklə elmi nəşrlər, sənəd topluları və digər məlumatverici materiallar hazırlaya bilər. Arxiv sənədlərinin nəşrə hazırlanması (aşkarlanması, seçilməsi, arxeoqrafik cəhətdən tərtibatı) tarixi sənədlərin nəşri qaydalarına uyğun aparılır.

8.3. Milli arxiv fondu  sənədlərindən istifadə etməklə hazırlanmış elmi əsərlərdə, sənəd nəşrlərində, məlumat kitablarında, kinofoto və fonovideo materiallarında istifadə edilmiş arxiv sənədlərinin mühafizə olunduğu dövlət arxiv xidməti təşkilatının adı, arxiv fondunun, arxiv siyahısının, saxlama vahidinin və vərəqin nömrəsi qeyd olunmaqla istinad edilməsi zəruridir. 

 

9. Milli arxiv fondu sənədlərinin müvəqqəti istifadəyə verilməsi

   9.1. Milli arxiv fondu sənədlərinin əsilləri texniki-istehsalat və mədəni-kütləvi tədbirlə bağlı zərurət olduqda, müvəqqəti istifadə üçün arxiv sənədlərinin mülkiyyətçisinə, habelə əməliyyat-axtarış fəaliyyəti üçün məhkəmə, prokurorluq, təhqiqat və istintaq orqanlarına verilir. 

   9.2. Milli arxiv fondu sənədlərinin müvəqqəti istifadəyə verilməsi müvafiq qurumun rəsmi müraciəti əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin razılığı ilə həyata keçirilir və təhvil-qəbul aktı ilə  rəsmiləşdirilir. 

   9.3. Sənədlər müvəqqəti istifadəyə 3 (üç) ay müddətinə verilir. Bu müddət istifadəçi qurumun əsaslandırılmış müraciəti, habelə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin razılığı olduğu halda daha 3 (üç) ay uzadıla bilər.

 

10. Yekun müddəalar

   10.1. Milli arxiv fonduna daxil edilən vətəndaşın şəxsi və ailə həyatına dair arxiv sənədlərindən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş hallarda istifadə edilir. Vətəndaşa məxsus şəxsi sənədlərin əsilləri (vətəndaşlıq vəziyyəti akt qeydləri (və ya onun surəti) və məhkəmə işləri istisna olmaqla) sahibinin ərizəsi və dövlət arxiv xidməti təşkilatının rəhbərinin razılığı ilə yalnız onun özünə və ya etibarnamə üzrə nümayəndəsinə, vəfat etmiş olduqda isə vərəsəsinə istifadəyə verilir.  

10.2. Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanun-vericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda icazə verilir.

10.3. Azərbaycan xalqının mədəni irs nümunələri hesab edilən Milli arxiv fondu sənədlərindən “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsi ilə müəyyən olunmuş məqsədlər üçün istifadə edilməsi qadağandır. Müəlliflik hüququnun obyekti olan Milli arxiv fondu sənədlərinin istifadəsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənir.  

   10.4. Dövlət arxiv xidməti təşkilatı istifadəçilərin sifarişi əsasında onlara məxfi və konfidensial məlumatlı sənədlər istisna olmaqla, digər arxiv fondu sənədlərinin müvafiq səlahiyyətə malik vəzifəli şəxs tərəfindən imzalanaraq gerbli möhürlə təsdiq edilmiş kserosurətlərini, fotosurətlərini, kinofoto sənədlərin pozitivlərini və arxiv sənədlərinin elektron surətlərini verə bilər.          

10.5. İstifadəçilərin sifarişləri əsasında Milli arxiv fondu sənədlərinin (o cümlədən kinofotofono və video sənədlərin) surətlərinin hazırlanması yalnız arxivə məxsus texniki vasitələrdən istifadə olunmaqla həyata keçirilir.

   10.6. Dövlət arxiv xidməti təşkilatı Milli arxiv fondu sənədlərinin fiziki xüsusiyyətləri, texniki və bakterioloji vəziyyəti istifadə üçün qənaətbəxş olmadıqda və ya sənədlər xidməti istifadədə olduqda, onları istifadəyə verməkdən imtina edə bilər.

   10.7. Dövlət arxiv xidməti təşkilatlarında hüquqi və fiziki şəxslər tərəfindən istifadə olunmuş Milli arxiv fondu sənədlərinin və həmin sənədlərin istifadəçilərinin qeydiyyatı aparılır. 

           

________________

       №-li nüsxə

Nazirlər kabinetinin qərarları