Qərbi Azərbaycana Qayıdış konsepsiyasının ideoloji əsasları

post-img

Qərbi Azərbaycan məsələsinin Azərbaycan ictimai-siyasi düşüncəsində tarixi yaddaş, mədəni irs və humanitar hüquqlar baxımından xüsusi yeri var. Bu anlayış, əsasən, indiki Ermənistan ərazisində vaxtilə yaşamış azərbaycanlıların tarixi torpaqlarını, həmin bölgələrdə formalaşmış mədəni-məskunlaşma izlərini və XX əsrdə baş vermiş köç və deportasiya proseslərini ehtiva edir.

Müasir dövrdə Qərbi Azərbaycan mövzusu tarixi-coğrafi termin çərçivəsini aşaraq kollektiv yaddaşın qorunması, itirilmiş mədəni irsin sənədləşdirilməsi və demoqrafik dəyişikliklərin elmi əsaslarla araşdırılması istiqamətində aktuallıq qazanır. Akademik tədqiqatlarda həmin regionun toponimiyası, etnomədəni strukturu və sosial tarixi sistemli şəkildə öyrənilir. Bu mövzu Azərbaycan cəmiyyətində tarixi ədalət prinsipləri, mədəni davamlılıq və humanitar dəyərlər prizmasından müzakirə olunur. Qərbi Azərbaycan məsələsi keçmişin izlərini xatırlamaq, onları elmi əsaslarla təhlil etmək, gələcək nəsillərə obyektiv şəkildə ötürmək məqsədi daşıyan geniş bir araşdırma sahəsi kimi formalaşır.

Ulu öndər Heydər Əliyev Qarabağ münaqişəsinin həssas geosiyasi mühitini nəzərə alaraq Qərbi Azərbaycan məsələsinə ehtiyatlı və sistemli yanaşma nümayiş etdirirdi. Bununla yanaşı, o, müxtəlif çıxışlarında Qərbi Azərbaycanın tarixi-coğrafi reallıqlarını diqqətə çatdırır, inzibati ərazi dəyişikliklərinə, toponimlərin dəyişdirilməsinə və deportasiya proseslərinə toxunurdu. Xüsusilə, 1948–1953-cü illər deportasiyası ilə bağlı qərarlar və həmin dövrdə həyata keçirilən məcburi köçürmə siyasəti məsələyə institusional yanaşmanın formalaşmasında mühüm rol oynamışdır. Qərbi azərbaycanlılarla görüşlər, onların sosial problemlərinin həlli istiqamətində atılan addımlar bu məsələnin dövlət səviyyəsində konseptual əsaslarının qoyulmasına xidmət etmişdir.

Qarabağ münaqişəsi tam şəkildə həll olunmadan Qərbi Azərbaycan məsələsinin geniş siyasi diskursa çevrilməsi müəyyən geosiyasi risklər doğura bilərdi. Bu səbəbdən məsələnin ideoloji və strateji çərçivəsinin formalaşması üçün dövlətin münaqişədən qalib çıxması əsas şərt kimi qiymətləndirilirdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə regionda yeni siyasi reallıqlar formalaşdırdı və Azərbaycanın strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu qələbə nəticəsində təkcə Qarabağ məsələsində deyil, həm də Qərbi Azərbaycan və regional kommunikasiya layihələri, o cümlədən Zəngəzur dəhlizi kimi strateji təşəbbüslər üzrə daha qətiyyətli mövqe formalaşdırmaq mümkün oldu.

Beləliklə, Qərbi Azərbaycan məsələsinin ideoloji əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, onun praktik-strateji inkişaf mərhələsi isə Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi reallıqlara uyğun şəkildə davam etdirilmişdir.

Hazırkı mərhələdə əsas prioritet təşkilatlanma və institusional çərçivənin formalaşdırılmasıdır. Eyni zamanda, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirilən görüşdə səsləndirilən fikirlər məsələnin mərhələli və sistemli şəkildə irəlilədiyini nümayiş etdirir. Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı tapşırıq isə bu prosesin artıq konseptual və strateji mərhələyə keçdiyini göstərir. Dövlət başçısı həmin görüşdə demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətində təsdiqlənən Qayıdış Konsepsiyası regionda və beynəlxalq müstəvidə baş verən proseslərin kompleks təhlili əsasında hazırlanmışdır. Sənəddə Azərbaycanın artan beynəlxalq nüfuzu, Qarabağın işğaldan azad edilməsindən sonra yaranan yeni geosiyasi vəziyyət, postmüharibə dövründə ortaya çıxan çağırışlar və perspektiv tendensiyalar nəzərə alınmışdır. Konsepsiyanın əsas ideya xətti sülh, təhlükəsizlik, beynəlxalq hüquq və insan ləyaqətinə əsaslanan qayıdış modelidir. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıtmaq hüququ ilə uzlaşır.

