Kosaların işğalı dinc əhaliyə qarşı müharibə cinayəti idi

post-img

Erməni quldurlarının hücumları qarşısında 5 il mərdliklə dayanmış bu qədim kənd 34 il əvvəl may ayında köməksiz qalıb süqut etmişdi

Erməni millətçiləri ötən əsrin 80-ci illərinin sonunda Qərbi Azərbaycandakı yüz minlərlə soydaşımızı öz tarixi torpaqlarından zorla qovulması prosesini yekunlaşdırdıqdan sonra növbə “dənizdən dənizə böyük Ermənistan” xülyasının növbəti mərhələsini həyata keçirməyə çatmışdı. Cəzasızlıq, dəyirmanlarına su tökən qanlı sovet imperiyası rəhbərlərinin açıq dəstəyi azğınlaşmış ermənilərin iştahasını daha da artırır, onları onillərdir gizli hazırladıqları planlarının icrasına şirnikləndirirdi. Hədəf isə Qarabağın barlı-bərəkətli torpaqları, minillərdir bu torpaqlarda yaşayan dinc azərbaycanlılar idi.

1988-ci ilin martında SSRİ rəhbərliyinin, daha dəqiqi ittifaqın ermənipərəst başçısı Mixail Qorbaçovun ermənilərin təsiri və təzyiqi ilə qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” xüsusi qərarı əzəli torpağımız olan Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılması kimi məkrli planın ilk addımı oldu.

Ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarəetmə Komitəsinin (XİK) təşkil edilməsindən sonra Azərbaycan SSR-in bütün dövlət və ictimai orqanlarının Qarabağdakı səlahiyyətləri dayandırıldı. Əslində, bu qərar Ermənistan SSR ilə paralel Dağlıq Qarabağda da azərbaycanlıların kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi idi.

Volskinin hakimiyyəti dövründə Xankəndi şəhərində yaşayan 12 min azərbaycanlı zorla öz evlərindən qovuldu. Bununla da torpaqlarımızın işğalının praktiki mərhələsinə start verildi. Daha sonra SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə cəmi 3 gün ərzində Dağlıq Qarabağın müəssisələri Ermənistanın müvafiq nazirliklərinin və idarələrinin tabeliyinə verildi, vilayətin tərkibində olan beş rayonun partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bayrağı, gerbi, blankı ləğv edildi, partiya komitəsinin Xankəndidəki inzibati binasının üzərində Ermənistanın bayrağı qaldırıldı...

1989-cu il iyunun 13-dən Xüsusi İdarəetmə Komitəsinin birbaşa köməyi ilə azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Volskinin fəaliyyəti dövründə ermənilər tərəfindən Xankəndidə və keçmiş vilayətin digər rayon və kəndlərində yüzlərlə cinayət törədilmiş, dinc, mülki azərbaycanlıların qətlə yetirilməsi faktları artmışdı. Bütün bu faktlar isə təbii ki, ermənipərəst Volski və onun rəhbərlik etdiyi komitə tərəfindən ört-basdır edilir, ermənilərin yeni cinayətlər törətməsinə şərait yaradılırdı...

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyanat qəbul etdikdən sonra müstəqil Azərbaycan Respublikasının qanunu ilə Qarabağın muxtar vilayət statusu da ləğv edildi. Təəssüf ki, həmin qanunda nəzərdə tutulduğu kimi, keçmiş vilayətin ərazisində Azərbaycan qanunvericiliyini təmin etmək, silahlı erməni dəstələrinin işğalçılıq fəaliyyətinin qarşısını almaq artıq mümkün deyildi. Üstəlik, ölkəyə səriştəsiz rəhbərlik, qızışmağa başlayan hakimiyyət davası Qarabağı yenə də sahibsiz, dinc, əliyalın azərbaycanlıları isə gündən-günə azğınlaşan erməni faşistləri qarşısında Allahın ümidinə qoymuşdu...

