Bu dünyadan bir Elçin keçdi...

post-img

13 may Xalq yazıçısı, görkəmli dövlət xadimi Elçinin ad günü idi. Uzun illər rəhbərimiz olmuş, səmimi münasibət gördüyümüz əziz və unudulmaz insanı istedadlı şair-publisist Dilsuzla bir yerdə xoş xatirə və qədirbilənliklə yad etdik.

– Dilsuz müəllim, bilirik ki, siz Elçin müəllimlə həm Yazıçılar İttifaqında, həm Nazirlər Kabinetində uzun müddət bir yerdə işləmisiniz. Bəs ilk tanışlığınız necə olub?

– 1960-cı illərdə Elçin, çox gənc olmasına baxmayaraq, bir nasir, publisist və tənqidçi kimi artıq populyar idi. O, Anar, Əkrəm Əylisli, Yusif və Vaqif Səmədoğlu qardaşları ilə yeni, modern ədəbiyyatın öncülərindən sayılırdı. Bir təşkilatda işləyirdik – o, Yazıçılar İttifaqında katib, mən isə ittifaqın “Azərbaycan” jurnalında şöbə müdiri idim. Üz-üzə gələndə, sadəcə, salamlaşırdıq, yəni hal-əhval tutmaq, bir-birimizin kefini xəbər almaq səviyyəsində yaxın deyildik...

Bir dəfə İlyas Əfəndiyevlə iki-üç saatlıq bir “könül söhbəti” etmişdim. Sonradan bu söhbəti müsahibə halına saldım və İlyas müəllimlə belə qərara gəldik ki, görüşək, görək nə alınıb. Mən İlyas müəllimgildə olanda, təsadüfən Elçin də gəldi və müsahibəni bir yerdə oxumalı olduq. Qurtaranda İlyas müəllim dedi: “Yaxşı alınıb, amma sən hər yerdə yazırsan: “İ.Əfəndiyev”. Axı mən İ nöqtə Əfəndiyev deyiləm – İlyas Əfəndiyevəm! O nöqtələri götürürsən, adımı bütöv yazırsan, olur əla! Yaxşımı?”.

Dedim yaxşı. İlyas müəllim Elçinlə məni yola salanda dedi: “Bir-birinizə söykək olun, kömək edin!”. Qəribədir, bu bir kəlmə söz bizi yüz illərin dostuna çevirdi.

– Elçin müəllim müsahibələrindən birində deyir ki, o, tənha adamdı, heç vaxt dostu olmayıb...

– Bu hansısa əhvali-ruhiyyədən doğan ötəri söz ola bilər. Ya da yaradıcılıq dünyasında tənhalığı nəzərdə tutub. Əslində, elə deyil. Elçinin özündən çox-çox yaşlı nə qədər dostu var idi: İmran Qasımov, İshaq İbrahimov, Qulam Məmmədli, Məmmədcəfər Cəfərov, Abbas Zamanov və b. Orta nəsildən, yəni özünün də mənsub olduğu nəsildən: Anar, Əkrəm Əylisli, Yusif və Vaqif Səmədoğlu qardaşları, Fikrət Qoca, İsi Məlikzadə, Qəzənfər Paşayev və b. O vaxtların gənc nəslindən: Sabir Rüstəmxanlı, Vilayət Quliyev, Nizami Cəfərov, İlham Rəhimli, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Şirindil Alışanov və b. Elçin, bəlkə də, dünyada ən çox dostu olan adam idi..

– İlyas Əfəndiyevlə olan söhbətlərinizdə, yəqin, Elçin yaradıcılığına da toxunmusunuz...

– Təbii ki. Maraqlıdır, İlyas Əfəndiyevin diqqətini Elçinin hekayə və povestlərindən, publisistik yazılarından daha çox ədəbi-tənqidlə bağlı cəlb edirdi. Yadımdadır, Elçinin ədəbi tənqid məqalələrini Moskvada dərc olunan “Drujba Narodov” jurnalı ilin ən yüksək mükafatına layiq görmüşdü. Bu, İlyas Əfəndiyevi hədsiz dərəcədə sevindirmişdi. Qürurla deyirdi: “Ədəbi tənqid ədəbiyyatın yol göstərənidir – kompasıdır! Çox əhəmiyyətli janrdır! Bizim buna ehtiyacımız var! Belinskilər olmalıdır ki, Tolstoylar da olsun”.

– Hələ sovet hakimiyyəti illərində Elçinin Türkiyəyə olan marağı, sevgisi, 1984-cü ildə qələmə aldığı “Yaxın, uzaq Türkiyə” adlı əsərində öz əksini tapdı. O, Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyətinin – “Vətən” Cəmiyyətinin sədri işləyəndə də bu münasibət özünü üstün şəkildə göstərdi.

– Türkçülüyün özünü təzə-təzə büruzə verməyə başladığı vaxtlarda belə bir sanballı əsərin meydana çıxması, sözün əsl mənasında, böyük risk və böyük sensasiya idi. Bu əsər, sözsüz ki, elə-belə ərsəyə gəlməmişdi – gizli arxivlər açılmışdı, qadağan olunmuş sənədlər incələnmişdi, tarixin qaranlıqlarında pas atmış həqiqətlər üzə çıxarılmışdı! Böyük türk şairi Nazim Hikmət bir şeirində yazır:

Orkestr matəm marşı çalar,
Və biz bir hasarın dibində
Basdırarıq ölülərimizi
bərəkətli toxumlar kimi!..

