Soyuducu da silah ola bilər
Dünya Livanda və Suriyada elektron informasiya daşıyıcılarının – telefonların, peycerlərin və radioötürücülərin kütləvi şəkildə partladılmasından danışır. Partlayışlar nəticəsində yüzlərlə yaralının və onlarla itkinin olduğu bildirilir. Elektron avadanlıqların partladılmasının arxasında İsrailin olduğunu iddia edirlər. Livandakı partlayışlarla bağlı belə bir ümumi rəy formalaşır ki, dünya yeni və daha təhlükəli dövrə qədəm qoyur.
Ötən çərşənbə günü məlum oldu ki, məsələ təkcə yüzlərlə peycerin partlayışları ilə məhdudlaşmadı. Gözlənilmədən Livanda portativ radio stansiyaları və digər elektron qurğular partlamağa başladı. “Əl-Hədət” telekanalının məlumatına görə, radiostansiyalardan başqa, smartfonlar, barmaq izi cihazları və günəş panelləri və litium-ion batareyaları ilə işləyən digər qurğular partladı. Livanın Səhiyyə Nazirliyi azı 25 nəfərin öldüyünü, 300-dən çox insanın yaralandığını açıqladı. “Hizbullah” partlayışlara görə yenidən İsraili günahlandırdı və qisas alacağına söz verdi.
İsrailin “Valla” portalının jurnalisti Barak Ravid məlumatlı mənbələrə istinadən X sosial şəbəkəsində yazır ki, partlayışların ikinci dalğasının, eləcə də peycerlərlə əməliyyatın arxasında İsrail dayanır. Rəsmi olaraq yəhudi dövləti sentyabrın 17 və 18-də baş verən partlayışlarla bağlı şərh vermir. Ancaq bir sıra KİV-də hadisə ilə bağlı bəzi detallara rast gəlmək olar. Məsələn, “The New York Times” (NYT) mənbələrə istinadən yazır ki, İsrail “Hizbullah” hərəkatının peycerlərdən kütləvi şəkildə istifadə etmək qərarından əvvəl Livanda elektron partlayışlar üçün hazırlıqlar həyata keçirib. Nəşrin məlumatına görə, bu məqsədlə Macarıstanda Tayvanın “Gold Appolo” şirkəti ilə cihazların yığılması üçün müqavilələr bağlayan BAC Consulting şirkəti yaradılıb. Qəzet əməliyyatın özünü müasir troya atı kimi qələmə verir.
NYT-nin həmsöhbətləri iddia edirlər ki, ən azı iki gizli şirkət İsrail kəşfiyyatının peycerlərin istehsalında iştirakını gizlətmək üçün yaradılıb. Onlar, həmçinin bildiriblər ki, BAC Consulting “Hizbullah”dan başqa bütün müştərilər üçün müntəzəm peycerlər istehsal edir. İddia olunur ki, hərəkət istiqamətini müəyyənləşdirmək üçün hazırlanan cihazların batareyalarına PETN partlayıcı maddə qoyulub. Bundan başqa, NYT hadisə ilə bağlı hazırladığı digər məqaləsində yazır ki, peycerlər və radio stansiyalarına hücumlar “Hizbullah”ı pis vəziyyətə salıb, lakin hərəkat bu prosesi dayandıra bilmir.
Məqalə müəllifləri yazır: “Hücum, şübhəsiz ki, qruplaşmaya ziyan vurdu və onu gözdən saldı, onun Yaxın Şərqdəki ən müasir anti-İsrail qüvvələrindən biri kimi imicini əhəmiyyətli dərəcədə ləkələdi”. “Ancaq “Hizbullah” mühitə uyğunlaşma tarixinə malikdir: 2006-cı ildə İsrail ilə apardığı son böyük müharibədə çox döyüşçü itirdi, lakin sonrakı illərdə daha da güclənməyi bacardı”. Qəzetin hesabatında iddia edilir ki, “Hizbullah” liderləri cavab vermək üçün təzyiq hissi ilə hər iki tərəf üçün fəlakətli nəticələrə səbəb ola biləcək genişmiqyaslı müharibədən qaçmaq istəyi arasında “ilişib qalıblar”.
“The Washington Post” qəzetində dərc olunan məqalənin müəlliflərinin fikrincə, hücum kibermüharibənin həyata keçirilməsində “yeni və çox təhlükəli eranın” başlanğıcından xəbər verir. “İnternetə qoşulmuş istənilən cihaz potensial olaraq silaha çevrilə bilər”, – nəşr yazır. Demək olar ki, hər bir “ağıllı” cihazın sxemləri manipulyasiya edilə bilər ki, avadanlıq təhlükəli nasazlıqlar yaratmağa başlasın. Məqalədə qeyd edilir ki, gələcəkdə insanın əleyhinə işləyə biləcək cihaz onun şəxsi telefonu, soyuducusu və ya televizoru ola bilər.
“İsrail çərşənbə axşamı günü hücuma görə məsuliyyəti öz üzərinə götürmədi, lakin buna ehtiyac da yox idi”, - “The Washington Post” davam edir. “Livan ərazisinə edilən bu cür mürəkkəb və cəsarətli hücumu heç bir başqa ölkə təşkil edə bilməzdi”. Qəzet yazır ki, bu hadisə hətta ABŞ-da keçiriləcək seçkilərə də təsir edə bilər, Qəzzada atəşkəs və israilli girovların azad edilməsi “şanslarını sarsıda bilər”.
ABŞ-nin daha bir nüfuzlu qəzeti “The Wall Street Journal” yazır ki, İsrail kəşfiyyatının “Hizbullah”ın kommunikasiya təchizatı zəncirinə nüfuz etməsi hələ də qaranlıq olaraq qalır. “Hizbullah” İsrail ilə müqayisədə texnoloji və kəşfiyyat sahəsindəki boşluğu aradan qaldırmaq istəyir, lakin indi fərqin daha da böyük olduğunu anladı”.
S.ELAY
XQ