“Mən həmişə vəzifənin məsuliyyətini səlahiyyətlərindən uca tutmuşam”

post-img

(əvvəli https://xalqqazeti.az/az/musahibe/208402-men-hemise-vezifenin-mesuliyyetini-selahiyyetlerinden)

“Xalq qəzeti” TV-də “Ayrı söhbət” proqramının qonağı görkəmli yazıçı-dramaturq, ictmai xadim Hidayət Orucovdur.

– Salam əziz dostlar, efirdə “Xalq qəzeti” TV, studiyada Qulu Ağsəsdir. “Ayrı söhbət” proqramı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovla birgə səyimiz nəticəsində ərsəyə gəlir. Bizim verilişimiz – qəzet və jurnalın birgə layihəsi “Xalq qəzeti” TV-də yayımlanacaq, “Xalq qəzeti”ndə və “Ulduz” jurnalında isə söhbətin mətni çap olunacaq. İlk qonağımız şair, yazıçı, dramaturq, publisist, ictimai xadim, hamımızın sevimlisi, təqdimata ehtiyacı olmayan Hidayət Orucovdur.

 

– Amma illər keçdikcə, hadisələr zaman etibarilə uzaqlaşdıqca insan o xatirələrə, o keçmişə artıq başqa nəzərlərlə baxır. O illərdə şəxsən mənə adi görüş kimi görünən, maraqlı epizod təsiri bağışlamayan hadisələr, sonradan görürsən ki, çox qiymətli imiş.

– Vaxt müəyyən həyat faktorudur, deyirsiz o vaxtlar qohum-əqraba kəndə gəldilər, oturdular... bütün bunlar həmin vaxtlar üçün adi həyat faktoru idi. İllər keçdikcə onlar ədəbiyyat faktoruna çevirilir. Çünki Zəngəzur da, sizin kəndiniz də, valideynləriniz, qohumlarınız, orda açılan süfrə, bütün bunlar bizim üçün hazırda çox qiymətlidir.

Siz həmişə düşmən içində olmusunuz, orda çalışmısınız, yüksək vəzifələrdə olmusunuz, teatrda da çalışmısınız. Artıq ermənilərin iç üzünü də bilirdiniz, sizə olan münasibəti də. Dili necə, bilirdiniz?

– Bilirsinizmi, onu yalnız mən yox, teatrın əsas rəhbərliyindəki digər adamlar, aktyorlar... Biz onu bir an unutmurduq, onları qabaqlayırdıq. Və ən çox ehtiyatlandığımız məqamlardan biri o idi. Məsələn, mən bilirdim ki, nə qədər gənc olsam da, bizim hər bir hərəkətimizə erməni millətçiləri təftiş baxımından, yoxlama eynəyi ilə baxırdılar. Bizdə istehza axtarmaq arzusunda idilər. Ona görə mən əvvəldə də teatrla bağlı bəzi məqamlar haqqında bir-iki cümlə dedim.

Biz işi elə qururduq ki, teatrda hər şey yüksək səviyyədə olsun. Məsələn, teatrın adi reklamı çox yüksək səviyyədə təşkil olunurdu. İrəvan şəhərindəki hər hansı tamaşanın reklamı nümunəyə çevrilirdi. Qastrol səfərlərində də erməni teatrlarına bunu nümunə kimi göstərirdilər. Əvvəla, hələ tamaşanın keyfiyyətini demirəm. Məsələn, erməni teatrı normal səviyyədə idi. Deyim ki, zəif idi, yox, deyildi. Amma biz çalışırdıq ki, erməni teatrından yüksək səviyyəda olaq

Bir epizodu deyim, o illərdə iki-üç ildən bir müxtəlif sahələr üzrə fəallar iclası keçirilirdi. Mədəniyyət sahəsinin iclaslarının birində Mərkəzi Komitənin katibi və Ali Sovetin Rəyasət Heyəti sədrinin birinci müavini iştirak edirdilər. Çaykovski adına musiqi məktəbinin 350 yerlik akt zalında mədəniyyət naziri erməni teatrlarını çox kəskin tənqid etdi – həm onların repertuar siyasətini, tamaşaların səviyyəsini, reklamlarını, qastrol səfərlərini...

Birdən heç kəsin gözləmədiyi halda dedi: “Kim teatrın repertuarını yüksək səviyyədə qura, qastrolları yaxşı təşkil edə bilmirsə, təşkilatçılıq qabiliyyəti yoxdursa, təbliğatı, reklamı yaxşı zinətləndirsə, onları Azərbaycan teatrına ezamiyyətə göndərək, gedib orada öyrənsinlər”. 350 erməninin hamısı –teatr direktorları, musiqi və mədəniyyət sahəsinin rəhbərləri, təhsil müəssisələrinin başçıları və s. elə bil şoka düşdülər. Azərbaycan teatrına?

