Söhbət “ağıllı şəbəkə”lərin qurulmasından və çevik istismarından gedir
Müasir dövrdə şəhərlərin inkişafı təkcə iqtisadi göstəricilərlə deyil, həm də insan sağlamlığına, həyat keyfiyyətinə və sosial rifaha göstərdiyi təsirlərlə qiymətləndirilir. Bu baxımdan, şəhərsalma siyasətində sağlam həyat mühitinin formalaşdırılması, ekoloji tarazlığın qorunması və “yaşıl” məkanların inkişafı əsas prioritet istiqamətlər olaraq dəyərləndirilir.
Azərbaycanın inkişaf modelindən danışarkən, ilk növbədə, bu modelin əsasında dayanan siyasi kursa xüsusi önəm vermək zəruridir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası bu gün də ölkəmizin bütün sahələrində, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafın təməlini təşkil edir. Bu siyasi kursu hazırda Prezident İlham Əliyev uğurla həyata keçirir.
Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində respublikada şəhərsalma və memarlıq sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, müasir urbanizasiya prinsiplərinə uyğun yeni yanaşmaların tətbiqi diqqətdə saxlanılır. Bu islahatlar paytaxtla məhdudlaşmayaraq regionları da əhatə edir, ölkənin bütün ərazilərinin balanslı və davamlı inkişafını gerçəkləşdirir.
Dövlət İdarəçilik Akademiyasının dosenti Elşan Əhmədov söhbətimizin əvvəlində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı çərçivəsində nəzərdə tutulan tədbirlərə toxunaraq sənəddə şəhər və ətraf mühitin regenerasiyası, ictimai yaşıllıq sistemlərinin inkişafı, açıq məkanların qarşılıqlı əlaqələndirilməsi, göl və sahilyanı ərazilərin bərpası, eləcə də müasir şəhərsalmada suyun davamlı idarə edilməsində süni intellektin rolu barədə ətraflı söhbət açaraq dedi:
– 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətimizin başçısının bu sahəyə verdiyi yüksək önəmin və uzunmüddətli inkişaf strategiyasının bariz nümunəsidir. Müasir şəhərsalma yanaşmaları çərçivəsində şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, insanların daha sağlam, rahat və dayanıqlı yaşayış şəraiti ilə təmin olunması məqsədilə ictimai istifadəyə yönələn ərazilərin artırılması və təbii mühitlə balansın qorunması qarşıda mühüm vəzifələr kimi durur.
Şəhərlərin inkişafı prosesində açıq və yaşıl məkanların genişləndirilməsi, ictimai yaşıllıqların artırılması və təbii mühitlə balansın qorunması mühüm əhəmiyyət kəsb edir. Elmi tədqiqatlar da göstərir ki, şəhər mühitində hava çirkliliyinin azalması, yaşıllıq sahələrinin artırılması ürək-damar və tənəffüs xəstəlikləri ilə bağlı narahatlıqları xeyli azaldır. Şəhərsalmanın artıq birbaşa ictimai sağlamlıq siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi də bunun bariz ifadəsidir.
Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin növbəti uğurlu nəticəsi kimi 12 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təkcə paytaxtın su təsərrüfatının yenilənməsi deyil, eyni zamanda, ölkənin sosial rifahına, ekoloji təhlükəsizliyinə və şəhər infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasına xidmət edən strateji yol xəritəsidir.
Məlumdur ki, su ehtiyatlarının məhdudluğu və qeyri-bərabər paylanılması artıq qlobal miqyasda ciddi çağırışa çevrilib. Dünyada iqlim dəyişikliklərinin təsiri, quraqlıqların artması, əhali sıxlığının yüksəlməsi və sənayeləşmə suya olan tələbatı kəskin artırır. Xüsusilə yarımsəhra iqlim xüsusiyyətlərinə malik Abşeron yarımadası üçün su təminatı strateji təhlükəsizlik məsələsi hesab olunur. Bakı şəhərində sürətli urbanizasiyanın yaşanması, əhalinin sayının artması və tikinti sektorunun genişlənməsi su infrastrukturuna olan yükü daha da artırır.
Məhz bu reallıqlar fonunda qəbul edilən adıçəkilən Dövlət Proqramı əhalinin rifah səviyyəsinin yüksəldilməsi, fasiləsiz içməli su təminatının gücləndirilməsi, kanalizasiya və tullantı suları sisteminin müasir tələblərə uyğunlaşdırılması, intensiv yağışlar zamanı subasma narahatlıqlarının minimuma endirilməsi kimi məqsədləri özündə birləşdirir.
– “Şəhərsalma və Memarlıq İli”, eləcə də ölkə rəhbərinin müvafiq sərəncamı ilə təsdiqlənən Dövlət Proqramı çərçivəsində respublikada ekoloji sabitliyin gücləndirilməsi və sosial rifahın daha da yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək layihələr barədə nə deyə bilərsiniz?
