bp şirkəti də “Üstyurd” sazişinə qoşuldu
bp şirkəti Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı 6 blok (Boyterak, Terengquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) üzrə hasilatın pay bölgüsü sazişinə qoşulduğunu açıqlayıb.
Saziş Daşkənddə keçirilən “Özbəkistan Neft-Qaz Konfransı 2026” çərçivəsində Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov, “Özbəkneftqaz” SC İdarə Heyətinin sədri Abduqani Sanginov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.
İmzalanma mərasimində çıxış edən Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov bu layihənin həyata keçirilməsini ölkələrimizin rəhbərliyinin güclü siyasi iradəsi və hərtərəfli dəstəyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Bu səylərin qlobal investorlar üçün ən açıq və şəffaf şəraitin yaradılmasına yönəldiyini vurğulayan nazir deyib: “bp-nin Üstyurd regionunda hasilatın pay bölgüsü sazişinə qoşulması, sadəcə, bir kommersiya razılaşması deyil, bu, beynəlxalq investorların Özbəkistanda aparılan islahatlara və enerji sektorunun inkişafına yönəlmiş strateji kursumuza olan inamının birbaşa göstəricisidir”.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək bu layihəni qardaş ölkələrin qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji hədəflərə əsaslanan münasibətlərinin bariz təzahürü kimi dəyərləndirərək bildirib: “Uzun illər ərzində SOCAR ilə sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malik bp-nin bu layihəyə qoşulması birgə səmərəli fəaliyyətin təmin olunmasına geniş imkanlar açacaq. İnanırıq ki, SOCAR-ın və bp-nin enerji sektorundakı zəngin təcrübəsi, eləcə də “Özbəkneftqaz”ın imkanları və səyləri layihənin uğurla icrasına, həmçinin regionun enerji potensialının inkişafına mühüm töhfə verəcək”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli isə deyib: “Özbəkneftqaz” və uzunmüddətli tərəfdaşımız olan SOCAR ilə yanaşı, Özbəkistandakı ilk layihəmizə qoşulmağımızdan çox məmnunuq. Özbəkistanın böyük resurs potensialına malik olduğuna inanırıq və bu layihəyə qoşulmağımızı ölkənin neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dəstək olaraq region üçün uzunmüddətli faydalar gətirmək imkanı kimi dəyərləndiririk. Bu hasilatın pay bölgüsü sazişinə qoşulmağımız, eyni zamanda, bp-nin uzunmüddətli artımına dəstək olaraq şirkətin öz geoloji kəşfiyyat portfelini daha da genişləndirdiyini göstərir”.
“Özbəkneftqaz” SC İdarə Heyətinin sədri Abduqani Sanginov bp kimi qlobal bir iştirakçının Şimali Üstyurd bloklarında geoloji kəşfiyyat işlərinə qoşulmasını Özbəkistanın enerji sektorunun investisiyalar üçün çox cəlbedici olduğunu təsdiqlədiyini vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin təcrübəsinin bp və SOCAR-ın qabaqcıl texnologiyaları, bilik və səriştələri ilə birləşdirilməsinin regionun resurs potensialının maksimum səmərəliliklə açılmasına imkan verəcəyinə əminliyini ifadə edib.
Britaniya şirkəti SOCAR və “Özbəkneftqaz” SC-nin hər birindən 20 faiz iştirak payı almaqla bu hasilatın pay bölgüsü sazişinə 40 faiz payla qoşulub. Beləliklə, Şimali Üstyurd regionu üzrə hasilatın pay bölgüsü sazişində şirkətlərin iştirak payları bp – 40 faiz, “Özbəkneftqaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, “Üstyurd” yataqlar bloku (və ya Üstyurd regionu) Özbəkistanın şimal-qərb hissəsində, Qaraqalpaqıstan Respublikasının ərazisində yerləşir. SOCAR və “Özbəkneftqaz” tərəfindən imzalanan hasilatın pay bölgüsü sazişi Boyterak, Terengkuduk, Birgori, Xaroy, Qaraqalpaq və Kulboy investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutulur. Bu region (xüsusilə də “Şərqi Üstyurd” hissəsi) yüksək neft-qaz potensialına malikdir. Buradakı yataqlar 3 min - 6 min 500 metr və daha çox dərinlikdə, Turan plitəsinin geoloji strukturunda yerləşir. Ümumilikdə, kəşfiyyat və hasilat işləri aparılan ərazi 1000 kvadratkilometrdən çox sahəni əhatə edir
Üstyurdda yerləşən yataqlar, xüsusilə Aşağı Surgil və digər sahələr Özbəkistanın karbohidrogen ehtiyatlarının artırılması üçün strateji əhəmiyyət kəsb edir. 2024-2025-ci illərdə aparılmış hesabatlara əsasən, Üstyurd regionunda yerləşən investisiya bloklarında, xüsusən də “Özbəkneftqaz” və beynəlxalq tərəfdaşların fəaliyyət göstərdiyi sahələrdə ilkin geoloji ehtiyatların yüksək olduğu güman edilir. İlkin proqnozlara görə, burada 100 milyon tona qədər neft və 35 milyard kubmetrdən çox təbii qaz ehtiyatının mövcudluğu ehtimal edilir. Artıq blokun 6500 metr dərinliyində böyük qaz yataqları da aşkar olunub.
Yeri gəlmişkən, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, 2027-ci ildə “Üstyurd”da qazılacaq ilk kəşfiyyat quyusunun gələcək işlərə çox böyük təsiri olacaq. Onun sözlərinə görə, quyuda kommersiya baxımından rentabelli karbohidrogen ehtiyatları aşkarlanarsa, bu, region üçün əhəmiyyətli hadisələrə gətirib çaxaracaq.
Xatırladaq ki, “Üstyurd” hasilatın pay bölgüsü sazişi isə 2025-ci il iyulun 24-də SOCAR, “Özbəkneftqaz” SC və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında imzalanıb. Hazırda layihə SOCAR-ın operator olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə ilkin mərhələdədir.
Mirbağır YAQUBZADƏ
XQ

