№ 347 Bakı şəhəri, 28 sentyabr 2023-cü il
Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası və formasının təsdiq edilməsi haqqında
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın forması təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın elektron qaydada verilməsinin təşkili məqsədilə zəruri tədbirlər görsün.
4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 347 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1 .Bu Qayda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16.2-ci maddəsinə uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın (bundan sonra – Sertifikat) verilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2 .Bu Qaydanın tələbləri bərpa olunan enerji mənbələrindən elektrik enerjisini istehsal və ya istehlak edən şəxslərə (bundan
sonra – ərizəçi) şamil edilir.
1.3 .Sertifikat Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (bundan sonra - BOEMDA) tərəfindən ərizəçinin müraciəti əsasında bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən generasiya qurğularına baxış keçirilməklə verilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Sertifikat – elektrik enerjisi təchizatçılarının istehlakçılara satılan elektrik enerjisinin mənbəyinin sənədləşdirilməsi, elektrik enerjisi bazarında alqı-satqı zamanı bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi mənbəyinin müəyyənləşdirilməsi və izlənilməsi, istehsalçıların Qanuna əsasən müəyyən edilmiş dəstək mexanizmlərindən istifadə etməsi məqsədilə istehlakçı və ya istehsalçının müraciəti əsasında verilən, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyini təsdiq edən sənəd;
2.1.2.istehsalçı – bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalını həyata keçirən şəxs;
2.1.3. istehlakçı – alqı-satqı müqaviləsi əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən şəxs;
2.1.4. generasiya qurğularına baxış – bərpa olunan enerji mənbələrindən istehsal və ya istehlak edilən elektrik enerjisinin mənbəyinin və istifadə olunan generasiya qurğularının markasının, modelinin, modifikasiyasının, gücünün və buraxılış ilinin müəyyən edilməsi üçün həyata keçirilən araşdırma.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
3. Sertifikatın verilməsi üçün ərizəyə baxılması və qərar verilməsi
3.1. Ərizəçi Sertifikatın alınması üçün BOEMDA-ya yazılı ərizə ilə müraciət edir.
3.2. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar göstərilir.
3.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
3.3.1. ərizəçi hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, VÖEN-i;
3.3.2. ərizəçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti;
3.3.3. ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
3.3.4. ərizəçi ailə kəndli təsərrüfatı olduqda – ailə kəndli təsərrüfatının uçotu haqqında sənədin surəti, təsərrüfat üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3.3.5. generasiya qurğularının texniki xüsusiyyətlərini təsdiq edən sənədlərin surəti, elektrik şəbəkəsinə qoşulma aktı və şəbəkə operatoru ilə istehsalçı arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin surəti;
3.3.6. dövlət ekoloji ekspertizası rəyinin surəti (gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyaları və gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarına (külək generatorları parkları) münasibətdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə dair);
3.3.7. istehsalçı tərəfindən istehsal olunmuş və şəbəkəyə ötürülmüş elektrik enerjisinin sayğac göstəricisini təsdiq edən sənədlərin surəti;
3.3.8. istehsalçı ilə istehlakçı arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin surəti (istehlakçılar üçün);
3.3.9. enerji təchizatı müəssisəsindən alınan elektrik enerjisinin miqdarını təsdiq edən sayğac göstəricisinin surəti (istehlakçılar üçün).
3.4. BOEMDA bu Qaydanın 3.3-cü bəndində qeyd olunan sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının (qurumların) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bu mümkün olmadığı halda, həmin sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir.
3.5. Sertifikat Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq bərpa olunan enerji mənbələrindən elektrik enerjisini istehsal və ya istehlak edən şəxslərə verilir.
3.6. Sertifikatda aşağıdakı məlumatlar əks olunur:
3.6.1. Sertifikatın adı;
3.6.2. Sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi;
3.6.3. Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, qeydiyyat ünvanı;
3.6.4. bərpa olunan enerji mənbəyinin növü;
3.6.5. bərpa olunan enerji mənbəyindən istehsal olunmuş elektrik enerjisinin miqdarı (istehsalçılara münasibətdə);
3.6.6. bərpa olunan enerji mənbəyindən istehlak olunmuş elektrik enerjisinin miqdarı (istehlakçılara münasibətdə);
3.6.7. qarşısı alınmış karbon qazı tullantılarının miqdarı;
3.6.8. BOEMDA-nın səlahiyyətli şəxsinin soyadı, adı və imzası;
3.6.9. BOEMDA-nın elektron imzası.
3.7. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.
3.8. BOEMDA Sertifikatın verilməsi üçün ərizəçi tərəfindən təqdim olunmuş ərizəni qəbul edir və həmin gün qeydiyyata alır. BOEMDA Sertifikatın verilməsi üçün ərizəçi tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydanın 3.3-cü bəndində qeyd edilən siyahıya uyğunluğunu və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularına münasibətdə həmin qurğular üçün istismara buraxılış aktının mövcudluğunu yoxlayır.
3.9. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə məlumatı ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq, ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar dəqiq göstərilməlidir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman bu Qaydanın 3.12-ci bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.10. Ərizəçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 3.9-cu bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda, ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.