– Əvvəlcə, onu deyim ki, Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılmaqla uzunmüddətli strateji hədəflər və icra mexanizmləri əsasında hazırlanan sözügedən Dövlət Proqramının icrası iki mərhələdə planlaşdırılır. 2026–2030-cu illəri əhatə edən bu dövrdə su təchizatı və kanalizasiya infrastrukturunun əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Mövcud şəbəkələrin təmiri və yenilənməsi, su itkilərinin azaldılması, yağış sularının idarə olunması üzrə yeni mexanizmlərin tətbiqi və tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyaların tətbiqi bu mərhələnin əsas prioritetləri sırasında yer alır.
Birinci mərhələdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastrukturun yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu addım təkcə şəhər mühitinin sanitariya səviyyəsinin yüksəldilməsi deyil, eyni zamanda, ekoloji tarazlığın qorunması və əhalinin sağlamlıq risklərinin azalması baxımından mühüm nəticələr vəd edir. Eyni zamanda, “ağıllı” su şəbəkələrinin qurulması, sensor sistemlər vasitəsilə su axınının izlənməsi və itkilərin vaxtında aşkarlanması proqramın innovativ yanaşmalarından biri kimi ön plana çıxır.
Sonrakı mərhələ 2031–2035-ci illəri əhatə edir. Bu dövrdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması, xidmət keyfiyyətinin yüksəldilməsi və müasir idarəetmə modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyənləşdirilir. Bununla yanaşı, yağış sularının təkrar istifadəsi üçün yeni layihələrin həyata keçirilməsi, kanalizasiya və tullantı sularının emal imkanlarının genişləndirilməsi məsələləri də prioritet istiqamətlər olaraq önə çəkilir.
Proqramın icrası nəticəsində içməli su mənbələrinin dayanıqlılığının artırılması, su anbarlarının, supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi, alternativ su mənbələrinin istifadəyə cəlb olunması nəzərdə tutulur. Bu layihələrin gerçəkləşdirilməsi ilə mövcud sahənin texniki baxımdan yenilənməsi sürətlənir, eyni zamanda, ekoloji sabitlik güclənir və şəhər həyatının keyfiyyəti yüksəlir.
Bu gün su problemi getdikcə təkcə ayrı-ayrı ölkələrin deyil, həm də bütün dünyanın ümumi probleminə çevrilir. Su ehtiyatlarına tələbatın artması, iqlim dəyişiklikləri və qeyri-sabit yağıntı rejimi su sektorunda struktur problemlərini daha da kəskinləşdirir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, suyun səmərəli idarə olunması, tullantı sularının təkrar istifadəsi və yağış sularının təbii üsullarla yönləndirilməsi su təminatının davamlılığını artırmaqla bərabər, ekosistemlərin qorunmasında da mühüm rol oynayır. Məsələn, inteqrasiya olunan su resursları idarəetməsi modeli Niderland və İsveçrə kimi ölkələrdə uğurla tətbiq olunur. Burada çayların və yeraltı su ehtiyatlarının qorunması üçün müasir texnologiyalardan geniş istifadə edilir.
İsveçrə şəhərlərində isə “yaşıl” infrastruktur yaradılaraq yağış sularının təbii yollarla torpağa hopması təmin olunur. Kanadanın Toronto şəhərində tətbiq olunan “yağış bağları” layihəsi də uğurlu nümunələrdən sayılır. Bu layihənin reallaşması ilə yağış suları təbii üsullarla süzülərək yeraltı su ehtiyatlarına daxil edilir. Nəticədə, daşqın riski 30 faizə qədər azalır. Sinqapurun “NEWater” proqramının həyata keçirilməsi nəticəsində isə tullantı suları içməli su keyfiyyətinə çatdırılır və təkcə bunun hesabına ölkədə su tələbatı, təxminən, 40 faiz ödənilir. Bu yanaşma həm suya qənaət, həm də ekoloji davamlılıq baxımından müasir idarəetmə modelinin nümunəsi hesab edilir.
Bu məqamda, xatırladım ki, İsraildə tətbiq edilən “ağıllı su şəbəkələri vasitəsilə su itkilərinin kəskin şəkildə azaldılması bu sektorda texnologiyanın rolunu açıq şəkildə ortaya qoyur. Səudiyyə Ərəbistanı duzsuzlaşdırma texnologiyaları hesabına gündə milyonlarla kubmetr içməli su istehsal etmək imkanına malikdir. Yaponiya isə sızmaların aşkarlanması üzrə qabaqcıl texnologiyalar sayəsində su itkilərini 10 faizə qədər azaltmaqla dünyanın ən uğurlu nümunələrindən biri kimi tanınır.