Bir anlıq zala tamamilə sükut çökdü. Hətta milçək uçsaydı belə səsi eşidilərdi. Nazir də bunu hiss etdi. Bir neçə saniyə ara verərək dedi: “Mən öz teatrımızı deyirəm, İrəvan – Azərbaycan Dövlət dram Teatrını deyirəm”. Zarafata salaraq əlavə etdi: “Ezamiyyət xərcləri lazım olmayacaq”. İştirakçılar rahat nəfəs aldıqdan sonra sürəkli alqışlamağa başladılar.

Mən yalnız bir epizod dedim. Bayaqkı fikrimin davamı olaraq onu da əlavə edim ki, orada iş elə qurulmuşdu ki, əməkdaşların hamısı – həm yaradıcı, həm texniki heyət elə bil, kamikadze idilər, yalnız irəli, yalnız uşuş, yalnız sənət! Orada elə aktyorlar var idi ki, gözəl tamaşa oynayıb elə səhnədə də həlak olmağa hazır idilər. Belə bir əhval-ruhiyyə yaranmışdı orada.

– Mədəniyyət naziri sizin repertuara qarışırdı?

– 70-ci illərin əvvəllərindən başlayaraq, əvvəl müəyyən cəhdlər odu, amma teatrın adı çıxandan sonra, xüsusilə 1978-ci il, Bakı qastrolundan sonra, Bakıda Musiqili Komediya Teatrının binasında 14 gün İrəvan Teatrı, çox vaxt gündə iki tamaşa olmaqla (gündüz uşaqlar, axşam böyüklər üçün) qastrol səfərindən sonra Mədəniyyət Nazirliyi bizim repertuarı redaktə etmirdi.

Ümumiyyətlə, Azərbaycana o illərin özündə də ünlü teatrlar – Moskva, Sankt-Peterburq, Tiflis və İrəvan teatrları gəlirdi. Və qastrolları 3-4 gündən artıq çəkmirdi. On dörd gün bütün tamaşalar anşlaq keçirdi. Bir az sonra mən o vaxtkı mətbuat haqqında da münasibət bildirəcəyəm. İndiki “XQ TV” və “Xalq qəzeti”nin öncə uzun illər fəaliyyət göstərmiş, çap olunmuş “Kommunist” haqqında da müəyyən fikirlərimi deyəcəyəm.

– Hidayət müəllim, sosial mediadan istifadə edirsinizmi?

– Çox az istifadə edirəm. Çünki mən öz zəif tərəflərimi bilirəm. Bilirəm ki, istifadə etsəm vaxtımı çox aparacaq. Şahmat və futbol uzun illər vaxtımı çox apardığı kimi, ancaq sosial mediada gedən vacib materiallar barədə mənə məlumat verirlər.

– Vaxtımıza az qalıb. Qısa suallarımıza qısa cavab verməyinizi xahiş edirik. Yazılarınızı özünüz yığırsınızmı?

– Xeyir, hər zaman qələmlə yazıram, yığırlar.

– Latın qrafikası ilə yazırsınız, yoxsa kirillə?

– Əlbəttə, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıram. Kirillə daha asan olur, amma latın əlifbası ilə yazıram.

– Əgər öz həyatınızdan pyes yazsaydınız adını nə qoyardınız?

– “Burdan min atlı keçdi”. Çünki o mənim əbədi mövzumdur. Bu gün bizim görüşümüz “Xalq qəzeti” TV-dədir. “Xalq qəzeti”nin əvvəlki adı “Kommunist” haqqında, ümumiyyətlə, o vaxtkı mətbuat haqqında müxtəlif fikirlər deyirlər. Bəzən hər şeyi qara görmək istəyirdilər. O vaxt yalnız “Kommunist”i yox, digər qəzetləri də, məsələn, “Vışka” da, “Bakinski raboçi” də... Mən o vaxt İrəvanda yaşayanda onların hamısında çap olunurdum. Onların xidmətlərini unutmaq olmaz. Onlara layiq olduğu qiyməti vermək lazımdır.

Bir epizodu mən heç vaxt unutmaram. “Sovet Ermənistanı” qəzetinin 50 illiyi idi. Bu, 70-ci illərin əvvəllərinə təsadüf edirdi. Milli Akademik Dram Teatrının binasında formal da olsa çox möhtəşəm bir tədbir keçirdilər. Mərkəzi Komitənin birinci katibi və büro üzvləri də iştirak edirdilər. Azərbaycandan nümayəndə heyəti gəlmişdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev, “Bakinski raboçi” qəzetinin, hətta erməni qəzetinin baş redaktorları da var idi.

