“İpək Yolunun mirvarisi” XV Daşkənd Beynəlxalq kinofestivalı Səmərqənd şəhərindəki “Silk Road” turizm mərkəzində başa çatıb.
Festivala dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinematoqrafçı, tanınmış aktyor və aktrisa, rejissor, operator qatılıb. Azərbaycanı bu tədbirdə mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Festival çərçivəsində 200-dən çox müxtəlif tədbir, o cümlədən 60-dan artıq usta dərsi, yaradıcılıq görüşü keçirilib.
Kino bayramında 60 bədii, sənədli və qısametrajlı film göstərilib.
Festival çərçivəsində gənc rejissorların “5 gün ərzində kino” Beynəlxalq müsabiqəsinə də yekun vurulub.
Gənc Azərbaycan rejissoru Şirin Əhmədovun “100 addım” qısametrajlı filmi bu nominasiyada birinci mükafata layiq görülüb. Rusiyadan gələn rejissor ikinci, Qırğızıstan təmsilçisi üçüncü mükafatı alıb.
Ənənəyə uyğun olaraq müsabiqə iştirakçıları Səmərqənd, Buxara, Xarəzm, Fərqanə və Daşkəndin tarixi məkanlarında çəkilişlər aparıblar.
Qulu Kəngərli
“Xalq qəzeti”nin xüsusi müxbiri
Səmərqənd