Həmin bərəkətli toxumlar indi “Yaxın, uzaq Türkiyə” əsərinin səhifələrində cücərmiş və gün işığına çıxmışdır!

– Siz İlyas Əfəndiyevin 7, Elçinin 10 cildlik külliyyatlarını hazırlamısınız.

– Elədir. Amma bu külliyyat məsələsini bir qədər dəqiqləşdirmək lazımdır. İlyas Əfəndiyev nə yazıbsa, o 7 cilddə toplanıb. Elçinin isə yazdıqlarının, təxminən, 60 faizi o 10 cildə daxil edilib. Bir sıra hekayə və povestləri, eləcə də son illərdə yazdığı pyesləri, yəqin ki, gələcək nəşrlərdə nəzərə alınacaqdır.

– Elçin müəllim redaktə məsələsində sizə problem yaratmırdı ki?

– Yox. Düzəlişləri onunla razılaşdırırdım. Ortaq məxrəcə gələ bilirdik.

– O xasiyyətcə tünd adam deyildi ki...

– Bəzən bir adamla elə dalaşırdı ki, deyirdim onu ömrünün axırına kimi bir də danışdırmaz. Amma yanılırdım. Səhər olan söz-söhbəti axşama kimi unudurdu. Kinsiz adam idi.

– Uzun müddət Nazirlər Kabinetində də bir yerdə işləmisiniz. Yazıçı Elçinlə məmur Elçin fərqli adamlar idimi?

– Sözsüz ki, fərqli adamlar idilər. Yazıçı Elçin daha yumşaq, daha həlim idi. Məmur Elçin isə ciddi və sərt idi. 1993-cü ildə Ermənistanla atəşkəs elan olunduqdan sonra Azərbaycanda ordu quruculuğuna start verildi və Prezidentin göstərişi ilə Baş nazirin müavini Elçin bu məsələni icra etmək üçün səlahiyyətli şəxs qismində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarına ezam olundu. O vaxt mən köməkçi idim.

Biz 12 gün bu rayonlarda gənclərin orduya cəlb olunmasına, kazarmaların yaradılmasına, təchizat məsələlərinin qaydaya salınmasına, silah-sursatın əldə edilməsinə və hərbi təlimlərin keçirilməsinə nail olduq. O dövrdə mənim üçün ən çox əlamətdar olan bu idi ki, heç kim uşağını ordudan yayındırmırdı, fərarilik yox idi. Elə valideyn var idi ki, uşağı Moskvada, Voronejdə idi, deyirdi ki, ikicə gün möhlət verin, xəbər eləmişəm, gələcək və gəlirdi də.

Bugünkü milli ordu 1993-cü ildə təşkil olunmuşdu. Məncə, Baş nazirin müavini Elçin Əfəndiyevin bir vətəndaş kimi, bir dövlət xadimi kimi xidmətlərindən söz açanda, bunu da qeyd etməliyik.

– Nəsr, publisistika, ədəbi tənqid, üstəgəl dramaturgiya. Elçin bu 4 janrın hər birində mahirdir, ustaddı. Yaradıcılığının son dövrlərində, nədənsə, dramaturgiyaya daha çox meyil edib. Sizcə, bu nə ilə əlaqədardır?

– Maraqlı sualdır. Bilmirəm, sizi qane edəcək, ya yox, bu bir həqiqətdi: İlyas Əfəndiyev vəfat edəndən sonra teatrlarımızda bir boşluq yarandı – istedadlı dramaturqun illər boyu xüsusi diqqət və qayğı ilə qulluq etdiyi “teatr bağçası” yavaş-yavaş solmağa başladı. Bunu, hamımız kimi, Elçin də hiss etdi. Ola bilsin ki, o bu boşluğu doldurmaq, bu bağçanı xəzandan qorumaq üçün bu yola baş vurdu.

Əlbəttə, məqsədinə nail olub-olmadığı barədə fikir yürütmək teatr tənqidçilərinin işidir. Mən isə, bunu, sadəcə, son dərəcə dəyərli cəhd kimi qiymətləndirirəm...

– Elçinin dövlət işindən və ədəbiyyatdan başqa, hər hansı bir məşğuliyyəti vardımı?

– Kolleksioner idi. Keçən əsrin birinci yarısında yaşamış ustad xanəndələrin vala köçürülmüş ifalarını və bir də nəfis şəkildə işlənmiş rəsm əsərlərini toplayırdı. Belə bir fikri vardı ki, özəl rəsm qalereyası açsın. İnkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə belə nümunələr var.

– Maraqlıdır, o həmin əsərləri necə əldə edirdi?

– Bəzilərini pulla alırdı, bəzilərini isə rəssam dostları, tanışları hədiyyə edirdilər. Hansısa əsərinin Elçin kimi görkəmli yazıçının kolleksiyasında və yaxud özəl rəsm qalereyasında olması rəssam üçün də fəxr idi.

– Dilsuz müəllim, bu gün uzun illər rəhbərliyi altında işlədiyimiz, boynumuzda haqq-sayı olmuş Elçin müəllimin doğum günüdür. Bu insanla bağlı ürəyimizdə gəzdirdiyimiz sevgi-sayğını ifadə etmək hər ikimizə xoş oldu. Şübhəsiz, ustadımızın da ruhu şad oldu.

Söhbəti apardı:
Abid TAHİRLİ,
filologiya elmləri doktoru,
professor

Müsahibə