Konfransda oftalmoloji xəstəliklərə yeni baxışlar müzakirə edilib

post-img

 Bakı Expo Mərkəzində III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi  çərçivəsində “Oftalmoloji xəstəliklərə yeni baxış” mövzusunda konfrans keçirildi.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın toplantı ilə bağlı fikirlərini öyrəndik. O, öncə qarşıdan gələn Zəfər günü münasibətilə şəhidlərimizin canı bahasına, müzəffər ordumuz və Ali Baş Komandanımız İlham Əliyevin sayəsində Zəfər qazanmış xalqımızı təbrik etdi və qürur hissi yaşadığını vurğuladi, şəhidlərimizə Allahdan rəhmət dilədi:

– Cənab Prezident İlham Əliyevin səhiyyənin, xüsusilə, oftalmologiyanın inkişafı üçün diqqəti danılmazdır. Ölkə oftalmologiyası öz inkişaf dövrünü yaşayır və beynəlxalq standartlara cavab verir. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımovun rəhbərliyi ilə ölkəmizdə oftalmologiyanın inkişafı və oftalmoloji yardımın optimallaşması üçün geniş miqyaslı tədbirlər planı həyata keçirilir.

Belə ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Oftalmologiyanın respublika üzrə inkişaf etməsinə şərait yaratmaq üçün Masallıda, Gəncədə, Şəkidə MOM-nin regional mərkəzlər fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Mərkəz tərəfindən bölgələrdə təmənnasız oftalmoloji yardım göstərmək məqsədilə Avtomobil səyyar klinilası və Dəmiryolu səyyar klinikası fəaliyyətdədir.

Həmçinin, Y.Abdıyeva Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə oftalmologiyada olan innovativ inkişaf, yenilik və nailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq yerli və beynəlxalq konfransların həyata keçirilməsindən bəhs etdi. Bildirdi ki, beynəlxalq səviyyədə bu sahə üzrə peşəkarlığın yüksəldilməsi, sağlam rəqabətin formalaşması, dünya təcrübəsinin ölkəmizə gəlməsi ilə vətəndaşlarımız artıq xaricə getmir, bizə müraciət edir. 

 Qeyd edək ki, konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) bölmə müdiri Yazgül Abdıyeva, həkimlər Gülnarə Məmmədova, Aysel Əkbərova, ATU-nun oftalmologiya kafedrasından tibb elmləri doktoru Tural Qəlbinur məruzələrlə çıxış etdilər.

Konfransın yekununda TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva tərəfindən çıxışçılara sertifikat təqdim olundu.

 

Z.HÜSEYNOVA

XQ



Səhiyyə