Novruz rəngarəng tablolarda

post-img

Xalqımızın keçmişini, bugününü özündə yaşadan və əbədiləşdirən elə dəyərlərimiz var ki, onlar hər zaman ədəbiyyatımızın, incəsənətimizin sevilən mövzu qaynağı olub. Azərbaycan xalqının mədəni dəyərlər sistemində milliliyimizi əks etdirən zəngin adət-ənənələrlə əhatələnmiş Novruz bayramının xüsusi yeri var. Bu bayramın minilliklərdən üzübəri gələn özünəməxsus fəlsəfəsi, ritual və mərasimləri, yemək mədəniyyəti, adətləri böyük dəyərlər toplusudur. Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Ziyarət Qəhrəmanova-Cabarovanın Novruz bayramının əlvan tablolarda inikası barədə söydədiklərini təqdim edirik.  

– Azərbaycanda təzə ilin başlanmasının, yazın gəlməsinin bayram kimi qeyd edilməsi ənənəsi uzun əsrlərə söykənir. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir”. Ulu öndər  bildirirdi ki, hər bir azərbaycanlı azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır. Novruz rəsmlərdə, şeirlərdə, mahnılarda müxtəlif yönlərdən təsvir və tərənnüm edilib. Bu bayramın yaratdığı şən əhval-ruhiyyəli duyğuların bədiiləşdirilməsi rəssamlarımızın yaradıcılığında olduqca geniş yer tutur. Hələ 1930-cu illərdə dahi fırça ustası, milli rəssamlığımızın lideri olan Əzim Əzimzadə qoyulan qadağalara baxmayaraq, bir neçə əsərini Novruz bayramına həsr etmişdi. “Od çərşənbəsi”, “Kos-kosa”,  “Kəndirbazlar” kimi qrafik lövhələr bu sıradandır.   

Qadağalar götürüləndən sonra bir çox rəssamlar artıq bu mövzuya rahat şəkildə müraciət etməyə başladı. Xalq rəssamı Səttar Bəhlulzadənin 1970-ci ildə yaratdığı “Azərbaycan nağılı” adlı monumental tablosu Novruz mövzusunda yaradılmış ən yaddaqalan əsər sayılır. Bu lövhədə dahi rəssam süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirməyə nail olub. S.Bəhlulzadənin sonrakı illərdə yaratdığı “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Torpağın arzusu”, “Oyanış”, “Lalələr”, “Piti”, “Yaşıl xalı”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” və s. lövhələri bayrama, baharın gəlişinə həsr olunub.  Dahi sənətkarın ardınca digər rəssamlar bu mövzuya sevə-sevə müraciət edib, təsviri və tətbiqi sənətdə Novruz ünvanlı çoxsaylı əsərlər yaradıblar.  Misal olaraq tanınmış qrafika ustası, Xalq rəssamı Arif Hüseynovun Novruz” qrafik silsiləsi,  Nəcməddin Hüseynovun ərsəyə gətirdiyi “Müharibəli Novruz” adlı təsirl rəngkarlıq kompozisiyası, da öz yaradıcılığında Novruz mövzusuna davamlı olaraq müraciət edərək yer verən sənətkarlardandır. Onun yaratdığı “insanların sevimlisinə çevrilmiş, əsl bayram abu havaslnı yaşadan əsərlərdir. Belə ki, onun silsilə əsərlərində Novruz bayramına həsr olunmuş oyun və əyləncələr yer almışdır. Rəssamın “Kəndirbazlar”, “Qulaq falı”, “Yumurta döyüşdürənlər”, “Novruzda”, “Əjdaha ili”, “Su çərşənbəsi”, “Yel çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Od çərşənbəsi”, “Novruzda elçilik”, “Bayramda şirinçay süfrəsi” və s. əsərlərində Novruzun gəlişini duymaq olur. Rəssam hər bir əsərində milli olan bu bayramı elə milli atributlarla zənginləşdirərək təsvir etmişdir. Bunu adət-ənənələrimizin tablodaki canlı rənglərin ahəngli əksindən, istər obrazların milli geyimlərindən, istərsə də əsərləri bəzəyən milli xalça təsvirlərindən görmək mümkündür.

