Dünya təcrübəsi və qanunvericilik normativləri
Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı yaradıcılıq anlayışını köklü şəkildə dəyişdirib. Süni intellekt artıq yalnız texniki əməliyyatlar həyata keçirən proqram deyil, o, rəsm çəkə, musiqi bəstələyə, şeir yaza və hətta bədii əsərlər yarada bilir. Bu isə hüquq dünyasında fundamental bir sualı gündəmə gətirir: Əgər əsəri insan yox, süni intellekt yaradırsa, onun müəllifi kim sayılmalıdır? Bu sual ABŞ-da illərlə davam edən hüquqi mübahisənin predmetinə çevrilib. Nəhayət, bu il sözügedən məsələyə dair ABŞ Ali Məhkəməsinin qərarı ilə yeni hüquqi presedent formalaşa bilib. Bu qərar təkcə bir məhkəmə işinin sonu deyil, o, süni intellekt dövründə müəlliflik hüququnun sərhədləri barədə qlobal hüquqi diskussiyanın ən mühüm mərhələlərindən birinə çevrilib.
ABŞ-da 8 illik hüquqi savaş
Mübahisənin mərkəzində amerikalı alim və kompüter tədqiqatçısı Stiven Taler dayanır. O, özünün yaratdığı “DABUS” adlı süni intellekt sisteminin hazırladığı “A Recent Entrance to Paradise” (“Cənnətə yeni bir giriş”) adlı vizual əsərin müəlliflik hüququ ilə qorunmasını tələb edib. Belə ki, Taler 2018-ci ildə ABŞ Müəlliflik Hüquqları Ofisinə müraciət edərək həmin əsərin müəllifi kimi insanı deyil, məhz süni intellekti göstərib. Onun arqumentinə görə, əgər yaradıcılıq prosesini, faktiki olaraq, maşın həyata keçiribsə, hüquqi baxımdan müəllif də həmin sistem sayılmalıdır. Lakin ABŞ Müəlliflik Hüquqları Ofisi bu müraciəti rədd edib. Qurumun mövqeyi isə belə olub: müəllif hüququ yalnız insan tərəfindən yaradılmış əsərlərə tətbiq olunur. Taler bu qərarla razılaşmayıb və məsələni məhkəmə müstəvisinə çıxarıb.
Məhkəmənin mövqeyi
Məhkəmə prosesi bir neçə instansiya üzrə davam edib və bütün mərhələlərdə eyni hüquqi prinsip təsdiqlənib. 2023-cü ildə ABŞ Federal Məhkəməsi qərara alıb ki, mövcud müəllif hüququ qanunvericiliyinə əsasən əsərin müəllifi insan olmalıdır. Məhkəmənin qənaətinə görə, ABŞ müəllif hüquqları sistemi tarixən insan yaradıcılığına əsaslanır və qanunvericilikdə maşının müəllif kimi tanınması nəzərdə tutulmayıb. İşə baxan hakim qərarda qeyd edib ki, istənilən texnologiya tarix boyu yaradıcı prosesdə istifadə olunub. Məsələn, fotoaparat, kompüter proqramları və ya qrafik dizayn proqramları da yaradıcı işlərdə istifadə edilir. Lakin bu vasitələr əsərin müəllifi hesab olunmur, müəllif həmin alətlərdən istifadə edən insandır. Beləliklə, məhkəmə yekun nəticə olaraq qərara alıb ki, müəllifi insan olmayan əsər ABŞ müəllif hüququ qanunvericiliyinə əsasən qoruna bilməz. İş 2025-ci ildə apellyasiya instansiyasına çıxarılsa da, ABŞ Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 2026-cı ildə ABŞ Ali Məhkəməsi işi baxılmağa qəbul etməyib. Bununla da aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə qalıb və ABŞ hüquq sistemində faktiki olaraq belə nəticə formalaşıb: süni intellektin təkbaşına yaratdığı əsərlər müəllif hüququ ilə qorunmur. Bu qərar hüquqi baxımdan mühüm ismarış verir: Mövcud hüquq sistemində müəlliflik anlayışı hələ də insan yaradıcılığı ilə bağlıdır.
