Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ölkə paytaxtında davam edən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr edilmiş “Azərbaycan ədəbiyyatında ulduzlu səma” mövzusunda elmi seminar keçirildi.
Muzeyin direktoru akademik Rafael Hüseynov klassik ədəbiyyatımızda astronomik bilgilərə dair məruzəsində bildirdi ki, son yarım əsrdə Azərbaycanın ikinci dəfə beynəlxalq astronavtika məclisinə evsahibliyi etməsi heç də səbəbsiz deyil. Əsrlər boyu Azərbaycan Yaxın və Orta Şərqdə astronomiyanın mərkəzlərindən birinə çevrilib. XII–XIII əsrlərdə Azərbaycanda astronomiya elminə maraq daha da artıb. Şairlərimiz və alimlərimiz öz əsərlərində astronomiya, ulduzlu səma haqqında fikir və düşüncələrini parlaq bir dildə ifadə ediblər. Azərbaycan ədəbiyyatında kainatın sirləri diqqətçəkən mövzulardan olub. Necə deyərlər, Ay, Günəş, parlaq ulduzlar, bütövlükdə ulduzlu səma poeziyanın seçilən obrazları sırasında yer alıb.
Muzeyin direktoru bildirdi ki, Nizami Gəncəvinin əsərləri astronomiya nöqteyi-nəzərindən Azərbaycan ədəbiyyatı və bütövlükdə Yaxın və Orta Şərq söz sənətində ilk qaynaqlardan biri sayılmalıdır. Nizami astronomik dəqiqliklə deyirdi: “Göydə parlasa da nə qədər ulduz. Günəşdir nur verən aləmə yalnız”. Şair ulduzları, göy cisimlərini, ulduzlu səmanı yalnız bədii obraz kimi təsvir eləmir, həm də onlardan bir münəccim kimi bəhs edirdi. Təsadüfi deyil ki, orta əsrlərin bir sıra qaynaqlarında, müəyyən təzkirələrdə Nizami Gəncəvi sadəcə şair, böyük hikmət sahibi deyil, həm də bir əxtərşünas, ulduzşünas kimi təqdim edilib. Orta əsrlərdə ikinci elə bir şairə, ədibə rast gəlmirik ki, onun əsərlərində ulduzlu səma Nizamidəki qədər yerli-yataqlı təsvir olsun.
Bildirildi ki, Qətran Təbrizi, Xaqani Şirvani, Məhsəti Gəncəvi və digər şairlərimizin yaradıcılığında da planetlərin, ulduzların adlarına rast gəlirik. Həmin müəlliflər səma cisimlərinin adlarından rəmzi mənada istifadə ediblər. XII yüzildə Azərbaycan həm şair, həm də astronomiya ilə məşğul olan Fələki Şirvani kimi böyük şəxsiyyət yetişib. Onun astronomiyaya aid əsərinin mövcud olması haqqında məlumat olsa da, təəssüf ki, bizim günümüzə gəlib çatmayıb.
Akademik görkəmli mütəfəkkir, alim Nəsrəddin Tusinin astronomiya elminin inkişafında müstəsna rolunu diqqətə çatdıraraq qeyd edib ki, XIII əsrdə Marağada dahi soydaşımız Yaxın və Orta Şərqdə ilk rəsədxanalardan birini yaradıb. Sonrakı əsrlərdə Əssar Təbrizinin “Mehr və Müştəri”, Abbasqulu Ağa Bakıxanovun “Əsrarül məlakut”, Hüseyn Cavidin “Xəyyam” və digər şairlərimizin əsərlərində astronomiyaya aid bilgilər, ulduzlu səmanın əsrarəngiz təsviri verilib.
Sonra Rafael Hüseynov iştirakçıların suallarını cavablandırıb.
Qabil YUSİFOĞLU
XQ