Brest sülhündən sonra  Mart qırğınları qaçılmaz idi

post-img

1918-ci ilin martın sonu, aprelin əvvəllərində Bakıda və Azərbaycanın digər yerlərində baş verən soyqırımlarının növbəti ildönümü yaxınlaşır. Həmin vaxt Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən, bu soyqırımı nəticəsində on minlərlə azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov XQ-yə müsahibəsində həmin hadisələr barədə danışıb.

– Rizvan müəllim, Mart qırğınlarına digər rakursdan baxmağa çağırırsınız. Digər rakurs nədən ibarətdir?

– 1918-ci il martın sonu, aprelin əvvəlində baş vermiş hadisələrin mahiyyətini anlamaq üçün həmin dövrdə dünyada və regional siyasətdə baş verənləri dərindən öyrənməyə ehtiyac var. Əfsuslar olsun ki, müstəqillik dövründə Mart soyqırımı hadisələri yetərincə öyrənilməyib və geniş auditoriyaya əhatəli şəkildə çatdırılmayıb. 

Ümumi olaraq bildirilir ki, silahlı erməni daşnak dəstələri və Stepan Şaumyan başda olmaqla bolşeviklər Bakıda və Bakı quberniyasının digər yaşayış məntəqələrində soyqırımları törədiblər. Ancaq əsas səbəb, iştirakçı qüvvələr və tərəflər çox vaxt dərindən təhlil edilmir. Zənnimcə, biz bu məsələyə daha geniş spektrdə və dərindən yanaşmalıyıq. Əsas diqqəti buna yönəltməliyik ki, 1918-ci il Birinci Dünya müharibəsinin sonuncu ili idi. Bundan əvvəl – 1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı baş verdi. Nəticədə çar mütləqiyyəti devrildi. Rusiyada respublika quruluşu bərqərar oldu. Həmin ilin oktyabrında bolşeviklər Petroqradda silahlı çevriliş edərək hakimiyyəti ələ keçirdilər. 

Birinci Dünya müharibəsində Sovet Rusiyasının iştirakı ilə bağlı Leninin siyasəti bundan ibarət idi ki, onlar çar Rusiyasından fərqli olaraq, güzəştə getmək bahasına olsa da, mütləq müharibədən çıxmalıdırlar. Yeri gəlmişkən, qeyd edim ki, hətta, o dövrdə Rusiyada Leninin bu siyasəti ilə bağlı çox böyük narazılıq var idi. Bunun satqınlıq olduğu bildirilirdi.

Birinci Dünya müharibəsi vaxtı Rusiyaya qarşı döyüşən əsas ölkələr Almaniya və Osmanlı imperiyaları idi. Lenin bu düşüncədə idi ki, müharibə dayanmalı, sülh imzalanmalıdır. Bundan sonra bolşeviklər daxili problemləri həll etməlidirlər. Yəni daxildəki düşmənlərini, bolşevik siyasətinə qarşı çıxanları terror yolu ilə aradan götürməlidirlər. Amma bunun baş verməsi üçün Sovet Rusiyası müharibədən çıxmalıdır. 1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində Qafqaz cəbhəsində Rusiya üçün ağır dönəm başladı. Müharibə zamanı Qafqaz cəbhəsi Şərq cəbhəsindən sonra ən mühümü idi. Bolşeviklər bu zaman bəzi manevrlər etdilər. Onlar yeni milli siyasi xətt hazırladılar. Bu xəttə görə, çar Rusiyası daxilindəki milli azlıqlar bolşevikləri dəstəkləyərlərsə, milli muxtariyyat əldə edə bilərlər.

