Daxili İşlər Nazirliyinə zəlzələdən sonra xoşagəlməz hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb

post-img

Bakıda və zəlzələ baş verən ərazilərdə polis gücləndirilmiş iş rejiminə gətirilib. Əsas narahat edən halların, yəni təhlükənin ola biləcəyi ərazilərdə insanlar arasında panika hallarının yaranmaması məqsədilə bütün polis orqanları öz sahələri üzrə tədbirlərə cəlb ediliblər. Hazırkı ana qədər Daxili İşlər Nazirliyinə (DİN) xoşagəlməz hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb.

Bunu DİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Xüsusi olaraq nəzarətə götürülən ərazilər metro stansiyaları, dəmir yolları, orta və ali təhsil müəssisələri, uşaq bağçaları, əhalinin intensiv hərəkət etdiyi bütün küçə və prospektlərdir. Əsas məqsəd sərnişinlər, vətəndaşlar arasında çətinliklərin yaranmasının qarşısını almaqdır. Xüsusilə metro stansiyalarında, dəmiryollarında vətəndaşların panikaya düşüb səs-küy yaratmaması üçün polis əməkdaşları tərəfindən müvafiq işlər görüldü ki, orada da asayiş ən yüksək səviyyədə təmin edildi.

Bütün sahələr üzrə, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, eləcə də hərəkət iştirakçılarının təhlükəsizliyi diqqətdə saxlanılmaqla yollarda sıxlığın təhlükəli vəziyyətin yaranmaması üçün bütün tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində vətəndaşları narahat edən hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb.

Yaşayış binalarında vətəndaşların təşvişə düşüb mənzilləri tərk etməsi halları nəzərə alınaraq yaşayış binaları və məhəllələrə əlavə qruplar cəlb edilib. Məqsəd odur ki, kimsə panikaya düşərək mənzili tərk edərkən təhlükəli vəziyyət yaranmasın. Nazirliyə oğurluqla bağlı fakt daxil olmayıb. Bütün zəruri tədbirlər diqqətdə saxlanılmaqla davam etdirilir. Belə hallarda vətəndaşları maksimum təmkinli olmağa, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - deyə E.Hacıyev bildirib.

Son xəbərlər