Pediatr: Qızılca ilə yoluxmuş uşaqlar peyvənd almayanda ölüm riski yüksək olur

post-img

Uşaqlarda qızılca əlamətləri yalnız hərarət və səpgi deyil.

Bunu həkim-pediatr Sevda Novruzova deyib. O bildirib ki, qızılca zamanı ilk növbədə yuxarı tənəffüs yollarının kataral əlamətləri - öskürək və asqıraq müşahidə olunur: “Bunun ardınca isə mərhələli səpgi gəlir. Mərhələli səpgi artıq qızılcanın diferensial diaqnozunun qoyulmasını sübut edən əlamətdir. Sonuncu mərhələ piqmentasiyadır və ondan sonra inkubasion dövr bitir və sağalma müşahidə olunur. Temperatur 38-39 dərəcəyə qədər qalxa bilir, ümumi intoksikasiya əlamətləri müşahidə olunur”.

Həkim-pediatr bildirib ki. qızılca əleyhinə peyvənd olunmayan uşaqlar və böyüklər arasında ölüm halları 40 faizdən yuxarı təşkil edir. Bu virusun yüngül keçirilməsi üçün ilk vaksinin 1 yaşında, ikincinin isə 4-6 yaş aralığında vurulması tövsiyə olunur. “Bəzi valideynlər uşaqları peyvənddən yayındırırlar, hətta ərizə yazaraq peyvənddən imtina edirlər, bu, çox təhlükəli haldır. Qızılca ilə yoluxmuş uşaqlar peyvənd almayanda ölüm riski yüksək olur, qızılcanın ağırlaşmaları - meningit, ensefalit, görmənin itirilməsi və s. kimi hallar daha çox müşahidə olunur”.

Qeyd edək ki, qızılca virusuna yoluxanların bədənində A vitamini azaldığı üçün minerallar və vitaminlərlə zəngin duru qidaların qəbul edilməsi və yataq şəraitində müalicə alması məsləhət görülür.

Səhiyyə Nazirliyi Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair yaydığı məlumatda bildirir ki, peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Səhiyyə