Azərbaycan demoqrafik böhranla üzləşə bilərmi?

post-img

Problemlər təxirəsalınmaz addımlar tələb edir

Bəşəriyyətin qarşılaşdığı ciddi problemlərdən biri demoqrafiya ilə bağlıdır. Bu məsələ Azərbaycan üşün də aktualdır. 2018-ci ildə ölkə əhalisinin sayı 10 milyonu keçdi. Hazırda isə bu göstərici 10 milyon 183 min nəfərdir. Əhali artımı yalnız doğuş sayının ölüm sayını üstələməsi ilə təmin edilib. Xarici miqrasiyanın isə əhalinin sayına təsiri çox azdır. 

Ölkə nisbətən gənc əhali strukturuna malik olsa da, onun qocalması fenomeni get-gedə özü­nü büruzə verir. Təəssüf ki, ümumi nəsilvermə əmsalı son bir neçə ildə davamlı olaraq azalır və 1,6-ya düşüb. Ölkədə doğuş zamanı cins seçimi problemi isə yüksək səviyyədə qalır. Bu da əha­li strukturunda kişilərin sayının artmasına şərait yaradır. 

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitu­tunun baş direktoru, coğrafiya elmlər doktoru, professor, Dövlət Mükafatı laureatı Zakir Emi­novla söhbətimiz məhz bu barədədir.

– Sosial-iqtisadi çətinliklər, miqrasiyaların intensiv xarakter alması bütün dünyada əhali­nin sayının artımına mənfi təsir göstərir. Ölkə­mizdə bu sahədə vəziyyət nə yerdədir?

– Demoqrafik problemlərin yaranması, ilk növbədə müasir dövrdə yaranmış sosial-mədə­ni və iqtisadi vəziyyət, mənzil təminatında olan çətinliklər, qadınların geniş şəkildə istehsal və xidmət sahələrində işə cəlb edilməsi, ailələrin və uşaqların sosial müdafiəsi və s. amillərlə əlaqədardır. Əhalinin sayı doğulan uşaqlar və miqrantlar hesabına çoxalır. Lakin son illərdə onların hər ikisinin sayı, xüsusilə pandemiya dövründə və son bir neçə ildə kəskin şəkildə aşağı düşüb. Ona görə də əhalinin say artımı minimal səviyyəyə qədər azalıb. Belə vəziyyət bir demoqrafik nəsildən sonra (18–22 il) əhali­nin sayının artımını təmin etməyə bilər, təsərrü­fat sahələrinin əmək ehtiyatları ilə təminatında, kadrların hazırlanmasında ciddi çətinliklər yara­nar, əhalinin cins–yaş tərkibi pozular.

2010–2016-cı illərdə respublikada əhalinin sayının illik artımı 100 min nəfərdən çox idi. Məsələn, 2011-ci ildə artım 124 min nəfər (1,4 faiz) təşkil edib. Son illərdə isə bu göstərici bir neçə dəfə azalıb. 2023-cü ildə ölkədə əhalinin sayı 53,7 min nəfər (0,5 faiz), o cümlədən şəhər­lərdə 20,6 min nəfər çoxalıb. 1960-cı ildən bəri bunlar əhali artımı üzrə ən aşağı göstəricilərdir. Yaxın illərdə də azalmaların davam edəcəyini söyləmək olar. Ona görə ki, digər demoqrafik göstəricilərdə də ciddi geriləmələr qeydə alınır. 

– Bəs bu mənfi tendensiyaya gətirib çıxa­ran əsas problemlər hansılardır?

– Əsas problemlərdən biri əhali arasında nikah yaşının yüksəlməsi, yeni ailə quranların sayının kəskin azalması, boşanmaların artması və evlənmələrin yarısı səviyyəsinə çatmasıdır. 2010-cu ildə ölkədə 79,2 min nikah, 9,1 min bo­şanma olmuşdursa, 2023-cü ildə bu göstəricilər nikahlar üzrə 54,2 min, boşanmalar üzrə 21,7 min nəşkil edib. 2010-cu ildə boşanmalar nikah­ların 11,5 faizini, 2023-cü ildə isə 40 faizini təş­kil edib. Nikahların hər 1000 nəfərə olan əmsalı bu dövrdə 8,9-dan 5,3-ə qədər azalıb, boşanma­lar 1,1-dən 2,1-ə yüksəlib. Bu gün nikaha daxil olmanın orta yaşı 30,2 il təşkil edir.