Tarixi faktlar göstərir ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən çıxarılması onların iradəsinə əsaslanmamış, kütləvi zorakılıq, təzyiq və sistemli deportasiya nəticəsində baş vermişdir. Bu proses zamanı yüz minlərlə insan doğma yurdlarından məhrum edilmiş, fiziki zorakılığa məruz qalmış, mülkiyyət hüquqları pozulmuş və humanitar fəlakət xarakteri daşıyan vəziyyət yaranmışdır. Beynəlxalq hüquq kontekstində bu cür hallar insanlıq əleyhinə cinayətlərin elementlərini ehtiva edir və bu səbəbdən qayıdış hüququnun təmin olunması hüquqi və mənəvi zərurət kimi çıxış edir.

Qarabağ münaqişəsinə beynəlxalq münasibətlərin uzun müddət ərzində ikili standartlar üzərində formalaşdığı müşahidə olunur. 1988–2020-ci illər və sonrakı mərhələlərdə də bu yanaşma müxtəlif formalarda davam etmişdir. 44 günlük müharibə dövründə Azərbaycan informasiya müstəvisində ciddi təzyiqlərlə üzləşsə də, Prezident İlham Əliyevin beynəlxalq media platformalarındakı çıxışları bu stereotiplərin zəiflədilməsində mühüm rol oynamışdır. Bu çıxışlar hüquqi arqumentlərə və real faktlara əsaslanaraq qərəzli yanaşmaların mahiyyətini ifşa etmişdir. Ermənilərin Qarabağ ərazisini tərk etməsi ilə bağlı müxtəlif interpretasiyalar irəli sürülsə də, Azərbaycan tərəfi bu prosesdə reinteqrasiya və vətəndaşlıq əsaslı yanaşma təqdim etmiş, beynəlxalq müşahidəyə açıq model tətbiq etmişdir.

Bu baxış dövlətin hüquqi məsuliyyət və şəffaflıq prinsipinə əsaslandığını nümayiş etdirir. Eyni zamanda, Qərbi Azərbaycan məsələsində də beynəlxalq stereotiplərin mövcudluğu müşahidə olunur, lakin Azərbaycan diplomatik resurslar vasitəsilə bu yanaşmaların dəyişdirilməsi istiqamətində sistemli fəaliyyət göstərir.

Artıq Qərbi Azərbaycan İcmasının hazırladığı 11 sənəd beynəlxalq təşkilatlara təqdim olunmuş və müxtəlif platformalarda yayılmışdır. Bu proses nəticəsində əvvəllər mövzuya laqeyd yanaşan bəzi beynəlxalq strukturlar problemin mövcudluğunu qəbul etməyə başlamışdır. Bu isə diplomatik fəaliyyətin mərhələli şəkildə nəticə verdiyini göstərir.

Ermənistan tərəfinin rəsmi yanaşması isə uzun müddət ərzində tarixi və hüquqi reallıqlardan uzaq iddialarla müşayiət olunmuşdur. “Dənizdən dənizə Ermənistan” konseptləri, “soyqırımı” iddiaları və digər siyasi narrativlər regionda obyektiv reallıqlarla ziddiyyət təşkil edir. Eyni zamanda, azərbaycanlıların Qərbi Azərbaycandan çıxarılması ilə bağlı faktların təhrif olunması müşahidə edilir. Qarabağdan çıxan ermənilərlə bağlı iddialar isə real faktlarla uyğunluq təşkil etmir, çünki həmin şəxslərin təhlükəsiz çıxışı və mülkiyyətlərinin daşınması üçün şərait yaradılmışdır.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hər hansı ərazi iddiası ehtiva etmir və yalnız beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə qayıdış prinsipinə əsaslanır. Bununla belə, Ermənistan konstitusiyasında qonşu dövlətlərə münasibətdə ərazi iddialarına dair bəzi müddəaların qalması regionda sülh prosesinə təsir edən hüquqi ziddiyyətlərdən biri kimi qiymətləndirilir. Bu müddəaların aradan qaldırılması uzunmüddətli sabitlik və qarşılıqlı etimad üçün mühüm şərt hesab olunur.

Mirfaiq MİRHEYDƏRLİ,
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü,
Zəngibasar rayon icmasının sədri,
riyaziyyat üzrə fəlsəfə doktoru

Sosial həyat