Elektrik təchizatı şəbəkələri rəqəmsallaşdırılır

post-img

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Energetika Nazirliyinin rəhbərlik etdiyi “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası olub.

Videokonfrans formatında keçirilən iclası işçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O il ərzində bu sahədə əldə edilmiş nailiyyətlərin və qarşıda duran vəzifələrin səmərəli icrasının ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında elektrik şəbəkəsinə qoşulma sahəsində aparılan islahatların və yaradılan elektron xidmətləinr biznes mühitinin əlverişliliyinin artırılmasına müsbət təsir etməklə yanaşı, müvafiq sahədə beynəlxalq reytinqlərin yaxşılaşmasına töhfə veridiyini bildirib. Qeyd olunub ki, bu sahədə əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsi və yeni istiqamətlərdə təkmilləşmələrin davam etdirilməsi qarşıda duran əsas prioritetlərdəndir.

“Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov isə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində icra edilmiş rəqəmsallaşdırma və optimallaşdırma tədbirləri haqqında məlumat verib. O, növbəti ildə də bu səylərin genişləndiriləcəyini, eyni zamanda, həm sahibkarlarla, həm də geniş ictimaiyyətlə müntəzəm kommunikasiyanın davam etdiriləcəyini qeyd edib.

İclasın gündəliyinə müvafiq olaraq, Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına hesablanmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Gələn il üzrə Yol Xəritəsinin layihəsi müzakirəyə çıxarılıb, elektrik şəbəkəsinə qoşulma prosesinin daha da optimallaşdırılması məqsədilə nəzərdə tutulmuş tədbirlər iştirakçılar tərəfindən ətraflı təhlil edilib. Bununla yanaşı, İntensiv Kommunikasiya Planının icrası istiqamətində elektrik şəbəkələrinə qoşulma prosesinin şəffaflığını təmin etmək və bu sahədə sahibkarların məlumatlılığını artırmaq məqsədilə reallaşdırılan tədbirlər nəzərdən keçirilib. İclasda, həmçinin “Kommunal xidmətlər (elektrik)” indikatoru üzrə ekspert sorğularına verilən cavabların diaqnostika sənədi müzakirə edilib.

Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərnerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qarşıda duran tapşırıqların icrası ilə bağlı təklif və tövsiyələr qiymətləndirilib.

 

İqtisadiyyat