Xarici təcrübə
Stiven Taler eyni arqumentlə Avstraliyada da patent və müəllif hüquqları ilə bağlı müraciətlər edib. 2021-ci ildə Avstraliyada bir məhkəmə ilkin olaraq süni intellektin ixtiraçı kimi tanına biləcəyini bildirsə də, daha sonra Avstraliya Federal Məhkəməsinin tam tərkibli kollegiyası bu qərarı ləğv edib. Məhkəmə bildirib ki, qanunvericiliyə əsasən ixtiraçı yalnız insan ola bilər.
Böyük Britaniyada da “DABUS” sistemi ilə bağlı oxşar mübahisə yaşanıb. Belə ki, 2023-cü ildə Böyük Britaniya Ali Məhkəməsi qərara alıb ki, süni intellekt ixtiraçı kimi tanına bilməz və patent hüququ yalnız insan ixtiraçılara şamil edilir. Bu qərar texnologiya hüququ sahəsində mühüm presedent sayılır.
Çində isə müəyyən hallarda fərqli yanaşmalar müşahidə olunub. 2019-cu ildə Şençjen məhkəməsi süni intellekt tərəfindən yazılmış maliyyə məqaləsinin müəllif hüququ ilə qoruna biləcəyini qəbul edib. Lakin bu qərar daha çox süni intellektin insan nəzarəti altında yaradılmış məhsul kimi qiymətləndirilməsi ilə bağlı olub və maşının müstəqil müəllif kimi tanınması anlamına gəlməyib.
Avropa İttifaqının mövqeyi
Avropa İttifaqı hüquq sistemində də müəllif hüququnun əsas prinsipi insan yaradıcılığıdır. Avropa Məhkəməsinin presedentlərinə görə müəllif hüququnun predmetini “müəllifin öz intellektual yaradıcılığı” (author`s own intellectual creation) təşkil edir.
Süni intellektin gələcəyi
Süni intellektin inkişafı müəllif hüququ sistemini yeni çağırışlarla üz-üzə qoyur. Bu texnologiyalar artıq insan yaradıcılığının sərhədlərini genişləndirir və bir çox sahədə yeni hüquqi suallar doğurur. Məsələn, süni intellektlə birlikdə yaradılan əsərlərin müəllifi kim sayılmalıdır? Süni intellekt yalnız alət kimi istifadə olunursa, hüquqlar kimə məxsus olur? Gələcəkdə süni intellektə hüquqi status verilə bilərmi?
Bir çox hüquqşünas hesab edir ki, yaxın gələcəkdə qanunvericilik bu məsələləri daha aydın və dövrün tələblərinə uyğun formada yenidən tənzimləməli olacaq. Çünki süni intellektin yaradıcılıq imkanları artdıqca, mövcud hüquqi çərçivə də getdikcə daha çox mübahisə doğuracaq.
Dediklərimizi yekunlaşdırsaq, o nəticəyə gələ bilərik ki, ABŞ Ali Məhkəməsinin 2026-cı ildə verdiyi qərar hələlik süni intellekt dövründə müəllif hüququnun sərhədlərini müəyyən edən ən mühüm hadisələrdən biri hesab olunur. Bu qərar indilik təsdiqləyir ki, mövcud hüquq sistemində müəlliflik anlayışı insan yaradıcılığı ilə bağlıdır və süni intellekt hüquqi baxımdan müəllif kimi tanınmır. Bununla belə texnologiyanın sürətli inkişafı göstərir ki, yaxın gələcəkdə hüquq sistemi yeni suallarla qarşılaşacaq.
Süni intellekt insan yaradıcılığı ilə getdikcə daha sıx inteqrasiya etdikcə, müəlliflik hüququnun klassik anlayışının da dəyişikliyə uğraması zərurətdən qaynaqlana bilər. Ona görə də bu qərar son nöqtə deyil, əksinə, süni intellekt və hüquq münasibətlərinin gələcək inkişafı üçün başlanğıc mərhələlərindən biridir.
Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin ümumi hüquq kafedrasının müəllimi

