Gəncə bütün fəsillərdə gül-çiçəklidir

post-img

Gəncədə hansı küçəyə, parka, meydana gedirsən, qarşına belə gözəl tər çiçəklər, güllər çıxır. Hara baxırsan bütün günü şəhər gülçülük təsərrüfatının işçiləri yolların, səkilərin kənarlarında iş başındadırlar, gözəllik yaradırlar…

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin eko­loji tarazlığının qorunması, həmçinin yaşıllıq zolaqlarının artırıl­ması məqsədilə yaşıllaşdırma aksiyasını davam etdirir. Qurumun Yaşıllaşdırma şöbəsi tərəfindən bu dəfə “Avropa Gənclər Paytax­tı” parkında, həmçinin, Nizami Gəncəvi prospektində yerləşən yolayrıcı dairələrində, küçə və prospektlərin kənarlarına, şəhərin Baş Meydanına mövsümi dekorativ gül-çiçək əkilib. Güllərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər torpaq, torf və müxtəlif gübrələrlə zənginləşdirilib. Ərazidə mövcud yaşıllı­ğa aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Adıçə­kilən ərazilər ömrünü başa vuran ağac və kollardan təmizlənib. 

Yaşıllaşdırma şöbəsinin müdiri Elmar Əzizovla bu barədə söhbət edərkən dedi: 

–“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata ke­çirilən aksiyanın məqsədi şəhər əhalisinin və qonaqların mənalı istirahətinin təmin edilməsidir. Bununla yanaşı, Gəncənin ekolo­ji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, insanlar arasın­da ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.

Bir məsələni də qeyd edək ki, şəhərdə təmizliyin və yaşıllıq­ların qorunması istiqamətində son illər Gəncədə xeyli iş görülsə də, əhalinin belə aksiyalarda yaxından iştirak etməsi çox vacib­dir. Təəssüf ki, bəzən kommunal təsərrüfatı işçilərinin zəhmətinə laqeyd qalanlar, şəhəri zibilliyənlər, məişət tullantılarını hara gəldi, boşaldanlar da tapılır. Bu məsələdə izahat-təbliğat işinin daha da gücləndirilməsinə ehtiyac var.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, 

Gəncə şəhəri



Sosial həyat