Deaşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Üzeyir Musiqi Günü qeyd olunub.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor - müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.
AMM direktorunun müavini Nadir Əlimirzəyev bildirib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabr Üzeyir Musiqi Günü elan edilib. Bu gün dahi Üzeyir bəyin ruhu şaddır, çünki Azərbaycan musiqisi doğma Qarabağda, Şuşada səslənir.
“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov xalqlarımızın dostluğindan danışıb, Azərbaycan mədəniyyətinin və incəsənətinin Özbəkistanda tanınmasında AMM-nin rolunu qeyd edib.
Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan” rəqs ansamblının üzvləri mərasimi milli rəqslərimizlə rövnəqləndiriblər.
Sonda dahi bəstəkar Üzeyir Hacıbəylinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən və rənglənən eyniadlı operettası əsasında Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi nümayiş olunub.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd