Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin icra etdiyi “Dezinformasiyaya qarşı mübarizə vasitələri” layihəsi çərçivəsində konfrans keçirilib. Mətbuat Şurasında təşkil edilən tədbirdə layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə 5 ay müddətində davam edib: “Bu müddət ərzində “Saxta xəbər” (Fake news) və onun növləri (“Misinformation”, “Disinformation”) üzrə son elmi nəzəriyyələr araşdırılaraq ümumiləşdirilib. Tədqiqat nəticəsində əldə edilmiş məlumatlar məqalələr halında hazırlanaraq Azərbaycan media subyektlərində dərc edilib. Mövzu üzrə yeni trendlərin Azərbaycan auditoriyasına çatdırılması üçün zəruri addımlar atılıb”.
Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, “Bayraqdar Media” Qrupunun təsisçisi Azər Həsrət və başqaları dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələr barədə danışıblar. Çıxışçılar dünyanın aparıcı ölkələrində tətbiq edilən və dezinformasiyaya qarşı mübarizəni ehtiva edən modellərin Azərbaycanda da tətbiq edilməsinin müsbət nəticələr verə biləcəyini qeyd ediblər.
XQ