Küçə adları: “ad” var, açması da olsun !

post-img

Sevindiricidir ki, keçmiş sovet dövründən fərqli olaraq, bu gün küçələrimizə azərbaycanlı alimlərin, şairlərin, həm də şəhidlərin adları verilir. Bu, çox yaxşı haldır. Bəs, adı verilən şəxs barədə qısa da olsa, məlumatlandırma olsa daha yaxşı deyilmi ? Vətəndaşlarımız adı küçələrimizə verilən şəxsiyyətlərimizi, qəhrəmanlarımızı tanıyırlarmı ? Və yaxud gələcək nəsil onları yadda saxlayacaqmı ? 

         Deməli, şəhid qəhrəmanlarımızın adına küçələr verilir. Lakin lövhələrdə addan savayı heç nə yoxdur. Məsələn, Polad Həşimov küçəsi. Tutaq ki, Polad Həşimovu indi uşaqdan böyüyə qədər hər kəs tanıyır. Bəs 10 il,  20 il sonra hər kəs tanıyacaqmı ? Onun adından əvvəl general və yaxud şəhid general, milli qəhrəman yazılsa, daha uyğun olmazmı? O cümlədən, Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyev. Onun adına Quba şəhərində küçə var. Lakin eyni vəziyyətdir. Yalnız ad və soyad yazılıb. Bu gün Mehrab Niftəliyevi çoxumuz tanıyırıq. Çünki Vətən müharibəsindən cəmi 3 il keçib. Amma kim zəmanət verə bilər ki, 10 il sonra qəhrəmanımızı müəyyən kəsimdən başqa hər kəs tanıyacaq? Axı, bu insanlar millətin qəhrəmanlarıdır. Canlarını və qanlarını bizdən ötrü qurban veriblər. Millət də, cəmiyyət də bu azman igidləri tanımağa borcludur. Eyni vəziyyət digər şəhidlərimizə də aiddir. Hesab edirik ki, addan əvvəl şəhid sözünün, titulun yazılması mütləq vacib və əhəmiyyətlidir. Yeni nəsil bilməlidir ki, adına küçə verilən şəxs kimdir, nəçidir. Axı, belə nümunələrimiz az da olsa, var. Məsələn, Milli Qəhrəman Koroğlu Rəhimov küçəsi şəhərimizin önəmli hissələrindən birində yerləşir. Küçənin kənarında demək olar ki, hər kəsin görə biləcəyi yerdə qəhrəmanın büstü qoyulub, haqqında məlumat verilib. Birinci Qarabağ müharibəsinin şəhid qəhrəmanlarından olan Koroğlu Rəhimovu o küçədən yolu düşən hər kəs tanıyır. İki gün öncə İsmayıllıya səfərimiz əsnasında Cülyan kəndində olduq. Kəndin əsas küçəsi Vətən müharibəsi şəhidi Teymur Osmanlının adını daşıyır. Lövhədə eynilə belə yazılıb: Şəhid Teymur Osmanlı küçəsi. Nümunəvi deyilmi ? Olmazmı ki, bu ənənə bütün küçələrə şamil edilsin?  Elə alimlərimizə də. Alimlərimiz demişkən, keçmiş İnqilab, indiki Həsən Əliyev küçəsində də görmək istədiyimiz mənzərənin şahidi olduq. Şəhərimizin prospekti xatırladan bu önəmli küçəsində  görkəmli alimimiz haqqında qısa da olsa, məlumata rast gəldik. Lövhədə belə yazılıb: Akademik Həsən Əliyev küçəsi. Bəli, həm lakonik, həm də məzmunlu görünür. Ən azından, görkəmli coğrafiyaşünas alimimizin kimliyi, fəaliyyəti barədə küçədən hərəkət edənlərə məlumat aşılayır.

Bir haşiyə çıxım. 3-cü mikrorayonda Hüseynbala Əliyev küçəsi var. Bəzi binaların üzərində H. Əliyev yazılıb. Yadımdadır ki, çox adam qarışdırırdı. Bir çox insanlar elə bilirdilər ki, bu ümumilli lider Heydər Əliyevin adına olan küçədir. Bilənlər də bilməyənlərə izah edirdi ki, yox, bu İkinci Dünya Müharibəsi qəhrəmanı, təyyarəçi Hüseynbala Əliyevdir. 

Bir sıra məsələlərdə örnəklər götürdüyümüz qardaş Türkiyədə bu sahədə bağlı problem yoxdur. Küçə adlarının qarşısında qəhrəmanın adı, soyadı ilə yanaşı,  hansı mənsəb sahibi olması da aydın şəkildə yazılır. Hətta orada bu məsələ ideoloji təbliğat işinin bir hissəsi kimi qəbul edilir. Fikrimizcə, bizdə də bu düzəliş vətənpərvərlik və digər ideoloji məsələlərdə faydalı olar.  

Qeyd edək ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı, tarixçi və dilçi alimlər də daxil edilib. Bu komissiyanın fəaliyyəti əsasən ondan ibarətdir ki,  Bakı şəhərində küçə və prospektlərin vahid məlumat bazasının yaradılmalı, eyni adlı və adsız küçələr müəyyən edilməli, onların müvafiq standartlar və digər normativ hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanması təmin edilməlidir. 

Qaldırdığımız məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxladıq. 

Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasında nəqliyyat infrasturkturu (küçə, prospekt) obyektlərinə (NİO) adların, ünvanların verilməsi, onların adlarını göstərən lövhələrin quraşdırılması keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təyin olunmuş müvafiq standartlara uyğun qaydada aparılır.

Belə ki, həmin qaydaların 2.4-cü bəndində göstərilən müddəaya uyğun olaraq, NİO-nun adı ən çox 3 sözdən ibarət ola bilər. Bu qaydaları nəzərə alaraq, hər hansı şəxsin adı küçəyə veriləndə, onların lövhələri yerləşdirilərkən, bu qaydalar tətbiq edilir.

Əvvəlki dövrlərdə adı küçəyə verilmiş şəxsin adının qarşısında “Akademik”, “şəhid”, “professor” və s. kimi dəqiqləşdirilmə ifadələrində istifadə edildiyi misal olaraq göstərilə bilər. Ancaq beynəlxalq təcrübə əsasında tərtib olunmuş bu standartlar təkmilləşərək, Azərbaycan mənşəli adların 2 və daha artıq sözlərdən ibarət olduğu nəzərə alınmış və dəyişikliklər aidiyyəti üzrə tətbiq edilmişdir.

Belə anladıq ki, BŞİH-də yaradılmış komissiyanın əlində cəmləşmiş səlahiyyətlər imkan verəcək ki, vətəndaşların ürəyindən keçən bu haqlı təkliflərimizi yaxın gələcəkdə tətbiq etsinlər. 

 

Anar TURAN,

“Xalq qəzeti” 





Maraqlı