Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.
TƏBİB-dən XQ-yə verilən məlumata görə, açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov, xəstəxana əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Təcili tibbi yardım şöbəsinin fəaliyyəti barədə məlumat verən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov bildirilib ki, əsaslı təmir işlərinə 2025-ci ilin avqust ayında başlanılıb və şöbə strukturunun təkmilləşdirilməsinə, müasir tələblərə uyğunlaşdırılmasına çalışılıb.
Təmir zamanı xəstələrin vəziyyətlərinin ağırlıq dərəcələrinə görə çeşidlənməsi üçün triaj (tibbi çeşidləmə) sahəsi yaradılıb. Sürətli, effektiv və keyfiyyətli tibbi yardımın göstərilməsinin təmin edilməsi üçün qırmızı, sarı və yaşıl sahələr ayrılıb.
Bunlardan əlavə pediatrik yardım, kiçik cərrahi əməliyyat və müdaxilə, o cümlədən təcili doğum otaqları yaradılıb.
Təmir zamanı şöbəyə mərkəzləşdirilmiş oksigen sistemi quraşdırılıb və binadan kənarda stansiya yaradılıb. Eyni zamanda şöbənin elektrik və istilik sistemləri də yenidən qurulub. Şöbə yeni tibbi avadanlıqlarla təchiz edilib.

