Azərbaycan oftalmoloqları Balidən qayıdıb

post-img

İndoneziyanın Bali adasında  APAO-nun (Asia – Sakit okean Ölkələri Oftolmoloqları Akademiyasının) 39-cu illik konqresi və İndoneziya Oftalmoloqlar Assosiyasının 49-cu görüşü keçirilib. Bu barədə konqres iştirakçısı, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva XQ-yə bildirib:

– Konqres oftalmologiyanın müxtəlif aspektlərini – əsas, orta və qabaqcıl bacarıqlardan tutmuş, üstünlük təşkil edən aktual mövzulara qədər əhatə edirdi. Tədbirdə müxtəlif oftalmoloji ixtisaslar üzrə ən elmi yeniliklər, cərrahi texnika və müalicələrin yeni tendensiyalarını təqdim edən 800-ə yaxın məruzəçi vardı. Dünyanın bir çox ölkələrindən həkimlər, həmçinin Azərbaycandan Günay Əliyeva, Vəfa Nəsirova, Aygül Kərimzadə, Nigar və Nərmin Kərimovalar, Hafiz Qəhrəmanov və digər oftalmoloqlar iştirak edirdilər.

 Qeyd edək ki, konqresdə, həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyevanın “Epidemiological insights into eye diseases among children under 5 years in the western region of Azerbaijan” mövzusunda e-poster təqdimatı olub. Oftalmoloq bildirib ki, APAO 2024 konfransının ilk açılışı İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadik tərəfindən edilib. O, konfransın açılışının və təşkilinin digər ölkələrdə keçirilən konfranslardan fərqli olduğunu bildirib. Belə ki, həm nazir, həm də rəsmi qonaqlar tədbir zamanı milli geyimə üstünlük veriblər. Konqres oftalmologiya sahəsində ən son elmi inkişafları təqdim etməklə, yaddaqalan təcrübə olması ilə diqqət çəkib. Mərasimdə, həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Amerika Oftalmologiya Akademiyası arasında oftalmoloji yeniliklərdən bəhs edilib, qarşılıqlı təcrübələr bölüşülüb.

 Konfransdan sonra Y. Abdıyeva Amerika Oftalmologiya Akademiyasının nümayəndələri Gail. E. Schimidit və Annamarie Hastingslə görüşüb. Söhbət zamanı akademiyanın yaranması və fəaliyyəti ilə bağlı məlumat verilib. Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və onun regional filiallarının fəaliyyətinə həsr olunan video-rolik nümayiş olunub. Eyni zamanda, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək konfranslarla bağlı məlumat verilib.

Y.Abdıyeva daha sonra APAO 2024-ün prezidenti Dr. Mohamad Sıdıkla görüşüb. Söhbət zamanı təşkil edilən konqreslə bağlı müzakirələr aparılıb. Y.Abdıyeva Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək konfranslarla bağlı M.Sıdıka məlumat verib.

Z.HÜSEYNOVA





Səhiyyə