Qlobal istiləşmə sərhəd tanımır

post-img

Ölkəmiz də bu prosesin dağıdıcı təsirlərindən kənarda deyil

Müasir iqlimşünaslığın önəmli mövzularından biri olan iqlim dəyişikliyinin yaratdığı problemlər mürəkkəb və müxtəlif olub, kompleks təsirə malikdir. Onlardan biri atmosferdə istixana qazlarının konsentrasiyasının artmasıdır. Lakin regional iqlim dəyişmələrinin bir hissəsi böyük şəhərlərdəki urbanizasiya prosesi və meqapolisin inkişafı ilə əlaqədardır. Təbii səbəblərin rolu isə problemi bir qədər də ağırlaşdırır. Məsələn, qlobal istiləşməyə gətirib çıxaran əsas amillərdən biri son onilliklərdə isti hava dalğalarının intensivliyinin və təkrarlanmasının çoxalmasıdır. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev bu məsələ ilə bağlı XQ-yə açıqlamasında bildirdi:

– Bu problem Azərbaycan ərazisində təbii–dağıdıcı hadisələrin (sel, daşqın, dolu və s.) təkrarlanmasının çoxalması, sirkulyasiya şəraitinin, hakim kuləklərin gücünün və istiqamətinin dəyişməsi, meridional proseslərin güclənməsi, cənub siklonunun respublika ərazisinə müdaxiləsinin artması ilə müşaiyət olunur. Nəticədə istər düzənlik, istərsə də dağlıq ərazilərdə havanın temperaturu artır, yağıntı miqdarı azalır, su problemi yaranır.

– Baş verən bu dəyişikliklər nə ilə bağlıdır?

– Azərbaycanda Günəş fəallığının güclənməsiı ilə sıx bağlı olan iqlim dəyişikliyi hazırda daha da intensivləşib və meridional proseslərin artmasına səbəb olub. Bunun nəticəsində baş verən təbii – dağıdıcı hadisələrin sayı dəfələrlə artıb. Bu, Azərbaycan iqlimində özünü daha kəskin formada büruzə verir, başqa sözlə desək, orta illik temperatur tərəddüdünün amplituda qiymətləri regional qiymətləri bir neçə dəfə üstələyir. Məsələn, XIX əsrin sonlarından müasir dövrə qədər Yer kürəsi üçün amplituda qiymətləri və ya orta illik temperaturların anomaliyalarının intervalı (maksimum və minimumlar arasındakı fərq) 1 dərəcə, Azərbaycan ərazisində isə bu, Bakıda 1,6, Lənkəranda 2,4, Qubada 3,4, Şamaxıda 1,2, Şəkidə 2, Zaqatalada 2,1, Ağstafada 2,3, Gəncədə 3,4, Gədəbəydə 2 dərəcə selsi təşkil edib. Bakıda orta illik temperatur 2001–2010-cu illərdə 1991–2000-ci illərə nisbətən 0,6 dərəcə, 2011–2020-ci illərdə isə əvvəlki onilliyə nisbətən 0,5 dərəcə artıb.

Demək olar ki, Azərbaycan ərazisinin hər yerində orta çoxillik temperaturun dəyişmə sürəti 140 il ərzində 1-2 dərəcə intervalında tərəddüd edib. Lakin ölkənin qərb ərazilərində dəyişmə sürəti daha intensiv olmaqla diqqət çəkib. Belə vəziyyət Böyük Qafqazın şimal-şərq hissəsində də müşahidə olunub.

İrimiqyaslı atmosfer proseslərinin səbəb olduğu belə dəyişikliklər və onların bir-birindən kəskin fərqlənməsi respublika ərazisinin hər yerində nəzərə çarpıb. Adətən bu cür hallar nəinki Azərbaycanın, eləcə də daha böyük ərazilərin iqliminə təsir göstərə bilir. Ona görə də respublikanın müxtəlif fiziki–coğrafi rayonlarını xarakterizə edən seçilmiş məntəqələrdə iqlim tərəddüdləri bütün müşahidə dövrü ərzində sinxron səciyyə daşımalıdır.

– Hazırda müşahidə olunan iqlim dəyişikliyini qlobal istiləşmənin davamı kimi səciyyələndirmək olarmı?

– Yer səthində qlobal temperaturun artımı okean səviyyəsinin qalxması, quruda qar və buz örtüyünün azalması, dağ buzlaqlarının isə azalması ilə müşayiət olunur. Orta sutkalıq temperatur keçidinin yazda tezləşməsi, payızda gecikməsi, bu keçid tarixləri arasındakı dövrün davamiyyətinin, aqroiqlim ehtiyatlarının əsas göstəricisinin artması və s. kimi əlamətlər iqlim dəyişmələrini təsdiqləyir.

Qeyd edim ki, məntəqələrin hamısında bütün fəsillərdə temperatur artması müşahidə olunur. Tədqiqatlara əsasən, 1975–1980-ci illərdən etibarən temperaturun artması meridional sirkulyasyanın güclənməsi, zonal proseslərin zəifləməsi ilə uyğunluq təşkil edir. Yay aylarında daha çox müşahidə olunan meridional sirkulyasiya tipləri zamanı şimal yarımkürəsinin qütbətrafı rayonlarında yaranan antisiklonlar cənuba doğru hərəkət edir, subtropik antisiklonla birləşir və yaranan yüksək təzyiq Atlantik okeanı tərəfdən gələn qərb hava axınlarının qarşısını kəsir.

Şərqi Avropa və Sibir üzərində yaranan antisiklonların qolları isə Cənubi Qafqaza, o cümlədən Azərbaycana doğru yönəlir, burada dayanıqlı hava şəraiti yaranir və havanın temperaturunun artmasına səbəb olur. Digər siklon isə Qərbi Sibir üzərində yerləşir və geniş bir ərazini əhatə edir. Mərkəzi və Şərqi Avropa üzərində isə subtropik antisiklonun şimala doğru yönələn yüksək təzyiqi nəzərə çarpır. Troposferin orta təbəqələrində barik sistemlərin bu cür yerləşməsi onun aşağı təbəqələrində Avropanın cənubunda, Şimali Qafqazda Azor antisiklonu nüvəsinin inkişaf etməsinə, bəzən Azərbaycan ərazisinə qədər yayılmasına, Qafqaz üzərində zonal sirkulyasiyanın pozulmasına, meridionallığın artmasına gətirib çıxarır.

Bütün bunlar tədqiq olunan ərazilərdə havanın transformasiyasının yaranmasını şərtləndirir, nisbi və mütləq rütubətliyi azaldır, quraqlıq, yüksək temperatur üçün şərait yaradır. Bununla yanaşı, kiçik qradiyentli barik sahələrin mövcud olması hava kütlələrinin uzun müddət yer səthinin qızmasına və temperaturun artmasına gətirib çıxarır.

Müsahibəni hazırladı:
Pünhan ƏFƏNDİYEV
XQ

Müsahibə