Lokal problemlərin qlobal təhlükələri

post-img

Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından Xəzər dənizinin səviyyəsi daim tərəddüdlərə məruz qalır. Milyon illər əvvəl Xəzərin yerləşdiyi ərazidə zəlzələlər tez-tez baş verdiyindən onun səviyyə dəyişmələri bilavasitə tektonik proseslərlə əlaqədar olub. Belə ki, zəlzələ zamanı dəniz dibinin qabarıb çök­məsindən asılı olaraq Xəzərin səviyyəsi birdən-birə ya bir neçə metr qalxıb, ya da düşüb.

Hazırda isə tektonik proseslər zəiflədi­yidən Xəzər dənizinin səviyyə dəyişmələri iqlimlə əlaqədardır. İqlim amilləri isə onun su balansına təsir edir. Xəzər dənizinin səviyyəsi də onun su balansı ilə müəyyən olunur. Su balansının əsas elementlərinə isə çayların gətirdiyi suyun, dənizin sət­hinə düşən yağıntıların, eləcə də onun səthindən buxarlanmanın miqdarı aiddir. Bu mövzuda müsahibimiz ETN Coğrafi­ya İnstitutunun Xəzər dənizinin hidrome­teorologiyasi şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovdur.

– Xəzərin kəskin səviyyə dəyişmələri getdikcə təhlükəli hal halır. Dənizin ən aşağı həddi nə vaxt qeydə alınıb?

– Son minillikdə Xəzərin ən aşağı sə­viyyəsi X əsrdə olub (okean səviyyəsindən 35 metr aşağı). Ən yuxarı səviyyə (okean səviyyəsindən 22 metr aşağı) isə XIV və XVIII əsrlərdə qeydə alınıb. Sonrakı yüzil­liklərdə də Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri olub və əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 metr diapa­zonunda dəyişib. 

XX əsrdə dənizin səviyyə dəyişmələri 2 dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədər müddətdə Xəzərin sə­viyyəsi 3 metr aşağı düşərək son 400 ilin mütləq minimumuna (-29 metr) çatıb. La­kin 1977-ci ildən başlayaraq səviyyə kəs­kin şəkildə qalxmağa başlayıb və 1995-ci ilə qədər bu artım 2,5 metr təşkil edib. 1995–2004-ci illərdə səviyyə dəyişmələri nəzərçarpacaq olmasa da, 2005-ci ildən başlayaraq suyun səviyyəsində kəskin azalma qeydə alınır. Neft Daşları hidrolo­ji stansiyasının müşahidə məlumatlarına əsasən, cari ilin avqust ayına dənizin sə­viyyəsi mənfi 28,75 metr olub.

– Xəzərin səviyyəsinin enməsi ilə bağlı proqnozlar ürəkaçan deyil: 9–18 metr enmə proqnozlaşdırılır.

– Kəskin səviyyə dəyişmələri Xəzər­yanı ölkələrin iqtisadiyyatına və eko­logiyasına ciddi təsir göstərdiyindən bu dəyişmələrin uzun müddət üçün öncədən proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzun müddət üçün proqnozlaşdırmağa im­kan verən etibarlı metodlar mövcud deyil və əksər hallarda onlar inversion xarakter daşıyır. Məsələn, 1930–1977-ci illərdə dənizin səviyyəsi azalarkən əksər alim və mütəxəssislər səviyyənin düşməsinin gələcəkdə də davam edəcəyini proqnoz­laşdırırdılar. Lakin məlum olduğu kimi, bu proqnozlar özünü doğrultmadı. Belə ki, 1977-ci ildən sonra dənizin səviyyəsi kəs­kin artmağa başladı. Həmin dövrdə də alim və mütəxəssilərin tam əksəriyyəti dəniz sə­viyyəsinin yüksəlməkdə davam edəcəyini proqnozlaşdırsalar da, 2005-ci ildən sonra səviyyə yenidən aşağı düşməyə başladı və indəyədək davam edir. 

Hazırda bəzi alimlər tərəfindən əsrin sonunadək Xəzərin səviyyəsinin fəlakətli dərəcədə aşağı düşəcəyi ilə bağlı bədbin proqnozlar səsləndirirlər. Alman və hol­land alimlərinin “Nature Communications Earth & Environment” jurnalında dərc olunmuş məqalədə verdikləri proqnoz bu baxımdan daha qorxulu görünür. dur. Belə ki, onlar müxtəlif iqlim ssenarilərinə əsasən, XXI əsrin sonunadək Xəzərin sə­viyyəsinin 9–18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar. Bundan əvvəlki ənənə­vi proqnozlardan fərqli olaraq burada məqalə müəllifləri problemə gözlənilən qlobal istiləşmə ssenariləri kontekstindən yanaşıblar. Birinci ssenariyə əsasən, dün­ya dövlətlərinin atmosferə parnik qazları­nın atılmasının məhdudlaşdırılması haqda Paris Razılaşmasına riayət etdikləri halda Xəzərin səviyyəsinin əsrin sonunadək 9 metr, ikinci ssenariyə əsasən (razılaşma­ya əməl edilmədiyi halda) 18 metr aşağı düşəcəyini proqnozlaşdırıblar. Səviyyənin aşağı düşməsində əsas səbəb kimi əsrin sonunadək havanın temperaturunun kəs­kin yüksəlməsi nəticəsində dəniz səthin­dən buxarlanan suyun miqdarının artması göstərilir. 

