Atatürk Mərkəzində yazıçı-publisist Ramiz Göyüşün Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr etdiyi “Ellər yaşadacaq şair ömrünü” adlı yeni kitabının təqdimatı olub.
“İmza” nəşrlər evində çap edilmiş kitabın redaktoru filologiya elmləri doktoru, professor Rüstəm Kamal, məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru, Səməd Vurğun irsinin yorulmaz tədqiqatçısı, vurğunşünas alim Aslan Salmansoydur.
Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamının preambula hissəsindən iqtibasla başlanan kitab böyük şairin həyat və yaradıcılığının ayrı-ayrı məqamları, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində müstəsna xidmətləri, görkəmli şəxsiyyətlərlə şəxsi dostluğu və yaradıcılıq münasibətləri, eyni zamanda, əsərlərinin yaranma tarixi haqqında məlumatlarla zəngindir.
Şairin ruhuna böyük ehtiramın daha bir ifadəsi olan təqdimat mərasimində akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, ADNSU-nun müəllimi, respublikamızın Gürcüstandakı sabiq səfiri Hasan Hacısoy, tanınmış jurnalistlər İlqar Həsənov, Şəmsiyyə Kərimova, şairlər Rafael İncəyurd, İbrahim İlyaslı, Əbülfət Mədətoğlu, Kənan Hacı, Fəxrəddin Teyyub, Zaur Ustac, Zərəngiz Dəmirçi, Zaməddin Ziyadoğlu, rəssam Nəvai Mətin, qiraət ustası Cəbrayıl Qənbər və başqaları kitab haqqında fikirlərini bildirdilər.
Qeyd edildi ki, kitabda Azərbaycan ədəbiyyatı tarixində şairlərin dostluğunun özü bir yaradıcılıq aktı və davranış hadisəsi kimi təqdim olunub. Həmçinin Səməd Vurğun haqqında görkəmli elm, sənət və mədəniyyət xadimlərinin fikirlərinin bir yerə toplanması təqdir olundu.
Mərasimin sonunda Ramiz Göyüş fəal müzakirəyə görə minnətdarlıq etdi. O, Xalq şairi Səməd Vurğunun zəngin irsi ilə bağlı araşdırmaları davam etdirəcəyini bildirdi.
Ə.NƏCƏFXANLI
XQ