3.11. Sertifikatın alınmasına dair ərizənin qəbul edilməsindən sonra 15 (on beş) gün ərzində ərizədə qeyd olunmuş generasiya qurğularına baxış keçirilir və baxışın nəticəsi BOEMDA-nın baxış aktı ilə rəsmiləşdirilir.
3.12. Baxış zamanı 2.1.4 yarımbəndinə uyğun olaraq müəyyən edilmiş texniki göstəricilərin qurğunun texniki pasportunda göstərilənlərlə uyğunluğu və bütövlükdə qurğunun yenə də texniki pasportda göstərilən istehsal gücünə uyğun olaraq enerji istehsalı təsdiq edildikdə ərizənin qeydiyyatından sonra 30 (otuz) gün ərzində sertifikat verilir. Baxış keçirilməsi zamanı bu Qaydanın 3.14-cü bəndində göstərilən hallar aşkar edildikdə, Sertifikatın verilməsindən imtina edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.
3.13. Sertifikat ödənişsiz olaraq 5 (beş) il müddətinə verilir.
3.14. Sertifikatın alınması üçün Ərizəçi tərəfindən təqdim edilən sənəd və məlumatlar bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələblərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir.
3.15. Sertifikatın verilməsindən imtina haqqında qərardan inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət edilə bilər.
4. Sertifikatın yenidən rəsmiləşdirilməsi,
dublikatının verilməsi və ləğv edilməsi qaydası
4.1. Bu Qaydanın 4.4-cü bəndi nəzərə alınmaqla Sertifikatda göstərilən məlumatlarda dəyişikliklər olduğu hallarda, ərizəçi həmin dəyişikliklərin baş verdiyi gündən 30 (otuz) gün ərzində BOEMDA-ya Sertifikatın yenidən rəsmiləşdirilməsi üçün yazılı ərizə ilə müraciət etməlidir.
4.2. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan ərizədə Sertifikatda dəyişikliklərin edilməsi zərurəti əsaslandırılmalı və göstərilən hallar üzrə təsdiqedici sənədlər təqdim edilməlidir.
4.3. BOEMDA tərəfindən Sertifikatda dəyişikliklər edilməsi ilə bağlı ərizə daxil olduğu gündən 15 (on beş) gün ərzində araşdırılır və ərizəçiyə dəyişikliklər edilmiş Sertifikat və ya ərizədə göstərilmiş dəyişikliklərin edilməsindən imtina barədə rəsmi məlumat sifarişli poçt vasitəsilə göndərilir.
4.4. Bu Qaydanın 3.2-ci bəndi və 3.3.1 – 3.3.4-cü yarımbəndlərində qeyd edilən sənədlər təqdim edilməklə Sertifikat aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
4.4.1. Sertifikatın sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;
4.4.2. Sertifikatın sahibi olan hüquqi şəxsin adı və ya hüquqi ünvanı dəyişdikdə;
4.4.3. Sertifikatın sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı, qeydiyyat və ya fəaliyyət ünvanı dəyişdikdə.
4.5. Sertifikat zədələndikdə və yaxud itirildikdə, ərizəçi Sertifikatın dublikatının verilməsi ilə bağlı BOEMDA-ya yazılı ərizə ilə müraciət edə bilər. BOEMDA həmin ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində Sertifikatın dublikatını (üzərində “dublikat” qeydi aparılmaqla) ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
4.6. Sertifikat aşağıdakı hallarda ləğv edilir:
4.6.1. bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı dayandıqda və sertifikat sahibinin istehsal fəaliyyətinə xitam verildikdə;
4.6.2. Sertifikat sahibinin müraciəti əsasında;
4.6.3. Sertifikat sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə.
4.7. Sertifikatın ləğv edilməsi barədə məlumat BOEMDA tərəfindən ərizəçiyə 5 (beş) iş günü ərzində təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr
tarixli 347 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi
Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş
elektrik enerjisinin mənbəyinə dair
SERTİFİKAT
Qeydiyyat nömrəsi_______
Verilir _________________________________________________
______________________________________________________
(Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan və VÖEN-i
Bərpa olunan enerji mənbəyinin növü ___________
Generasiya qurğularının gücü __________kVt
Generasiya qurğularından istehsal edilə bilən
enerjinin illik maksimal miqdarı__________kVt×st.
Qarşısı alınan karbon qazı tullantılarının miqdarı _________ ton
Bu Sertifikat “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən verilir.
_____________________ _______________
(səlahiyyətli şəxs) (imza)
M.Y.
Verilmə tarixi “__”__________20__il
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi
Bərpa olunan enerji mənbələrindən istehlak edilmiş
elektrik enerjisinin mənbəyinə dair
SERTİFİKAT
Qeydiyyat nömrəsi_______
Verilir _________________________________________________
______________________________________________________
(Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i , fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i)
Bərpa olunan enerji mənbəyinin növü___________.
___________________tarixlərində bərpa olunan enerji mənbəyindən istehlak olunmuş elektrik enerjisinin miqdarı ________ kVt×st
Qarşısı alınmış karbon qazı tullantılarının miqdarı _________ ton
Bu Sertifikat “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən verilir.
_____________________ ______________
(səlahiyyətli şəxs) (imza)
M.Y.
Verilmə tarixi “__”__________20__il
№-li nüsxə