Xocalı: Bu dünyanın cəhənnəmi

post-img

Bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımının şahidlərindən biri də Sənəm Həsən qızı Abdullayevadır. O, 1962-ci ildə Xocalı şəhərində doğulub və burada böyüyüb-başa çatıb. Sənəm xanım  26 fevral 1992-ci il tarixində anası, bacıları, özünün və bacı-qardaşlarının uşaqları ilə birlikdə erməni yaraqlıları tərəfindən girov götürülüb, 5 mart 1992-ci ildə girovluqdan azad edilib. Sənəm xanım həyatının həmin məşəqqətli  günlərini xatırlayarkən deyibdir:
– 1992-ci il fevralın əvvəllərindən etibarən erməni silahlı qüvvələrinin mühasirəsində olan Xocalıda vəziyyət günbəgün pisləşirdi. Şəhər aramsız olaraq toplardan və artilleriya qurğularından atəşə tutulurdu. Gözümüzün önündə evlər dağıdılır, dinc, günahsız sakinlər həlak olurdular. İnsanlar qorxu və təlaş içində idilər. 
1992-ci il fevralın 25-də Xocalı şəhəri yenidən şiddətli hücuma məruz qaldı. Atəşdən qorunmaq üçün adəti üzrə sığınacağa girərək gecə saat 2.00-a kimi orada qaldıq. Həmin gecə şəhərdən vahiməli səslər gəlirdi. Atışma dayanmaq bilmirdi. Sığınacaqdan çıxmağa və yaxınlıqdakı meşəyə doğru qaçmağa qərar verdik. Anam, bacılarım, körpə qızlarım və bacılarımın balaları ilə birlikdə meşəyə tərəf qaçmağa başladıq.  
Bir qədər yol getdikdən sonra bərk yorulduq. Qəfildən anamın yerə uzanıb sayıqladığını gördüm. “Balalarımı yandırırlar! Balalarımı yandırırlar!” –deyə-deyə o, can verirdi. Az keçməmiş anam keçindi. Doğma anamızın meyitini özümüzlə götürməyə gücümüz çatmadı. Qorxu içində, soyuqdan donmuş halda təzədən bir neçə saat yol getdik. Həmin  gecə kiçik bacım Lətafət də şaxtadan donaraq öldü.
Sübh tezdən hava işıqlanmağa başlayanda erməni quldurları atəş aça-aça bizə  yaxınlaşdılar. Aramızda kişi xeylağı yox idi, yalnız  qadın və uşaqlar idi. Ermənilər mənim və bacılarımın üzərindəki bütün üzük və sırğaları qopardılar, sənədlərimizi,  pullarımızı əlimizdən aldılar.  
Cəlladlar bizi döyə-döyə Pircamal kəndindəki bir tövləyə gətirdilər. Orada 100-ə qədər qadın, qız və gəlin vardı. Çox sayda erməni yaraqlısı tövləni mühasirədə saxlayırdı. Mən orada eşitdim ki, erməni faşistləri bizdən əvvəl orada saxladıqları  əsir əsgərlərimizin başına min oyun açaraq, onları girovların gözü qarşısında güllələmişdilər. 
Bir neçə saqqallı erməni tez-tez içəri gələrək uşaqları və qadınları iynə vuracaqları ilə hədələyirdi. Yeməyə-içməyə heç nə vermirdilər. Uşaqlar acından ağlaşırdılar. Heç yadımdan çıxmır, bizi mühasirədə saxlayanların arasında bir qoca erməni vardı. O, xüsusilə qəddarlıqlar edirdi. Qoca yerli erməni gözətçiyə “Uşaqlara çörək verməyin, qoyun acından ölsünlər”, – deyirdi. “Saqqallılar” sadistcəsinə girovları təpikləyir, qəddarcasına döyürdülər. 
Sonra girovları əvvəlcə Xankəndiyə, bir neçə gündən sonra isə Əsgərandakı milis idarəsinə apardılar. Burada da bizim başımıza olmazın müsibətlər gətirdilər. 
Sənəm Abdullayeva sonra nəql etdi ki, Əsgəranda bir saqqallı erməni ona yaxınlaşaraq qəzəblə uşaqlarının atasının harada olması ilə maraqlandı. Sənəm həyat yoldaşının bir neçə il əvvəl öldüyünü bildirsə də, saqqallı onun yalan dediyini və ərinin milli orduda xidmət edərək ermənilərə qarşı döyüşlərdə fəal iştirak etdiyini dedi. 
Həqiqətən, Sənəmin həyat yoldaşı çox sayda ağır döyüşlərdə fədakarcasına vuruşaraq həlak olmuşdur. Bunu biləndə Sənəmi yenidən o qədər döyüblər ki, bir neçə dəfə huşunu itirib. 
Ermənilər Sənəmin və bacılarının əl-ayaq barmaqlarını kəsmiş, dırnaqlarını çıxartmışdılar. Hətta körpə uşaqlara belə zülm eləmişdilər. Sənəmin qızı Vüsalənin doqquz barmağını kəsmişdilər. Bacısı Xədicənin hər iki ayağı amputasiya olundu. 
Sənəm xanım sonda dedi ki, ermənilərin Xocalı qətliamı zamanı törətdikləri qəddarlıqları hətta faşistlər belə törətməyiblər. O əmindir ki, cəlladlar buna görə mütləq cavab verməli olacaqlar. 


Hazırladı:  
M.HACIXANLI, 
“Xalq qəzeti” 

Qan yaddaşı