Ümumi nəsilvermə əmsalı bir qadına düşən doğulan uşaqların sayını müəyyən edir. Bu gün Azərbaycan tədricən biruşaqlı ailə mərhələsinə qədəm qoyur. Ona görə ki, 2023-cü ildə bu əm­sal 1,6 səviyyəsində qeydə alınıb. Əhalinin sa­yının artması üçün isə ailədə 3 uşaq olmalıdır. Mənfi tendensiya yeni tədris ilində 1-ci sinfə gedən şagirdlərin sayında da özünü göstərir. 2017–2018-ci tədris ilində 164 min 523 uşaq, 2020–2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156 min 328 uşaq gedib. 2022–2023-cü tədris ilində bu rəqəm 152 minə yaxın, 2023–2024-cü tədris ilində isə 132 min 261 nəfərə enib.

Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaq­ların sayında ilbəil azalma olduğunu göstərir. Son 7 il ərzində 1-ci sinfə gedən şagirdlərin sayı təxminən 20 faiz azalıb. Şagirdlərin sayının azalması ciddi siqnaldır və bu tendensiya ciddi demoqrafik problemlərə səbəb olacaq.

Hazırda əmək qabiliyyətli yaşda olan insan­lar XX əsrin 60–90-cı illərində doğulub. Ona görə əvvəlki illərdə doğumun yüksək səviyyəsi və son 10–15 ildə kəskin azalması onların sa­yının əhali arasında yüksək göstəricilərə malik olmasına şərait yaradır. 1960–1990-cı illərdə doğulanlar ölkə əhalisinin 70 faizə qədərini təş­kil edib. Ona görə də yaxın illərdə əhali arasın­da əmək qabiliyyətli yaşdan böyük qrupun payı 20–25 faiz və daha yuxarı olacaq.

– Ölkədə ciddi narahatlıq doğuran məsələlərdən biri doğumun cins tərkibinin süni surətlə pozulmasıdır. Artıq son 2 onillikdə oğ­lanlar doğulan uşaqlar arasında çoxluq təşkil edir. 

– Doğrudan da, ölkəmizdə doğumun təbii cins tərkibi pozulub. Bioloji normaya görə, doğulan uşaqlar arasında cinsə görə nisbət 100 qıza 105–106 oğlan təşkil edir. Həyatının ilk 5 ili ərzində oğlan uşaqları arasında ölüm əmsalı daha yüksək olur, 10 yaşa çatanda isə bu nis­bət balanslaşır. Beləliklə, doğulan hər 100 qıza düşən oğlan nisbəti 105–106-nı keçməməlidir. Azərbaycanda isə hazırda 100 qıza nisbətdə 116 oğlan doğulur. Doğulan oğlanların sayının çox olması dölün cinsinə görə hamiləliyə son verilməsi ilə bağlıdır. Və bu cür seçim, doğu­lan uşaqlar arasında cins nisbətinin pozulma­sına birbaşa təsir göstərir. Bu həm Azərbaycan üçün, həm də qlobal yanaşsaq, dünya üçün bö­yük problemdir.

Hazırda kənd əhalisi arasında və əksər ra­yonlarda kişilər say üstünlüyünə malikdir. Ki­şilər arasında, xüsusilə şəhərlərdə ölüm səviyyə­si kəskin artmışdır. Ölümün yüksək göstəriciləri 30–40 yaşdan 50 yaşa qədər olan əhali arasında da qeydə alınır. Ona görə ölkədə kişilərin sayı­nın artımında ciddi problemlər yaranmışdır.

– Təəssüf ki, Azərbaycan körpə və ana ölümləri yüksək olan ölkələr sırasına daxil edi­lir. 

– Keçən il ölkədə 33 ana ölümü olub, onun hər 100 min diri doğulan uşağa görə nisbət əm­salı 29,3 səviyyəsinə qalxıb. Bu isə 2015-ci ilə nisbətən 2 dəfə çoxdur. Mövcud vəziyyət ana­lara və uşaqlara göstərilən tibbi xidmətin aşağı səviyyəsi və kadrlarla təminatda olan çətinliklər ilə əlaqədardır. Regionlarda bu sahədə vəziyyət daha pisdir.

Gərgin demoqrafik vəziyyət həm də körpə ölümü ilə bağlı yaranıb. 2023-cü ildəki 2039 körpə ölümü son 25 ilin ən yüksək göstəricisi hesab oluna bilər. Təəssüf ki, bu nisbi əmsallara da aid edilir (hər 1 min diri doğulan uşağa görə 18,1, o cümlədən şəhərlərdə 24,2).

