“Qardaşlıq ittifaqı”nın Azərbaycana qarşı “köçürülmə” xəyanəti

post-img

Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan təqib edilməsi, sıxışdırılıb çıxarılması açıq-gizli formalarda fasiləsiz olaraq davam etmişdir. Bu proses İkinci Dünya müharibəsindən sonrakı 1948–1953-cü illərdə SSRİ-də  dövlət siyasəti səviyyəsində amansızlıqla gerçəkləşdirilmişdir. Qərbi Azərbaycanın 100 min əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli həmin qərarı daşnakxislət A. Mikoyanın planı əsasında İ.Stalinin imzası ilə qəbul edilmişdi. 

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ermənilərin ərazi iddiaları daha kəskin forma almışdı. 1920-ci ilin axırlarında Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzusunda olduqları Zəngəzuru çox asanlıqla ələ keçirnişdilər. Hələ Xalq Cümhuriyyəti dövründə Zəngəzura çoxsaylı hərbi həmlələr edən ermənilər buna tam nail ola bilməmişdilər. Çünki həm yerli özünümüdafiə qüvvələri, həm də Cümhuriyyət ordusunun silahlı birləşmələri Zəngəzurun itirilməsinin qarşısını almağa çalışmışdı.

Lakin bolşeviklər hakimiyyətizorakı yolla ələ aldıqdan sonra milli ordu buraxılmış, yerli əhalidən isə silah-sursat müsadirə olunmuşdu. Zəngəzur isə Stalinin bir bəyanatı ilə Ermənistana bağıçşlanmışdı. Daşnak hakimiyyətinin davamçıları buununla kifayətlənməyib Qarabağ və Naxçıvana da göz dikmişdilər. O zamankı bolşevik rəhbərliyi Lenin başda olmaqla ermənilərin tərəfində idi. Həmin vaxt tarixi Azərbaycan torpağı olan Qarabağa və Naxçıvana erməni iddialarının qarşısını Nəriman  Nərimanov çətinliklə almışdı. 1922-ci ildə Nərimanov Moskvaya yüksək vəzifəyə aparıldıqdan sonra Dağlıq Qarabağ adlı muxtar vilayət yaradılmışdı. Ancaq ermənilərin Azərbaycana torpaq iddiası bununla da bitməmişdi və müxtəlif  hiylə və xəyanətlərlə davam etdirilmişdi.

II Dünya müharibəsi illərində ermənilərin torpaq iddiaları yeni məcraya qədəm qoymuşdu. 1943-cü ildə müttəfiq dövlələrtin Tehran konfransı zamanı İrandakı erməni diasporu yaranmış fürsətdən istifadə edərək SSRİ xarici işlər komissarı V. Molotovun vasitəsi ilə İ.Stalindən İranda yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsinə icazə verməyi xahiş etmişdi. 1945-ci ilin aprelində bütün dünya ermənilərinin ali patriarx-katalikosunun müavini Georgi Çeorokyan isə ərizə ilə İ. Stalinə müraciət edərək dünya ermənilərinin müqəddəs dini mərkəzi olan Eçmiadzin monastrının fəaliyyətinə icazə verilməsi və bununla bağlı tədbirlərin həyata keçirilməsi üçün razılıq istəmişdi. Onun məktubuna İ. Stalin aprelin 19-da öz dəsti-xətti ilə belə bir dərkənar qoymuşdu: “Razıyam. SSRİ Xalq Komissarları Sovetinin sədri İ. Stalin”. Şübhəsiz ki, burada da əsas məqsəd xristian-qriqorian kilsəsinin sıravi ermənilər üzərində təsirindən istifadə edərək, xaricdən gətirilən erməniləri Qərbi Azərbaycanda yerləşdirmək, say üstünlüyünü onların xeyrinə dəyişmək idi.