Bu qəzetlər o vaxt Mərkəzi Komitənin orqanı idi. Sonra orada yeni açılmış “Yelkən” adlı möhtəşəm bir restoranda ziyafət verildi. Bu vaxt mənim dişim möhkəm ağrıyırdı. Dişimin keyiməsi üçün iki-üç qədəh konyak içdim. Birdən masabəyinin səsini eşitdim. O da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi Robert Xaçatryan idi. Dedi: “Mən gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm”. Ayağa durdum. Dedim, Robert Hraçik oğlu, mən sizinlə Azərbaycan dilində danışmaq istəyirəm. Dedi: “Danış”. Sonra bunu nə üçün istədiyimi izah etdim. Dedim: “Siz Bakı Dövlət Universitetini bitirmisiniz”. Dedi: “Bəli, bəli...” Bu sözləri Azərbaycan dilində dedi.

Əvvəlcə ümumi ənənəvi, “Sovet Ermənistanı” qəzetinin fəaliyyətindən bir neçə söz dedim. Tədbirə münasibətimi bildirdim. Amma Robert Xaçatryan deyəndə ki, gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm, o mənim bədii yaradıcılığımı və əlbəttə, teatrın direktoru olmağımı nəzərdə tuturdu. Bayaq dediyim kimi, 1965-ci ildən, uydurma genosidin 50 illiyindən sonra bunların açıq və bəzən üstüörtülü şəkildə millətçilikləri, Qarabağ, Naxçıvan iddiaları, Türkiyəyə böyük ərazi iddiaları, az qala, mətbuatda da özünə yer tapırdı.

Ona görə mən Yeğişe Çarentsdən danışdım. Yeğişe Çarents bunlar üçün ideal bir şair olub. Onu böyük və əfsanəvi şair sayırdılar. 1937-ci ildə güllələnib. Amma o, açıq millətçilikdən uzaq olub və C.Cabbarlı, S.Vurğun və M.Müşfiqlə dostluq edib. C.Cabbarlının vəfat etdiyi günün sabahı o, bizim teatra gələrək bildirib ki, teatra C.Cabbarlının adını vermək lazımdır.

Mən bir nümunə kimi, Yeğişe Çarentsin adından istifadə edərək dedim ki, o, Sovet Azərbaycanının 15 illiyinə bir şeir yazıb və mən öz tərcüməm ilə bu şeiri oxudum:

Alqış, alqış qardaş elə,
Bir torpaqdan, bir Günəşdən,
Bircə hünər aldığımız
Çarın dustaqxanasında birgə fikrə daldığımız qardaş elə...

Şeirin sonrası yadımda deyil. Bir də onun Qərbi Azərbaycanda ermənilərin, az qala, himn olan bir şeiri var:

Hayastanım, Günəş dadlı sözlərinə vurğunam,
Adı qədim, qəlbi kövrək sazlarına vurğunam,
Qan dodaqlı çiçəklərin duyğusuna, ətrinə,
Nairimin oynaq rəqsli qızlarına vurğunam...

Əlbəttə, bir az hissi, emosional çıxışdan sonra sürəkli alqışlar qondu. Çox alqışladılar. Ziyafət bitdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev mənə yaxınlaşdı və qucaqladı. Türksayağı hər iki üzümdən öpdü. Dedi: “Siz mənim ürəyimdə ucaldınız, siz mənim ürəyimdə heykələ döndünüz...” Onu müşayiət edən “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarına mənim haqqımda çox yüksək fikirlər səsləndirərək deyib ki, mən onunla fəxr edirəm və Azərbaycana qayıdıb onu təbliğ edəcəyəm.

Yubileydən iki-üç gündən sonra o vaxtın məşhur jurnalist Rəfael Nağıyev mənə zəng elədi. Soruşdu: “Hidayət, sən ziyafətdə nə etmisən?” Mən də zarafatyana: “dişim ağrıyırdı, bir-iki qədəh konyak içdim ki, ağrı keçsin”. Dedi: “Baş redaktor gələndən səndən danışır...”

O vaxt “Kommunist” qəzetinin baş redaktorunun İrəvana gəlişi, orda bir gənc Azərbaycan şairinin çıxışı, onun milli keyfiyyətləri, milli düşüncəsi və s. və i. ona elə təsir eləmişdi.

Sonralar mənə zəng edərək yazı sifariş verirdilər. Teatrın hər il, hər mövsümdə görəcəyi işlər barədə müsahibələr alırdılar. Bayaq sizə dediyim Bakıya 14 günlük qastrol vaxtı Azərbaycanın bütün mətbuatı, başda “Kommunist” olmaqla bütün qəzetləri hər tamaşa haqqında rəylər verirdilər, fikirlər bildirirdilər. Elə bilin ki, Bakı 14 günlük qastrol səfərində mədəniyyət sahəsində İrəvan teatrının günlərinə çevrildi. Yəni “Kommunist” qəzetinə də belə yanaşmaq lazımdı.