– Son illər süni intellektin su sektorunda tətbiq edilməsinin zəruriliyi barədə də müxtəlif fikirlər səsləndirilir…
– “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində innovativ yanaşmaların tətbiqi xüsusi önəm daşıyır. Bu baxımdan süni intellekt texnologiyalarının su təchizatı sisteminə inteqrasiyası gələcək üçün mühüm perspektivlər açır. Süni intellekt böyükhəcmli məlumatları analiz etmək, proqnozlar vermək və optimallaşdırma aparmaq qabiliyyətinə malik olduğuna görə su təsərrüfatında səmərəli idarəetmə mexanizminin əsas komponentinə çevrilə bilər. Başqa sözlə, ölkəmizdə aparılan irimiqyaslı islahatların məntiqi nəticəsi olaraq, sözügedən Dövlət Proqramı çərçivəsində su resurslarının davamlı idarə olunması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu kontekstdə süni intellekt texnologiyalarının tətbiqi su təchizatının optimallaşdırılması baxımından innovativ yanaşma kimi xüsusi əhəmiyyət daşıyır.
Su tələbatının proqnozlaşdırılması bu sahədə əsas istiqamətlərdən biridir. Süni intellekt modelləri iqlim dəyişiklikləri, əhali artımı, sosial-iqtisadi göstəricilər və istehlak vərdişlərini nəzərə alaraq daha dəqiq proqnozlar təqdim etmək imkanına malikdir. Xüsusilə davamlı inkişaf yolu keçən ölkələrdə “LSTM” və “ARIMA” kimi süni intellekt modellərinin hazırda geniş tətbiq edilməsi ilə su tələbatının hesablanması bunun bariz ifadəsidir.
Digər mühüm istiqamət su itkilərinin aşkarlanmasıdır. Supaylayıcı şəbəkələrdə itkilər bir çox şəhərlərdə aktual problem olaraq qalır. Abşeron yarımadasında köhnəlmiş infrastruktur bu narahatlığı daha da artırır. Süni intellekt əsaslı anomaliya aşkarlama sistemləri sensor məlumatlarını təhlil etməklə sızmaları erkən mərhələdə müəyyənləşdirir. Bu yanaşma real vaxt monitorinqi və “IoT” texnologiyaları ilə birləşdirildikdə daha səmərəli nəticələr verir.
Enerji sərfiyyatının optimallaşdırılması da mühüm sahələrdən biridir. Nasos stansiyaları və su təmizləmə qurğuları yüksək enerji sərf etdiyindən süni intellekt alqoritmləri vasitəsilə enerji yükünün optimallaşdırılması sistemin ümumi səmərəliliyini artırmağa imkan verir. Genetik alqoritmlər bu istiqamətdə mühüm tətbiq imkanlarına malikdir.
Su keyfiyyətinin monitorinqi də ictimai sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Süni intellekt sistemləri suyun fiziki, kimyəvi və bioloji göstəricilərini analiz edərək çirklənməni erkən mərhələdə aşkar edə, risklərin qabaqcadan qarşısını ala bilir. Bu sahədə məlumatları strukturlaşdıran və axtarışları asanlaşdıran süni intellekt metodları daha geniş istifadə edilir.
Bundan əlavə, süni intellekt əsaslı qərar dəstək sistemləri strateji planlaşdırmanı asanlaşdırır, müxtəlif ssenariləri süni şəkildə yenidən canlandırılmaqla (simulyasiya) optimal qərarların qəbulunu gerçəkləşdirir. Bu isə Dövlət Proqramının icrasında şəffaflığın və səmərəliyin yüksəldilməsi üçün mühüm amil kimi çıxış edir.
Ümumiyyətlə, süni intellektin su idarəetməsində həm nəzəri, həm də praktiki əhəmiyyəti olduqca böyükdür. Bu texnologiya mürəkkəb sistemlərin idarə olunmasında böyükhəcmli məlumatların təhlili, proqnozlaşdırma və optimallaşdırma imkanları təqdim edir. Su təsərrüfatı sistemləri qeyri-xətt və çoxparametrli xarakter daşıdığı üçün süni intellekt alqoritmləri bu sistemlərin modelləşdirilməsində səmərəli vasitə kimi xüsusi diqqət çəkir. Süni intellekt vasitəsilə maşın və dərin öyrənmə yanaşmaları su sistemlərinin vəziyyətini təhlil etməyə, gələcək ssenariləri dəqiqliklə proqnozlaşdırmağa imkan verir.
Nəticə etibarilə, süni intellekt texnologiyalarının Abşeron yarımadası və Bakı şəhərinin su təchizatı sistemlərinə inteqrasiyası su resurslarının səmərəli və davamlı idarə olunmasını gerçəkləşdirə bilər. Süni intellektin müxtəlif istiqamətlər üzrə çoxşaxəli alqoritmlərindən istifadə etməklə su itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılması, su keyfiyyətinin yaxşılaşdırılması və qərar qəbuletmə proseslərinin optimallaşdırılması kimi mühüm nəticələrə nail olmaq mümkündür.
Bir sözlə, süni intellekt və “ağıllı” su şəbəkələri kimi innovativ texnologiyaların tətbiqi Azərbaycanın su sektorunu müasir idarəetmə modelinə uyğunlaşdıraraq dayanıqlı inkişaf məqsədlərinə xidmət edəcək. Bununla da paytaxtımızın ekoloji təhlükəsizliyi, şəhər həyatının keyfiyyəti və əhalinin sosial rifahı daha da yaxşılaşacaq.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV
XQ


