XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş, uzun illər mühacirətdə də müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmış Məmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam Türkiyədə də böyük çoşqu ilə qarşılandı. Təəssüf ki, Türk Dünyasının bəzi düşmənləri bu sərancamın yerinə yetirilməsində görülən işlərə qara yaxmaqla faydalanmağa çalışdılar. Bu barədə Türkiyənin Bilkənt Universitetinin professoru, əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı Əmirulla Məmmədov ciddi etirazını içtimaiyyətlə bölüşür. Onun “Habar Global” kimi məşhur televiziya kanalına, Türkiyə və Azərbaycanın mediya təşkilatlarına ünvanladığı müraciətdə bildirilir:
“Əziz həmvətənlər və dostlar. Son zamanlar sosial şəbəkələrdə və bəzi internet saytlarında müxtəlif erməni resursları və onlara dəstək verən, “qulpları bizdən olan” şərəfsiz baltalar bəzi xəbərlər, fotolar dərc edirlər. Onların yaydıqları xəbərdə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin Ankaradakı Cəbəci Əsri qəbiristanlığındaki məzarı vandallar tərəfindən dağıdılıb və onun yanında bu xəbəri dəstəkləyən foto yerləşdirilib.
Fotonun “doğru olduğu”, xəbərin isə tam yalan olduğu bir həqiqətdir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara valiliyi dövlət başçısının sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri qəbiristanlığında yerləşən məqbərəsi və onun ətrafında yenidənqurma, bərpa və abadlıq işləri aparılır. Məhz buna görə də türbənin ətrafı belə görünür.
Amma təmir və abadlaşma işlərinin getdiyi ərazidəki bu görüntüləri sosial şəbəkə və müxtəlif media mənbələrində qəbrin dağıdılması kimi yayanlar “Bir millət, iki dövlət” amaçı ilə yola çıxan və Türkiyə-Azərbaycan münasibətlərini pozmaq, millətimizi parçalamaq istəyən Türk düşmənləridir. Bu təxribatın arxasında gizlənən ikinci səbəb, bir ay sonra keçiriləcək yerli seçkilərdən əvvəl Şərqi Anadoluda Qars və İqdır kimi kritik vilayətlərdə “Cumhur İttifaqı” (20 fevral 2018-ci ildə AK Parti və MHP arasında qurulan seçim ittifaqı) namizədlərinə hücum edən, PKK və tərəfdarlarının siyasi uzantısına dəstək verən “Türkiyə ittifaqı”, “Kənt ittifaqı” kimi absurd şüarlarla hərəkət edən ana müxalifət partiyası CHP-nin daxilindəki separatçı aşiqlərin arzusudur. Bunun baş verməsinə heç vaxt imkan verməməliyik və bu məlumatı hər yerdə paylaşmağınızı xahiş edirəm”.
Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyini yaydığı məlumatda da bildirilir ki, səfirlik dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb. Abadlıq işləri Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparılır və M.Ə.Rəsulzadənin vəfatının ildönümünə (6 mart) qədər yekunlaşması nəzərdə tutulur.
XQ