Sonralar– yenidənqurma zamanı (mən o dövrün özündə də onu mətbuatda “yenidənqırma” saymışam) mən artıq Bakıda yaşayırdım. Erməni təcavüzü başlayandan sonra mənim ən kəskin yazılarımı “Kommunist” qəzeti çap elədi. Məsələn, “Didərginlərə məktub” “Kommunist” qəzetində çap olundu. O vaxtlar o böyük maraq doğurmuşdu və artıq Qərbi Azərbaycandan qaçqınlıq prosesi başlamışdı. Ona görə mən bu qəzetə minnətdaram.

Mənim fikrimcə, bu qəzet ən maraqlı, ən dəyərli günlərini indi yaşayır. Mən hər gün “Xalq qəzeti”ni oxuyuram. Mənə elə gəlir ki, bu günün qəzeti deyil, günün kitabıdır, çoxsəhifəlidir: həm siyasət, həm ictimai məsələlər, həm iqtisadiyyat, həm təhsl, həm mədəniyyət, lap başlıcası, milli özünüdərk, milli şüur, milli dəyərlər... Ona görə Əflatun Amaşov başda olmaqla, mən bu qəzetin bütün kollektivinə minnətdaram və bu qəzetdə çalışan bütün jurnalistləri uğurları üçün təbrik edirəm. Eyni zamanda, “Ulduz” jurnalını... Bu jurnalı indiki dövrdə saxlamaq böyük hadisədir. Mən bəzi nömrələrinə baxmışam, amma bundan sonra abunəçisi olacağam.

– Bütün məşhurlar – Xalq artistləri, Xalq yazıçıları, müəllimlər, akademiya, universitetlər hamısı jurnala abunədir. Çox sevinərdim ki, siz də abunə olasınız.

– Mütləq! Mən “Ədəbiyyat” qəzetinə də hər həftə baxıram, eyni zamanda, da digər gündəlik qəzetlərə də.

– Biz bunları sizin üçün çıxarırıq. Yəni ki, bizim oxucularımız var, bilirik ki, kimlər oxuyur. Biri var alıcı, biri var oxucu... Siz bizim çox dəyərli oxucumuzsunuz.

– Mən sizə təşəkkür edirəm.

– “Ayrı söhbət” proqramına gələn qonaqlar sonda öz hədiyyələrini verirlər. Təbii ki, sizin də ən gözəl hədiyyəniz yeni çıxmış kitabınız olacaq. Oxuculara məmnuniyyətlə təqdim etmək istəyirəm. Bu, Hidayət müəllimin seçilmiş əsərlərinin birinci cildidir. İstəyirik ki, sizin imzanızla bu kitabı “Xalq qəzeti”nin kitabxanasına, birini isə ayrıca olaraq “Ayrı söhbət” proqramına hədiyyə edəsiniz.

– Təşəkkür edirəm. Mən indi avtoqraf yazacağam və bu mənim on cildliyimdir. Bir neçə il bundan əvvəl çap olunub. Bunun səkkiz cildi orijinaldır – poeziyadır, nəsrdir, esselərdir, dramaturgiyadır, bəzi publisist yazılardır. Siz məni tərcüməçi kimi təqdim də elədiniz, qalan iki cildi isə tərcümələrdir. Bu iki cildə özüm ad qoymuşam: “Özüm yazmaq istərdim”.

Orada Ulyam Şekspirin “Sonu yaxşı olan hər iş yaxşı” pyesini, Harriyet Biçer Stounun “Tom dayının daxması” romanını, XIX əsr ingilis və island ədəbiyyatından nümunələri, rus ədəbiyyatından nseçmələri, qardaş türk ədəbiyyatından çevirmələr və i.a. Mən o əsərləri Azərbaycan dilinə tərcümə eləmişəm ki, onları özüm yazmaq istərdim. Amma məni qabaqlayıblar, yazıblar, özü də çox gözəl yaradıblar.

– Tərcüməçi ikinci müəllifdir, siz heç nə itirməmisiniz.

– Bu kitab “Xalq qəzeti”nə yadigar qalsın, verilişiniz uzunömürlü olsun. Siz də kitabınızı mənə bağışladınız, təşəkkür edirəm. Mütləq oxuyacağam.

– İlk hədiyyə sizdən gəldi. Uğurlu olsun! Düşünürəm ki, tamaşaçıları yormadıq, inanıram ki, oxucular söhbəti çox maraqla izləyəcəklər. Sizə bir daha təşəkkür edirəm. Tamaşaçılarla sağollaşaq. Sağ olun, “Ayrı söhbət” verilişində yenidən görüşənədək.

“Xalq qəzeti” – “Ulduz” jurnalı

Müsahibə