– Şəhərlərimizdə də əhalinin say artımı aşağı həddə qədər azalıb. Buna səbəb nədir?

– Bəli, şəhərlərdə demoqrafik potensial çox zəifdir. Şəhərlərin, xüsusilə rayon mərkəzlərinin iqtisadi, sosial-mədəni bazasının zəif olması, bu sahədə əsaslı tədbirlərin aşağı səviyyədə görül­məsi şəhərlərin demoqrafik inkişafı prosesinə mənfi təsir göstərir. Şəhər yerlərində çox uşaq böyütmək imkanı məhdud olduğundan, ailələrin çoxu ən yaxşı halda iki uşağa üstünlük verir. Bu­rada mənzil şəraiti də böyük rol oynayır. 

Elə ailələr var ki, kirayədə qalır, yaxud iki otaqlı mənzildə yaşayırlar. Uşaq sayını da şəraitə görə planlayırlar. Kənd yerlərində çox uşaq bö­yütmək imkanı var. Ona görə də, ailələrdə uşaq sayı çox olurdu. Şəhər yerlərində isə bu imkan­lar məhduddur. Kənddən şəhərə axın doğulan uşaqların sayına mənfi təsir göstərir. Ölkə əhalisi şəhərlərə toplaşır. Hazırda ölkədə urbanizasiya səviyyəsi 50–55 faiz, əksər inzibati rayonlarda 25–30 faiz arasındadaır və bu vəziyyət yarım əsrdən çoxdur ki, dəyişmir.

Bakı və digər şəhərlər arasında kəskin fərqlər ortaya çıxır. Nəticə olaraq Bakı ətrafında böyük bir “yalançı urbanizasiya” zonası yaranıb. Bu isə regionların inkişafında başlıca maneə olaraq qalır. Əhali uzun illərdir ki, Abşeronda və Bakı şəhər ətrafında cəmlənir. 

2011-2015-ci illərdə Abşeron rayonunda miqrasiya hesabına əhali artımı 3,6 min, sonra­kı illərdə 2,1 min nəfər olmuşdur. Nəzərə almaq lazımdır ki, bunlar qeydiyyatı aparılan əhalidir. Qeydiyyatsız yaşayan əhalinin sayı dəfələrlə çoxdur. Azərbaycanda demoqrafik inkişafın və məskunlaşmanın nizamlanması üçün “Demoq­rafiya və əhali sakinliyi” Qanunun hazırlanması və qəbul edilməsi vacibdir. Eyni zamanda regi­onların inkişafı, onların demoqrafik və iqtisadi, sosial-mədəni potensialı arasında nisbətin taraz­lığının təmin edilməsi vacibdir.

Bu gün dünyanın əksər ölkələri demoqrafik böhran astanasındadır. Yaxın bir neçə ildə böh­ran daha da kəskinləşə bilər. Ona görə ölkədə Demoqrafik Tədqiqatlar Mərkəzinin yaradılma­sına ehtiyac var. Yaranmış vəziyyətin real olaraq qiymətləndirilməsi və həlli yollarının müəyyən edilməsinin vaxtı çatmışdır.

– Ölkədə demoqrafik inkişaf sahəsində el­mi-praktik tədqiqatların aparılması və geniş ictimaiyyətə çatdırılmasında hər hansı çətinlik­lərlə qarşılaşırsınızmı?

– Coğrafiya İnstitutunda geniş tədqiqatlar aparılır, məqalələr və monoqrafiyalar nəşr edilir, aparılan tədqiqatların nəticələri dünyanın nüfuz­lu elmi jurnallarında çap olunur. Amma müəy­yən çətinliklərimiz də var. Tədqiqatların daha səmərəli, dəqiq aparılması, praktiki işlərin həya­ta keçirilməsi üçün kadrlarla təminatda problem yaşayırıq. 

Uzun illərdir ki, cihazlar, avadanlıqlar, tex­niki vasitələr ilə təminat zəifdir. Nəticə olaraq bir çox hallarda tədqiqatlar tamamlanmır, nəti­cələr yarımçıq qalır, onların aidiyyəti orqanlar tərəfindən qəbul edilməsində çətinliklər əmələ gəlir. İnanıram ki, bu problemlər tezliklə aradan qaldırılacaq və bizim işlərin keyfiyyəti də yük­sələcək.

Müsahibəni apardı:
P.ƏFƏNDİYEV
XQ

Müsahibə