Erməni separatçıları Xocalının azərbaycanlılar yaşayan kəndlərini ələ keçirmək üçün təxminən eyni taktikadan istifadə edirdilər. Yaşayış məntəqəsi əsasən gecənin qaranlıq vaxtı hər tərəfdən əhatəyə alınaraq çıxış yoları kəsilir, daha sonra Rusiya ordusuna məxsus zirehli texnikaların da köməyi ilə kənd güclü atəşə tutulur və bütün istiqamətlərdən hücum başlayırdı. 1991-ci il dekabrın 15-də Cəmilli, həmin ayın 22-də Meşəli, 29-da Kərkicahan kəndlərində və nəhayət, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər bir daha təsdiq edirdi ki, düşmənin məqsədi təkcə torpaqlarımızı işğal etmək deyil, dinc insanlara qarşı kütləvi qırğınlar törətmək, bununla da Qarabağın digər azərbaycanlı əhalisi arasında xof yaradaraq onların öz ata-baba yurdlarını müqavimətsiz tərk etmələrinə nail olmaq idi. Ancaq adıçəkilən kəndlərin işğalı nəticəsində üç istiqamətdən yarımmühasirə vəziyyətinə düşməyinə baxmayaraq, Kosalar ermənilər üçün Şuşanın, dolayısı ilə Qarabağın asan “açarı” olmadı.

O zaman Kosalar Ərazi İcraiyyə Komitəsinin sədri olmuş kənd sakini Vaqif Ağayevin sözlərinə görə, ermənilər həmin proseslərə uzun illər ərzində gizli şəkildə hazırlaşmışdılar. Kosaların, həmçinin Qarabağın digər azərbaycanlılar yaşayan kənd və şəhərlərinin işğal altına düşməsini şərtləndirən ən mühüm amillərdən biri isə paytaxtda gedən hakimiyyət davası, ölkə rəhbərliyinin öz vətəndaşlarına sahib çıxmaması idi:

– Ərazi vahidliyinə Kosalardan başqa Cəmilli və Meşəli kəndləri də daxil idi. Ermənilərin hücumları intensivləşdiyindən 1991-ci ilin dekabrında kömək istəmək üçün Bakıya getdik. Əksər dövlət və hökumət qurumlarına, güc strukturlarına – müdafiə və daxili işlər nazirliklərinə çoxsaylı müraciətlərimiz nəticəsiz qaldı. 15 gündən sonra 3 kəndin müdafiəsini təmin etmək üçün cəmi 3 ədəd avtomat ala bildik. Təsəvvür edin, başdan-ayağa silahlanmış, tam təchiz olunmuş ermənilərin hücumunun qarşısına biz yalnız müsadirə zamanı gizləyib saxlaya bildiyimiz ov tüfəngləri, bir də az sayda avtomatlarla çıxmağa məcbur idik.

Ancaq heç bir çətinlik Kosalar əhalisini qorxuda, onların əzmini qıra bilməmişdi. Qocalı-cavanlı, kişili-qadınlı hamılıqla kəndin müdafiəsinə qalxmışdılar. Həmin vaxt Kosalarda 319 ailə təsərrüfatında 1433 nəfər sakin yaşayırdı. Əhali sayı çox olmasa da özünümüdafiə dəstələri yaradılmış, işğal olunmuş Cəmilli, Meşəli və Kərkicahan istiqamətlərində müdafiə postları qurulmuşdu.

Vaqif Ağayev bildirdi ki, Kosaların Qırxqız dağının ətəyində yerləşməsi onlara əlavə güc verirdi:

– Kürəyimizi, belə demək mümkünsə, dağlara söykəmişdik, üç tərəfimizsə qəddar düşmən. Yeganə çıxış yolumuz olan Kosalar-Mirzələr-Xəlifəli-Şuşa torpaq yolu da həm narahat idi, həm də təhlükəli. Bütün bunlara baxmayaraq, biz sona qədər döyüşdük, ermənilərin 5 irimiqyaslı hücumunun qarşısını ala bildik.

Gündəlik postlararası atışmaları saymasaq, 1991-ci il dekabrın 29-da, daha sonra 1992-ci il yanvarın 7-8-də, 28-də, martın 29-da və nəhayət mayın 8-i və 9-da baş vermiş şiddətli döyüşlərin hər biri bizim qələbəmizlə, ermənilərin ağır itkiləri ilə nəticələnib. Bu itkilərə görə ermənilər Qarabağda üçgünlük matəm elan ediblər.

