“Heydər Əliyev və Azərbaycan ədliyyəsi”

post-img

Hüquq və İnsan Haqları İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” adlı kitabının Milli Məclis deputatlarının, hüquqşünasların, partiya və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə təqdimatı mərasimi keçirilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar hüquqşünas, uzun illər ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşrdə Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi rolu dərindən araşdırılıb. Kitabda ulu öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan yüksək nailiyyətlər, ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ümummilli liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti də geniş yer alıb.

Mərasimi giriş sözü ilə açan İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə yeni nəşr barədə ətraflı məlumat verərək kitabın Ulu öndərin hüquq irsinin öyrənilməsində zəngin mənbə olduğunu vurğulayıb.

Yeni nəşrin müəllifi Fikrət Məmmədov ulu öndər Heydər Əliyev haqqında kitab yazmağın olduqca məsuliyyətli olduğunu söyləyib, dahi şəxsiyyətin dövlət və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. O, zaman keçdikcə, Ulu öndərin dahiliyinin, uzaqgörənliyinin, müdrikliyinin daha dərindən dərk edildiyini bildirib.

Mərasimdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin komitə sədrləri Əli Hüseynli və Zahid Oruc, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Zaur Əliyev və başqaları çıxış edərək Ümummilli liderin Azərbaycan hüquq sisteminin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs ediblər, kitabda bütün bunların mükəmməl əksini tapdığını qeyd ediblər.

Q.YUSİFOĞLU
XQ



Mədəniyyət