– Xəzərətrafı ölkələri hansı sürpriz­lər gözləyir? 

–Xəzər dənizi haqqında proqnoz, hətta “yumşaq” ssenari üzrə özünü doğruldarsa (səviyyənin 9 metr aşağı düşməsi), Xəzər regionunun ekoloji, iqtisadi, hətta siya­si sabitliyində böyük problemlər yaşana bilər. Səviyyənin kəskin aşağı düşməsi Xəzərin şimalının, demək olar ki, tama­milə qurumasına, sahil landşaftının deqra­dasiyasına və ümumiyyətlə, dənizin sahil xəttinin nəzərəçarpacaq dəyişməsi ilə quru sahələrin artmasına və Xəzərətrafı ölkələr arasında ərazi problemlərinin yaranması­na səbəb ola bilər. Bununla yanaşı, dəniz naviqasiyasında, neft-qaz hasılatı və da­şınmalarında ciddi problemlərin yarana biləcəyi şübhə doğurmur. Bu zaman, həm də sahil infrastrukturunda və rekreasiya fəaliyyətində nəzərəçarpacaq çətinliklərin meydana çıxması və əlavə xərclərə ehtiya­cın yaranması mümkündür. 

Hazırda çox da qənaətbəxş olmayan dəniz ekosistemində baş verə biləcək cid­di neqativ dəyişikliklər biomüxtəlifliyin nəzərəçarpacaq dərəcədə azalması, o cüm­lədən qiymətli balıq növlərinin və digər nadir dəniz canlılarının kökünün tamamilə kəsilməsi və ya populyasiyaların minimu­ma enməsi ilə nəticələnəcək. Dayaz əra­zilərin, o cümlədən Qızılağac körfəzinin və ərazidəki bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yaradacaq.

Digər uzunmüddətli proqnozlar kimi alman və holland alimlərinin də Xəzər dənizində gözlənilən səviyyə dəyişmələri haqda verdikləri proqnozun nə dərəcədə özünü doğruldacağı sual altındadır, çünki burada dəniz səviyyəsinə təsir edən əsas amil kimi yalnız qlobal istiləşmə götü­rülür, halbuki səviyyənin kəskin aşağı düşdüyü 1930–1977-ci illərdə havanın temperaturu iqlim norması (1961–1990) ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı idi. 

– Xəzər dənizinin səviyyəsində mü­şahidə olunan dəyişmələrin atmosfer hadisələri ilə bağlılığı aşkar edilibmi?

– Coğrafiya İnstitutunun Xəzər də­nizinin hidrometeorologiyası şöbəsində aparılan tədqiqatların nəticəsinə əsasən müəyyən edilib ki, dənizin səviyyəsində müşahidə olunan müxtəlif istiqamətli də­yişmələr (qalxma, enmə) regionun külək rejimində baş verən nəzərəçarpacaq də­yişikliklərlə müşayiət olunur. Bu dəyişik­liklər isə öz növbəsində dənizin hövzəsinə düşən yağıntılara və müvafiq olaraq şay axımlarına, həmçinin səthdən buxarlan­maya ciddi təsir göstərir. Külək rejiminin dəyişmələri isə dəniz regionundan min­lərlə kilometr məsafədə yerləşən dünya okeanında, xüsusilə də Sakit və Atlantik okeanlarında gedən müxtəlif periodikli fi­ziki proseslərlə (El–Nino, Şimali Atlantika tərədddüdləri və s.) izah oluna bilər. Qeyd edək ki, tədqiqatdan alınan nəticələr Xəzər dənizinin səviyyəsinin gələcək uzunmüd­dətli proqnolaşdırılmasında mühüm rol oynaya bilər.

Bununla belə qeyd etmək lazımdır ki, səviyyənin kəskin azalacağı haqqında proqnozların özünü doğruldub-doğrult­mayacağından asılı olmayaraq, dəniz eko­sisteminin və biomüxtəlifliyinin qorunub saxlanılması və Xəzər regionunun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Xəzər­yanı ölkələrin üzərinə böyük məsuliyyət düşür. Bəzən lokal görünən problem əs­lində qlobal səviyyədə təhlükələr yarada bilər. Odur ki, qlobal əhəmiyyət kəsb edən Xəzər dənizinin problemlərinin həllində irəliləyişə nail olmaq üçün Bakıda keçirilə­cək COP29 ən əlverişli platformadır. 

Müsahibəni hazırladı:
P.ƏFƏNDİYEV
XQ



Müsahibə