Xocalı bizim kəndin yüksəkliklərindən aydın görünürdü. Fevralın 25-dən 26-na keçən gecə şəhərə hər tərəfdən dolu kimi mərmilərin tökülməsinin də, evlərin yandırılmasının da şahidi olmuşuq. Bundan əvvəl ermənilər Cəmilli və Meşəlidə kütləvi qırğınlar törətmək istəyəndə köməyə yetişib mühasirəni yara bilmişdik. Ancaq təəssüf ki, bu dəfə arada yerləşən düşmən mövqelərini, erməni kəndlərini keçib Xocalının harayına yetməyə gücümüz çatmadı.

Ermənilər Kosalar qarşısında hər məğlubiyyətdən sonra daha da azğınlaşırdılar. Məqsəd nə yolla olursa-olsun əvvəl bu kəndi, daha sonra Şuşanı işğal etmək idi. Ancaq tam tərsi baş verdi. 1992-ci il may ayının 8-də ermənilər böyük qüvvəylə eyni vaxtda hər iki yaşayış məntəqəsinə hücuma keçdilər. Günün sonunda Kosaların igid oğulları növbəti dəfə qələbə qazanaraq hücumun qarşısını almışdılar.

Düşmənin itkilərinin sayı-hesabı yox idi. Mayın 9-u səhər tezdən isə məlum oldu ki, Şuşa şəhəri ermənilər tərəfindən ələ keçirilib.

Vaqif müəllim həmin anı belə xatırladı:

– Düzü, heç birimiz bu xəbərə inanmaq istəmirdik. Necə ola bilərdi ki, biz kiçik bir qüvvəylə Kosaları müdafiə edə bilirdik, ancaq o cür alınmaz qala olan Şuşa təslim edilib? Son döyüş günü bütün sursatımız, gülləmiz demək olar tamamilə tükənmişdi və biz Şuşadan kömək gözləyirdik. Ancaq nəinki kömək gəlmədi, əksinə, Şuşanın işğalı ilə sonuncu çıxış yolumuz da bağlandı.

Beləliklə, mayın 9-da ermənilər Qırxqız tərəfindən piyada yolunu kəsərək bizi mühasirəyə salmasınlar deyə, döyüşə-döyüşə dağlara doğru üz tutmağa məcbur olduq. Biz Kosaların yüksəkliyinə çatanda artıq kəndin ayağında ermənilər gözümüz baxa-baxa evlərimizə od vurmuşdular!

O qanlı döyüşlərdə itkilərimiz də az olmadı. Ümumilikdə, 17-si mülki insanlar olmaqla 21 kənd sakini şəhid oldu, 4 nəfər girov düşdü. Kosalar Qarabağın yeganə kəndlərindəndir ki, azsaylı əhalisinə rəğmən döyüşlərdə göstərdikləri şücaətlərə görə 3 nəfər sakini “Azərbaycanın Milli Qəhrəmanı” (2-si ölümündən sonra), 1 nəfəri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, 4 nəfəri isə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Bu gün bütün keçmiş məcburi köçkünlər kimi, Kosalar kəndinin əhalisi də sevinc və qürur dolu tarixi anlar yaşayırlar. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə sayəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qisası alınıb, vaxtilə düşmən tapdağında əzilən torpaqlarımıza indi yenidən həyat qayıdır. Rəşadətli Ordumuzun zəfər yürüşünə Kosalar oğulları da qoşularaq qəhrəmanlıq nümunələri göstəriblər. Kənd sakinləri isə mərhələ-mərhələ daimi yaşamaq üçün doğma Qarabağa qayıdır, işğaldan azad edilmiş ərazilərin dirçəlişinin iştirakçılarına çevrilirlər. Kosaların qəhrəmanlıqları isə xalqımızın yurd sevgisinin daha bir şərəfli səhifəsi kimi yaddaşlarda silinməz iz qoyub.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Sosial həyat