1918-ci il martın 3-də Brest-Litovskda Sovet Rusiyası ilə “Dördlər ittifaqı” (Almaniya, Osmanlı, Avstriya-Macarıstan imperiyaları və Bolqarıstan çarlığı) arasında separat sülh müqaviləsi imzalandı. Rus tarixçilərinin də qeyd etdikləri kimi, bu sülh müqaviləsi Sovet Rusiyası üçün rüsvayçılıq və faktiki olaraq, təslimolma aktı idi. Çünki Rusiya ümumi ərazisinin 780 min kvadratkilometrini itirdi. Bu ərazidə Rusiya imperiyası əhalisinin 1/3-i, yaxud 56 milyon nəfər yaşayırdı. Əsasən Rusiyanın Avropa hissəsi – Baltikyanı, Belorusiyanın bir hissəsi Almaniyaya verildi. Ukrayna və Finlandiya müstəqil dövlətlər oldular.

Brest sülhü Osmanlı dövlətinin də maraqlarını təmin etdi. Rusiya Şərq cəbhəsində Almaniyaya güzəştə getdiyi kimi, Qafqaz cəbhəsində də Osmanlı dövlətinə güzəştə getməli oldu. 1877-1878-ci illərdəki rustürk müharibəsi nəticəsində Rusiyanın ilhaq etdiyi Şərqi Anadolu əraziləri – Qars və Batum vilayətləri yenidən Osmanlı dövlətinə qaytarıldı. Amma bolşeviklər bu torpaqla rı qaytarmaqla yanaşı, hiyləgər bir siyasət yürütməyə başladılar. Həmin ərazilərdə yaşayan erməniləri tam silahlandırdılar. Yəni bolşeviklər, guya, Osmanlı torpaqlarından çıxırdılar, amma çıxarkən gələcək qırğınlar üçün silahlı erməni dəstələri hazırlayırdılar. Brest sülhündən az sonra böyük bir ərazidə – Anadoluda, Cənubi Qafqazda, yəni hazırkı Türkiyə Respublikasının şərqində, indiki Azərbaycan Respublikasının, Cənubi Azərbaycanın, Ermənistanın və Gürcüstan ərazisində dəhşətli hadisələr baş verirdi. Təqribi hesablamalara görə, o dövrdə 500 min müsəlman öldürülüb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təxminən 25-30 min nəfərlik erməni və bolşevik dəstələri bu ərazilərdə müsəlmanları qıraraq orada gələcəkdə özlərinə uyğun olan milli muxtariyyət yaratmağa çalışırdılar. Bu milli muxtariyyətin rəhbərləri də ermənilər olmalı idi.

– Qafqaz cəbhəsindən çıxan erməni və bolşevik dəstələrinin istiqaməti hara idi?

– Onların əksəriyyəti Bakıya doğru hərəkət etməyə başladılar. Çünki həmin dövrdə Bakıda hakimiyyət bolşeviklərin – Bakı Xalq Komissarları Sovetinin əlinə keçmişdi. Şaumyan özünü bolşevik kimi göstərsə də, o da daşnaklardan geri qalmırdı. Şaumyan Lenin tərəfindən bütün Qafqaza komissar təyin edilmişdi. Onun digər vəzifələri də var idi. O, vəzifələrdən sui-istifadə edərək Qafqaz cəbhəsindən çıxan on minlərlə əli silahlıların, ermənilərin və bolşeviklərin Bakıya gəlməsini əmr etdi. Çünki Bakı Qafqazın ən böyük iqtisadi-sənaye mərkəzi, neft şəhəri idi. Bakıya nəzarət edən bütün Qafqaza nəzarət edəcəkdi. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bolşeviklərin hazırladıqları yeni milli siyasi xəttə görə, Çar Rusiyası daxilindəki milli azlıqlar bolşevikləri dəstəkləyərdilərsə, milli muxtariyyat əldə edə bilərdilər. Ancaq Şaumyan və onun kimi bolşevik cildinə girmiş daşnaklar Azərbaycan ərazisində azərbaycanlıların milli muxtariyyətinin, yaxud dövlətinin olmasını qətiyyən istəmirdilər. Ona görə də Brest sülhü imzalanandan sonra mart qırğınlarının baş verməsi qaçılmaz idi. Elə müqavilənin imzalanmasından cəmi 27 gün sonra Bakıda ilk qırğınlar başladı.