Beləliklə, 1945-ci ilin noyabrında heç bir əsaslı səbəb göstərilmədən Ermənistan K(b)P MK-nın birinci katibi Q.Arutyunov İ.Stalinə məktubla müraciət edir. O, bu  məktubunda Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirmək xahişini belə əsaslandırır ki, guya, Dağlıq Qarabağ Ermənistan iqtisadiyyatı ilə sıx bağlıdır. Həmin məktubu oxuyan Stalin onu Malenkova ünvanlayır. O, isə öz növbəsində cavab üçün Azərbaycan SSR rəhbərliyinə göndərir. 

O vaxt Azərbaycanda hakimiyyətdə olan MK-nın birinci katibi Mircəfər Bağırov 10 dekabr 1945-ci il 330 nömrəli məktubunda Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi G. Malenkova bildirir ki, Dağlıq Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır və lakin Şuşa istisna olmaqla ermənilərin bu istəyinə bir şərtlə razı olmaq olar: Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayır. Azərbaycanla həmsərhəd və tarixən ölkəmizin ayrılmaz hissəsi olan həmin ərazilər də Azərbaycan SSR-ə qaytarılsın. 

M. Bağırov, şübhəsiz ki, Zəngəzur, Göyçə, Dərələyəz, Borçalı və Dərbənd əyalətlərini nəzərdə tuturdu. Azərbaycan rəhbərliyinin prinsipial və haqlı arqumentindən sonra ermənilərin bu cəhdinin qarşısı alınmışdı. Lakin erməni başbilənləri öz məkrli niyyətlərini həyata keçirmək üçün başqa bir hiyləyə əl atdılar. Belə ki, “türksüz Ermənistan” yaratmaq planını hədəf götürən erməni hakim dairələri yaxşı anlayırdı ki, azərbaycanlıların kompakt yaşadığı rayonlarla bu planı həyata keçirmək mümkün olmayacaq. Ona görə də SSRİ rəhbərliyinə növbəti məktub ünvanladılar. Onlar bu dəfə Dağlıq Qarabağ məsələsini arxa plana keçirərək, xaricdən öz “yurd”larına dönən erməniləri qəbul etmək və yerləşdirmək təklifini irəli verdilər. 

Bu dəfə onların hiyləsinin qarşısını almaq heç mümkün olmur. Erməni hakim dairələri bildirirdilər ki, guya, xaricdən “vətənlərinə” köç edən erməniləri yerləşdirmək üçün Ermənistanda torpaq çatışmır. Azərbaycanın Kür–Araz ovalığının pambıq əkilən rayonlarında isə işçi qüvvəsi yetərli deyil. Ermənistandakı azərbaycanlı əhalinin həmin əraziyə köçürülməsi bütün bu problemləri asanlıqla həll edər. Həm ermənilərin yerləşməsi məsələsi həll olunar, həm də pambıq rayonları işçi qüvvəsi ilə təmin olunar.

Göründüyü kimi, Stalin rejimi zamanı bu cür arqumentlərlə bəzədilmiş təklifin qarşısında etiraz etmək çətin olduğundan Mircəfər Bağırov bununla razılaşmağa məcbur olur. Beləliklə, bu müraciətə cavab olaraq 1947-ci il dekabr ayının 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Soveti İ. Stalinin imzası ilə qərar qəbul edir. 

Əlbəttə, məsələnin ciddiliyinə və pərdəarxası məqamlarına diqqət yetirsək bu qərarın Azərbaycan türklərinə qarşı edilmiş ən mənfur cinayətlərdən biri olduğu qənaətinə gələrik. Çünki, burada məqsəd, təbii ki, “xaricdən gələn ermənilərin yerləşdirilməsi və yaxud Kür–Araz ovalığındakı pambıq tarlalarında işçi qüvvə çatışmazlığı yox”, “türksüz, müsəlmansız Ermənistan yaratmaq” planı idi.

