Torpaq universal sərvət mənbəyidir

post-img

Ondan səmərəli istifadə bolluğa aparır

İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri böyükdür. Temperaturun artması, yağıntı normalarının dəyişməsi və tez-tez baş verən ekstremal hava hadisələri torpağın səhralaşmasına səbəb olur, ərzaq təhlükəsizliyinə ciddi problem yaradır.

Son 50 ildə səhralaşma ilə bağlı BMT-nin təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans və konqreslərdə əksər ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirak etməsi bu problemin ciddiliyindən xəbər verir. Ona görə də belə çətinliklərin tədricən aradan qaldırılması birgə dərin nəzəri və praktiki fəaliyyətin nəticəində mümkündür. Bu məsələlərə aydınlıq gətirən Coğrafiya İnstitutunun torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev söhbətə belə başladı:

– Səhralaşma prosesi demək olar ki, dünyanın əksər ölkələrini bütövlükdə və yaxud qismən əhatə edir. Mərkəzi Asiya artıq çoxdan bu prosesə məruz qalaraq səhraya çevrilib. Azərbaycan hazırda səhralaşma prosesinin intensiv getdiyi ölkələrdən biridir. Bunun qarşısını almaq üçün dövlət başçısı bir sıra sərəncamlar imzalayıb. Sonuncu, 2 fevral 2024-cü il tarixli sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiqləyib. Bu, həm də BMT-nin “Dünyanın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gərginliklər”dən irəli gələn öhdəliklərin icrası istiqamətində mühüm önəm daşıyır. Digər bir hadisə isə ölkəmizin BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına noyabrda evsahibliyi etməsi, iqlim dəyişikliyi ilə bağlı problemin həllində fəal iştirakıdır.

– Ətraf mühitin təbii tarazlığının pozulması torpaq örtüyünün aşınmasına, münbitliyin itirilməsinə gətirib çıxarır.

– İstiləşmə aridliyin artmasına, torpaqların deqradasiyasına, biomüxtəlifliyin azalmasına, bütün bunlar isə nəticədə səhralaşmaya səbəb olur. Bəşəriyyətin belə bir problemlə üzləşməsi torpaqşünas alimlər qarşısında ciddi vəzifələr qoyur. Dünyanın bir çox ölkələrində torpaqların deqradasiyası, bərpası və qorunması istiqamətdə ciddi elmi–tədqiqat işləri yerinə yetirilir. Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsində səhralaşma prosesi fonunda torpaqların deqradasiyası prosesi dərindən tədqiq edilir. Araşdırmalar zamanı son 100 ilin monitorinq nəticələri və çoxillik peyk şəkilləri təhlil olunur və müqayisə edilərək qiymətləndirilir.

Yeri gəlmişkən, ölkəmizdə səhralaşmaya ən çox Naxçıvan Muxtar Respublikası, Kür–Araz ovalığı, Ceyrançöl–Acınohur, Qobustan və Abşeron əraziləri məruz qalıb. Son zamanlar Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar iqlimdə kontinentallıq artıb, səhralaşmış landşaftlar daha da genişlənib. Bu ərazilərdə torpaqlar müxtəlif səbəblərdən qidalı maddələri itirib. Ötən 70 il ərzində qida məhsullarının tərkibindəki vitaminlərin və qidalı maddələrin səviyyəsi kəskin şəkildə azalıb. Nəticədə torpağın münbitliyi itib, məhsuldarlıq aşağı düşüb.

Bütün bunlarla bağlı hazırda Azərbaycanın torpaq fondunun müasir vəziyyəti, münbitliyinin mühafizəsi, insanların torpağa münasibətinin dəyişdirilməsi, eləcə də məktəblilər arasında maarifləndirmə işinin genişləndirilməsinə zəruri ehtiyac duyulur.

– Azərbaycanın münbit torpaq ehtiyatları o qədər də böyük deyil. Çıxış yolu onun münbitliyinin, məhsuldarlığının qorunmasıdır.