Xalq Rəssamı Altay Hacıyevin də müxtəlif illərdə Novruza həsr etdiyi qrafik lövhələri, linoqravürləri  var. Onun “Bahar qızı”, “Aşıqlar”, “Ceyranlar” “Novruz oyunları”, “Novruz duyğuları” bayram ovqatlı əsərləri buna misaldır.     

Yaradıcılığında milli folklor motivlərinə geniş yer ayıran Xalq Rəssamı Rasim Babayevin “Bayramda”, “Novruz” və “Bayram yükü” əsərlərində baharın oyanışını, Novruzun gəlişini hiss etmək olur.

Respublikamızın tanınmış sənətkarlarının yaradıcılığında Novruza həsr etdikləri əsərlər mövcuddur. Bunlardan Xalq rəssamları Tofiq Ağababayevin “Bayramınız mübarək”, Xalidə Səfərovanın “Novruzda”, “Çovqan”, “Çovqan oyunu”, Fərhad Xəlilovun “Bayramda”, Asəf Cəfərovun “Mənim Azərbaycanım” və “Aşıqlar”, Toğrul Nərimanbəyovun “Bayram”, Ələkbər Rzaquliyevin “Gəlinə bayram hədiyyəsi aparırlar”, Cəmil Müfidzadənin “Bayram yaxınlaşanda”, Elmira Şahtaxtinskayanın “Bayram hazırlığı”, Elbəy Rzaquliyevin "Novruz bayramı", Həsən Haqverdiyevin "Bahar", Sadıq Şərifzadənin "Bahar bayramı. Novruz" kimi müxtəlif illərdə yaratdıqları sənət nümunələrinin adlarını sadalamaq olar.

Xalq Rəssamı Mayis Ağabəyovun “Nağıllı Novruz”, Əməkdar İncəsənət Xadimi Eyyub Məmmədovun “Yaz bazarı”, Əməkdar rəssamlar Namiq Məmmədovun “Bahar nəğməsi”, Rafael Muradovun “Novruz ovqatı”, Arif Ələsgərovun “Kəndirbazlar”, rəssamlar Orxan Hüseynovun “Xoruz döyüşdürənlər”, Ələkbər Muradovun “Səməni”, Qafar Sarıvəllinin “Öncə vətəndir”, “Gözləmə”, Vaqif Ucatayın “Bayram süfrəsi”, Həşim Elçiyevin “Novruz”, İlham Ənvəroğlunun “Şanapipik xoş xəbər daşıyıcısıdır”, Arif Mərdanın “Bayram sevincləri”, Günay Mehdizadənin “Bahar qızı” və s. əsərlərində də yazın gəlişi, baharın xoş təravətini aydın şəkildə duya bilirik. 

Rəssamlarla yanaşı dekorativ-tətbiqi sənət ustalarımız da xalqımızın əziz bayramına öz yaradıcılıq töhfələrini vermişdir. Görkəmli xalça ustası Eldar Mikayılzadənin, keçəçi Rauf Əbdülhüseynoğlunun, keramika ustası Nailə Sultanın və rəssam Sənubər Səmədovanın adlarını xüsusilə qeyd etmək lazımdır. 

Novruz Bayramı, rəssamlar üçün təkcə vizual bir mövzu deyil, həm də mədəni və əxlaqi bir motivasiya qaynağıdır. Bayramın gətirdiyi yenilənmə və bərəkət kimi anlayışlar, rəssamların əsərlərində xüsusi bir ton yaradır. Həmçinin, Novruzun kökləri çox qədimlərə dayandığı üçün rəssamlar bəzən bu tarixi dərinlikləri və mifologiyanı da öz əsərlərində canlandırmışlar. Fırça ustalarının bəziləri, Novruzun ruhunu müasir bədii yanaşmalarla birləşdirərək, əsərlərində yeni üslublar və texnikalar istifadə etmişlər. Onlar ənənə ilə müasirliyi birləşdirən unikal əsərlər yaratmağı bacarmışlar.

Ümummilli liderimiz “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər reallığa çevrilmişdir. O gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir. 

Novruz bayramı dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən də yüksək təntənə ilə qeyd edilərək tanıdılır.

XQ

 

 























Mədəniyyət