Belə faciələrin gələcəkdə təkrarlanmaması üçün...

post-img

Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. 
Heydər ƏLİYEV,
Ümummilli lider

 

İndi dünya 1992-ci ildəki dünya deyil. Bu gün artıq yüz milyonlarla insan haqq səsini ucaltmaqdan məmnun olduğunu gizlətmir. İndi insanlar həm ədalətli tərəfin mövqeyini dəstəkləməyə, həm də humanitar məsələlərə daha böyük önəm verməyə meyillidirlər. 
Biz bunu 2020-ci ilin payızında da gördük–haqlı tərəfin mövqeyini dəstəkləyənlər üstümüzə diş qıcardanlardan on dəfələrlə çox oldu. 2022-ci ilin fevralında da buna şahidlik etdik: Moskva–Kiyev münasibətləri pozulmanın son həddinə çatanda müdafiə olunan tərəfin maraqlarını qoruyanların sayı günlərlə deyil, saatlarla artırdı. Elə, qardaş Türkiyədə “əsrin faciəsi” baş verəndə də dünyanın bütün qütblərini təmsil edən dövlət, ölkə və xalqlar Ankaraya əsl insan əli uzatdılar. Təbii ki, heç bir qütbə aidiyyəti olmayan İran istisna olmaqla. 
Ancaq 1992-ci ildə belə deyildi. Ötən əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı törədiləndə nəinki Türkiyədən başqa bizi açıq şəkildə dəstəkləyən, heç bu qətliamı qınayan da yox idi. İndi Azərbaycanın yaratdığı yeni reallıqlara görə siyasi qütblər arasındakı tarazlıq tamamilə Bakının xeyrinə dəyişib. 


O zaman haqqımızı müdafiə edə bilmirdik


Mənim dostum, o zamankı Politexnik İnstitutun dosenti Arif Abbasovun Finlandiyada yaşayan rəssam oğlu Çingiz Abbasov Xocalı soyqırımından sonra Bakıya gələndə “Helsinki sonamat” (“Helsinki xəbərləri”) qəzetinin 27 mart 1992-ci il tarixli nömrəsini də gətirmişdi. Faciənin törədildiyi gecə ilə qəzetin həmin nömrəsinin çap edilməsi arasındakı zaman fərqini gördünüz. İndi isə həqiqət fərqini görün: 
“Helsinki sonamat” yazırdı ki, fevralın 26-na keçən gecə “Azərbaycanın Xocalı şəhəri qonşu dövlət tərəfindən darmadağın edilib və 72 azərbaycanlı öldürülüb”(Təbii ki, elə tezliklə tam reallğın öyrənilməsi mümkün deyildi). Üstəlik, qarlı ərazilərə səpələnmiş meyitlərin fotosu da verilmişdi. Rəhmətlik Məzahir Süleymanzadə həmin qəzetin fotosu ilə bərabər yazdığım yığcam yazını dərhal “Səhər” qəzetində verdi. Fin qəzetinin özünü isə “Xocalının səsi” qəzetinin baş redaktoru , rəhmətlik Sərdar Mehdiyevə verdim. Sərdar müəllim bəlkə də on yazıda həmin faktı yada salmışdı. 
Bizim əsas informasiya vasitələrimiz isə hələ martın 2-də də yazırdılar ki, Xocalıda iki azərbaycanlı həlak olub. Bu isə o demək idi ki, biz o zaman öz haqq sözümüzü deyə bilmirdik. İndi isə Azərbaycan Prezidenti BMT rəhbərliyinin gözü qarşısında israr edir ki, bu qurumda islahatlar aparılmalıdır. 


“Hamımız Azərbaycandan üzr istəməliyik”


Bu sərlövhə qəzet səhifəsində görünən kimi, diqqətli oxucu danılmaz həqiqəti dilə gətirməyə gücü çatan şəxsin kimliyini öyrənməyə çalışacaq. Haqlı maraqdır. Bu fikirləri mən rusiyalı siyasi icmalçı Aleksey Turgenevdən eşitmişdim. İstanbulda görüşmüşdük. Görüşümüz Xocalı soyqırımının ildönümü günlərinə təsadüf etdiyinə görə, o barədə də danışdıq. 
Təmiz qanlı rus olan bu həmkarım dedi ki, Xocalı şəhəri Sovet dönəmindən orada qalmış hərbi texnikalar vasitəsilə dağıdılsa da, bu, Kremlin yox, Moskvanın bədxahlarının törətdiyi fitnəkarlıq idi: “Amma hər halda, həmin faciəyə görə hamımız Azərbaycan xalqından üzr istəməliyik”. Diqqət yetirdinizsə, bu adam həm həqiqəti deyir, həm də onu malalamağa çalışır. Biz belə “malalama” prosesləri ilə nə qədər üzləşmişiksə, heç özümüz də bilmirik. 


Ulu öndərin qətiyyəti...


Müstəqilliyin ilk illərində 20 Yanvar faciəsi kimi, Xocalı soyqırmı da bir neçə il xalqın qəzəb, nifrət və kinlə yoğrulmuş etirazlarına səbəb olsa belə, hər iki dəhşətli fakt barədə heç bir rəsmi müzakirə aparılmamış, onlara hüquqi-siyasi qiymət verilməsi istiqamədində ciddi addımlar atılmamışdı. Ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıtmasından sonra isə hər iki faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması üçün geniş müzakirələr aparılmışdır. 
Ulu öndərin fikrincə, Xocalı soyqırımının ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması, bütövlükdə, insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün lazım idi. ­Prezident İlham Əliyev xatırladır ki, 1994-cü
ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. 
Təbii ki, məqsəd uzun müddət Ermənistana rəhbərlik etmiş Robert Koçaryan və Serj Sarkisyanın bilavasitə iştirakı və rəhbərliyi ilə törədilmiş bəşəri cinayətə beynəlxalq hüquqi-siyasi qiymət verilməsini təmin etməkdir. Bu, digər tərəfdən də bizim Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısındakı insanlıq və vətəndaşlıq borcumuzun yerinə yetirilməsidir.
Burada başqa bir faktı da xatırlatmağa ehtiyac var. Belə ki, 2001-ci ildə Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olan ­İlham Əliyevin təşəbbüsü ilə “Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin etiraf edilməsinə dair” qətnamə hazırlanmışdı. Xocalı faciəsi ilə bağlı olan həmin sənəddə yazılırdı: “26 fevral 1992-ci ildə ermənilər Xocalı şəhərinin bütün əhalisini vəhşicəsinə qırdı və şəhəri bütövlükdə darmadağın etdilər”. Həmin sənəd Böyük Britaniya, Lüksemburq, Polşa, Türkiyə, Bolqarıstan, Albaniya, Norveç və Makedoniyadan olan deputatlar tərəfindən təsdiq edilmişdi.
Sonradan isə həm dövlət başçımızın, həm də Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində dünyanın, demək olar ki, əksər ölkələrində Xocalı faciəsini soyqırımı kimi qəbul edənlər sürətlə artdılar. Hətta bir çox ölkələr həmin reallığı dövlət rəhbərliyi və ya parlament səviyyəsində – rəsmi olaraq soyqırımı kimi tanıdılar. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası da öz müsbət nəticələrini verməkdədir. 


İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti” 

Qan yaddaşı