– Respublikamızda vahid torpaq fondu adambaşına 0,78 hektar təşkil edir. Belə bir göstərici getdikcə azalır. Bu, eyni zamanda, istifadə edilən torpaqların təbii münbitliyində də aydın nəzərə çarpır. Ölkədə kənd təsərrüfatı təyinatlı 4,7 milyon hektar torpaq ehtiyatının mövcud durumunu nəzərdən keçirdikdə məlum olur ki, həmin göstəricinin yalnız 42–43 faizi yaxşı keyfiyyətli torpaqlar hesab olunur. Torpaqların qalan hissəsi isə orta və aşağı keyfiyyətli, şərti yararsız sahələrdir.

Azərbaycanın vahid torpaq fondunun istifadəçilik strukturuna diqqət yetirdikdə məlum olur ki, kənd təsərrüfatı sahələri üzrə birinci yer 54–55 faiz örüş və otlaqların payına düşür. Əkin sahələri bu sırada ikinci sırada olmaqla 35,4 faiz təşkil edir. Adambaşına 0,15 hektar düşür ki, bu da dünyanın bir çox ölkələrindən və orta dünya göstəricisindən aşağıdır. Belə olan halda torpaqlarımızdan daha düzgün və səmərəli istifadə etmək tələb olunur.

– Torpaq fondu deqradasiyaya məruz qalır. Buna təbii və antropogen amillər necə təsir edir?

– Dünyanın vahid torpaq fondunu deqradasiyaya məruz qoyan bütün amillərə Azərbaycan torpaqlarında rast gəlmək mümkündür. Təbii yolla baş verən deqradasiya amilləri antropogen təsir nəticəsində şiddətli və çox şiddətli xarakter alıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra sosial və sənaye isnfrastruktur sistemi sürətlə inkişaf edir və nəticədə, münbit torpaq sahələri neft və qaz kəmərlərinin, yeni yaşayış məntəqələrinin, eləcə də yolların altında qalır. Bu amillə üzləşməyən əkin, örüş və otlaqlarda isə antropogen yüklənmə ildən-ilə artaraq sahələr deqradasiyaya məruz qalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi mövcud yüklənməni bir qədər azaltmaqla yanaşı, əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının aradan qalxmasına imkan verir. Qarabağın bir sıra inzibati əraziləri, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, qismən Zəngilan, Qubadlı rayonları münbit torpaq ehtiyatlarına malikdir. Həmin coğrafiyada yaşayış məntəqələri və infrastrukturun yaradılması üçün münbit torpaqlardan kənar ərazilər seçilməlidir. Regionun şirin su ehtiyatlarından maksimum dərəcədə və qənaətlə yararlanmaqla ölkənin ərzaq probleminin həllinə böyük töhfə vermək olar.

Kəlbəcər və Laçın rayonları çox geniş yay otlaq sahələrinə malikdir. Yaxın keçmişdə Beyləqan, İmişli, Ağdam, Füzuli, Cəbrayıl və s. rayonların yüz minlərlə qoyun sürüləri bu yaylaqlara çıxarılırdı. Beləliklə, Qarabağın, eləcə də Mil, Muğan düzlərində qış otlaqları yüklənmədən 2,5–3 ay müddətində azad olur, torpağın bərpası qismən reallaşırdı. Bu ənənəni bərpa etmək lazımdır.

Azərbaycanın torpaq fondunun müasir səhralaşma prosesi fonunda təbii və antropogen neqativ təsirlərdən qorumasının bir yolu da geniş ictimaiyyət içərisində maarifləndirmə işi aparmaqla ona münasibəti dəyişməkdir. Dövlət nəzarəti ilə yanaşı, torpaqdan istifadənin elmi əsasları işlənilməlidir. Ayrı-ayrı torpaq tipləri üzrə potensial imkanlar qiymətləndirilməli və ona uyğun istifadə edilməlidir. Bütün torpaqlardan eyni qaydada yararlanmaq qida maddələri baxımdan zəif torpaqların daha da gücdən düşməsinə və yüksək dərəcədə deqradasiyasına gətirib çıxarır.

Müsahibəni apardı:
Pünhan ƏFƏNDİYEV
XQ

Müsahibə