– Belə amansız qırğınlarda məqsəd nə idi?

– Şaumyan Bakı da daxil olmaqla Xəzər boyunca – Dağıstandan İranadək yaşayan bütün müsəlman xalqlarını, hətta yəhudiləri qırmağa çalışırdı. Məqsəd burada Bakı paytaxt olmaqla erməni milli muxtariyyəti yaratmaq və sonra isə onu bolşevik Rusiyasına birləşdirmək idi. Plan bundan ibarət idi. Bu planın qarşısını alan Müsavat Partiyası başda olmaqla milli qüvvələr oldular. 1918-ci ilin martında Şaumyan yerli müsəlman əhalini özünə qarşı qaldırmaq üçün əlindən gələn bütün təxribatçı hərəkətləri həyata keçirdi. O, yaxşı bilirdi ki, müsəlman əhalidə faktiki olaraq, silah-sursat yoxdur. Amma onlara qarşı dayanan başdan-ayağa silahlanmış 20-25 min nəfərlik erməni-bolşevik silahlı dəstələri var idi. Hətta onlar hərbi gəmilərə, aeroplanlara, o dövrdə mövcud olan bütün müasir texnikaya malik idilər. Qafqaz cəbhəsindən gələn silah-sursat və döyüşçülərin hesabına Bakıda və şəhər ətrafında belə böyük ordu toplanmışdı. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında təkcə Bakıda deyil, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri böyük qırğınlar törətdilər. 

Brest sülhünə və bundan sonra Batumda Osmanlı dövlətinin təkidi ilə keçirilən sülh konfransına görə, azərbaycanlılar, gürcülər və ermənilər üçün milli dövlətlər, yaxud muxtariyyətlər yaradılmalı idi. Şaumyan bunu çox yaxşı bilirdi. Ona görə də əlindən gələni edirdi ki, Bakıda – necə deyərlər, Azərbaycanın döyünən ürəyində azərbaycanlıların milli dövləti olmasın. İstəyirdi ki, ermənilərin idarə edəcəyi bolşevik dövləti olsun. Bütün bu hadisələri nəzərə alaraq Şaumyan martın sonu, aprelin əvvəlində bu soyqırımları törətdi. Amma istədiyinə nail ola bilmədi. 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Daha sonra erməni dövləti (Ararat Respublikası) də yaradıldı. 

Ermənilər həm bolşevik, həm daşnak cildində bütün Azərbaycan ərazisində erməni dövlətçiliyinin yaradılmasına çalışırdılar. Sonrakı plan isə bu erməni dövlət qurumlarını bir dövlət altında birləşdirmək idi. 

Ancaq tarix bütün bu erməni layihələrinin iflasa uğradığını göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından az sonra – iyunun 4-də Osmanlı dövləti ilə anlaşma imzalandı. Həmin anlaşmanın dördüncü bəndinə əsasən ordu quruculuğuna başlanıldı. Sonra Qafqaz İslam Ordusu yarandı. Ordunun şəxsi heyətini Osmanlı dövlətinin zabitləri və onun tərkibinə qoşulan azərbaycanlı əsgər və zabitlər təşkil edirdi. Onların döyüş yolu 1918-ci ilin iyul ayından başladı. Qafqaz İslam Ordusu döyüşərək Gəncədən ta Bakıyadək bütün ərazilərimizi erməni daşnak birliklərindən azad etdi. Ən böyük döyüş isə Bakı uğrunda oldu və 1918-ci ili sentyabrında paytaxtımız azadlığına qovuşdu. Bununla da biz qurtulduq. Yəni Qafqaz İslam Ordusu gəlməsəydi, Azərbaycanın əksər əhalisi faktiki olaraq soyqırımına uğrayacaq, qaçqın və məcburi köçkünə çevriləcək, müasir Azərbaycan ərazisində dövlətçiliyimiz intişar tapmayacaqdı.

Səxavət HƏMİD

XQ



Müsahibə