Ermənistandan köçürülən azərbaycanlılara müəyyən güzəştlər və kreditlər verilsə də, onlar faktiki olaraq, ilk növbədə, öz torpaqlarından, tarixlərindən, mədəni irslərindən, ata və babalarından miras qalmış şəxsi evlərindən, bütün daşınmaz əmlakından qarşılıqsız olaraq məhrum olurdular. Sonrakı illər göstərdi ki, xaricdən gələn ermənilər heç də azərbaycanlıların yaşadıqları dağlıq regionlarda məskunlaşmağa meyl etmirlər. Göstərilən ədalətsiz qərarın icra edilməsi nəticəsində 1948-ci ildə Ermənistan SSR-də yaşayan 100 min kolxozçu, guya, “könüllülük prinsipləri əsasında” Azərbaycanın isti yerlərinə deportasiya edildi. 

1949-cu ildə 40 min, 1950-ci ildə daha 50 min nəfər deportasiyaya məruz qaldı. Dağlıq yerlərdə yaşayan azərbaycanlıların isti Aran yerlərinə köçürülməsi onlara qarşı edilmiş ən böyük zülm, ədalətsizlik idi. Minlərlə insan istilərə tab gətirməyib məhv oldu. Bu deportasiya krım türklərinin, çeçenlərin, inquşların, balkarların, qaraçaylıların və digər xalqların Qazaxıstana və Orta Asiyaya deportasiyası ilə təxminən, eyni illərdə həyata keçirildi. Xalqımızın əhəmiyyətli bir hissəsi məcburi deportasiyaya məruz qalaraq vərdiş etdiyi həyat mühitindən məhrum oldu. 

1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda xüsusilə qeyd olunurdu ki, bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan rəhbərliyinin öz xalqına qarşı törədilən cinayətlərdə iştirakı da az rol oynamamışdı. Prezident İlham Əliyev də bu tarixi haqsızlıqdan söz açanda hər dəfə vurğulamışdır ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, xəritələr təsdiqləyir. 

Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

Anar TURAN,

“Xalq qəzeti”

 

Ekspert rəyi

 

Mais Əmrahov,

Tarixçi-ekspert

Prezident İlham Əliyevin ötən ilin sin həftəsində Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirakı və verdiyi bəyanatlar tarixi həqiqətin dünyaya təqdim edilməsi işinə, azərbaycançılıq ideyasının daha da güclənməsinə mühüm töhfə verdi. Ölkə rəhbərinin tarixi çıxışı və qarşıyuaa qoyduğu çox mühüm hədəflər Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən dövlət strategiyası, milli-ideoloji hədəflərdir. Bu həm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasıdır.

Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. Çünki bu torpaqlar bizim çoxəsrlik tarixi dövlətçiliyimizin ayrılmaz hissəsidir, milli dövlətçiliyimizdir, zəngin tarixi irsimizdir. Bu prosesə illər öncə başlamış təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması işlərini davam etdirir. Eyni zamanda, Azərbaycan xalqının Ermənistan ərazisində yaratdığı və hazırda çoxu məhv edilmiş zəngin tarixi-mədəni irsin öyrənilməsi istiqamətində də sanballı işlərə imza atılmaqdadır.

Prezident İlham Əliyev milli birlik və azərbaycançılıq ideologiyasının güclənməsi istiqamətində çoxşaxəli və prinsipial siyasi qərarları ilə xalqımızın tarixi dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Qərbi Azərbaycan məsələsi  artıq ümummilli məsələdir. Prezident çıxışında da bildirdi kİ, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 

1918-ci ildə əvvəlcə İrəvan bizdən qoparıldı, daha sonra isə 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Dövlətimizin başçısı haqlı olaraq vurğulayır ki,  bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. 

Ona görə də biz alimlər qüvvəmizi səfərbər edib Qərbi Azərbaycana qayıdış konsepsiyasının gerçəkləşməsi üzərində ciddi işləməliyik. Bu mövzuda təkliflər irəli sürməli və mövzunun aktuallığını qorumaq üçün əlimizdən gələni əsirgəməməliyik.







Siyasət