Arıçılıq sənəti bizə ata-babalarımızdan qalan daha bir faydalı məşğuliyyətdir. Tərtərin Soyulan kəndində yaşayan və uzun illər dövlət qulluğunda çalışmış Əskinaz Məmmədova son illər fəaliyyətini bu sahə ilə bağlayıb.
Təcrübəli arıçı bildirdi ki, o, hər yaz mövsümündə bal yığır, bu balı süzüb saxlayır, yayı isə yaylaqlarda keçirir. Əfsuslar olsun ki, ötən il Əskinaz xanım üçün ağır sınaq olub. Müəmmalı şəkildə 165 arı ailəsi tamamilə məhv olub. O, bu kütləvi itkinin əsas səbəbini ətraf mühitdə kənd təsərrüfatında istifadə olunan kimyəvi pestisid və herbisidlərdə görür. Buna baxmayaraq, o, ruhdan düşməyərək arıçılıq fəaliyyətini davam etdirir.
Əskinaz xanım deyir ki, arıçılar həmişə ona kömək əlini uzadıblar. Respublikanın fərqli bölgələrində çalışan arıçılar ona pulsuz olaraq yeni arı ailələri hədiyyə ediblər. Hazırda Əskinaz xanım 65 arı ailəsinin qayğısına qalır. Müsahibimiz may ayının sonunadək ailələrin sayını 80-ə, gələn ilədək isə 165-ə çatdırmağı planlaşdırır. Dediyinə görə, bu dəstək ona yeni ruh və güc verib.
Qeyd edək ki, Dövlət Aqrar İnkişaf Mərkəzində baytarlıq xidmətləri, müasir laboratoriyalar mövcud olsa da, onlardan düzgün istifadə edə bilən kadr çatışmazlığı var. Nəticədə, arı xəstəliklərini vaxtında aşkar etmək mümkün olmur, arıçılar isə köhnə üsullarla müalicəyə məcbur qalırlar. Belə olan halda, pətəklərdə xəstəliyin aşkar olunaraq tədbir görülməsi qeyri-mümkündür. Arıçılar köhnə qaydalarla xəstəlikləri müalicə etmək məcburiyyətində qalırlar ki, bu da hər zaman effekt vermir. Əskinaz xanım deyir ki, o, əksər hallarda təbii vasitələrdən istifadə etməklə baş verə biləcək xəstəliyin qarşısını almağa çalışır.
Bal satışında da arıçılar problemlə üzləşirlər. Belə ki, bəzi işbazlar saxta balı alıcılara bir qədər ucuz təklif edərək xalis balın bazarını bağlayırlar. Əskinaz Məmmədova təklif edir ki, balın satışına dövlət nəzarət etsin, satış bir nöqtədən idarə olunsun, məhsulun keyfiyyəti yoxlanılsın və istehlakçılar balın mənşəyi və keyfiyyəti haqda məlumatlandırılsın.
Müsahibimiz vurğulayır ki, ölkəmizin torpaqları işğaldan azad olunduqdan sonra arıçılıq üçün yeni imkanlar yaranıb. Hər il 100 minlərlə arı ailəsi Laçın və Kəlbəcər yaylaqlarına köçürülür. Bu il mayın sonunda o, arıları Kəlbəcərin yüksək yaylaqlarına aparacaq, avqustun sonunda toplanmış balı süzəcək. Yaydan sonra arılar evlərinə geri qayıdacaq və qışlamağa hazırlıq işlərinə başlanacaq.
Vəli VƏLİYEV
XQ

