Olimpiya Oyunları bitdi, idman həyatı isə davam edir

post-img

Dördilliyin ən nüfuzlu idman yarışı olan Paris Yay Olimpiya və Paralimpiya Oyunları başa çatsa da, əldə edilən nəticələr təhlil edilir, növbəti olimpiada üçün hədəflər müəyyənləşdirilir. Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə müsahibəmiz də bu mövzuda oldu. 

Nazir müavini əvvəlcə dünyanın ən nüfuzlu idman yarışı olan Olimpiya Oyunlarında koman­damızın qazandığı yaxşı nəticələrdən söz açdı: 

– Olimpiya Oyunlarında əldə edilən nəticələrə Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi qiy­mət bizim üçün çox vacibdir. Olimpiyaçılarla gö­rüşdə dövlət başçısı komandamızın “Paris-2024”­də ölkəmizi ləyaqətlə təmsil etdiyini, Azərbaycan Bayrağını dəfələrlə ucaldıb, xalqımızı sevindir­diyini vurğulayıb. Prezident İlham Əliyev və bi­rinci xanım Mehriban Əliyevanın Parisdə qələbə qazanan idmançılarımızı təbrik etmələri də onla­ra yüksək diqqətin, uğurlarının yüksək səviyyədə qiymətləndirilməsinin bir nümunəsidir.

Şübhəsiz, yarışlara lisenziya qazanmış idman­çılarımızla qürur duyuruq. Bu mötəbər oyunlara lisenziya qazanmaq o qədər də asan deyildi. Li­senziyaçıların sayına görə, müəyyən ölkələri ge­ridə qoymuşuq. İlk dəfə medal qazanan ölkələrin siyahısında 30-cu yerdə qərarlaşmağımız da tarixi nəticədir. Yekunlar daha yaxşı ola bilərdi. Bunun üçün irəli baxmalı, təhlillər aparmalıyıq. Növbəti Olimpiya Oyunlarına daha çox lisenziya əldə et­məyə, eləcə də medalların sayını artırmağa nail olmalıyıq. 

– Olimpiya yığmamız ilk dəfə komanda id­man növlərindən basketbolda təmsil olundu. Gələcəkdə digər komanda idman növlərində təmsilçiliyimizə ümid edə bilərikmi? 

– Qızlardan ibarət basketbol yığmamızın Paris­də iştirakı daha bir tarixi uğur idi. bunu da deyim ki, ilk dəfə olimpiadada gender bərabərliyi təmin olundu. Komandamızın heyətində 28 kişi, 20 qa­dın Parisdə təmsil olundu. Bu, Azərbaycan idmanı üçün ciddi nailiyyətdir. Basketbolçularımız bu id­man növünün vətəni ABŞ yığmasını, eləcə də Çin yığımasını məğlub etdilər. 

Məncə, təcrübə kifayət etmədi ki, digər ko­mandalar üzərində də qələbə qazansınlar. Əgər on­lar amerikalı rəqiblərini məğlub etmişdilərsə, digər yığmalar üzərində də qələbə qazanıb yarımfinala və finala çıxa bilərdilər. 

Komanda idman növlərimiz inkişaf edir. Məsələn, klassik voleybolda Olimpiya Oyunla­rında təmsilçiliyimiz hələ real olmasa da, çimərlik voleybolunda həm kişilər, həm də qadınların şan­sı var. Amma burada da federasiyanın mükəmməl hazırlıq planı olmalıdır. Bu işin öhdəsindən gələ bilən məşqçi heyəti, eləcə də idmançılar seçilmə­lidir.

– Paralimpiya Oyunlarında komandamız uğurla çıxış etdi...

– Paris Paralimpiadasında təmsilçilərimizin nəticələri çox yaxşı oldu. 18 idmançı ilə yarışa qa­tılan komandamız 11 mükafat qazandı. Ümumiy­yətlə, paralimpiyaçılarımız beynəlxalq arenalarda nüfuzlu yarışlarda böyük uğurlar əldə edirlər. On­ların uğurlarının layiqli şəkildə dəyərləndirilməsi ölkəmizdə paralimpiya idman növlərinin sürətli inkişafına geniş imkanlar yaradıb. 

Sağlamlıq imkanları məhdud insanların idma­na, paralimpiya idman növlərinə olan maraqlarının hərtərəfli dəstəklənməsi əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu kateqoriyalardan olan şəxslərin cəmiyyətə inteqra­siyası məqsədilə həyata keçirilən tədbirlərin mü­hüm bir istiqaməti də onların idman bacarıqlarının inkişafına yönəlib. Bu gün paralimpiyaçılarımızın əldə etdikləri böyük uğurlarla fəxr etmək olar.

– Son illər güləş, cüdo, gimnastika və digər ənənəvi növlərdə yeniyetmə və gənclər böyük uğurlar əldə ediblər. Bu inkişafın sürətləndiril­məsi üçün hansı işlər zəruridir?

– Hazırda ən mötəbər yarışlarda əldə etdiyimiz nailiyyətlərin əsasında uşaqlar arasında idmanın inkişafı, onun kütləviliyinin artırılması durur. Bu gün böyük uğurlar qazanan yeni nəsil yetişmirsə, gələcək nailiyyətlərdən söhbət gedə bilməz. Yeni­yetmə və gənc idmançılarımızın güclü potensialı var və bu, bizi çox sevindirir. Bəli, cüdo, güləş, bədii gimnastika və bəzi başqa növlərdə uğurlu nəticələr qazanılıb. Amma digər idman növləri­mizdə də çoxlu gözəl nəticələrimiz olub. Stolüstü tennis, atletika, ağırlıqqaldırma üzrə beynəlxalq arenalarda çoxlu mükafatlar əldə etmişik. Eləcə də, badmintonçularımız mötəbər yarışlarda müka­fatlar qazanıblar. Üzgüçülük üzrə idmançımız bu yaxınlarda keçirilən “Asiya uşaqları” Oyunlarında gözəl nəticəyə imza atıb.

Gənclər və İdman Nazirliyi federasiyalar, id­man mütəxəssisləri ilə birlikdə yeni strategiya ha­zırlayır. Azərbaycan idmanının yeni strategiyası peşəkar idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə edəcək. Uşaq və gənclərin gələcəkdə idmanla daha fəal məşğul olması üçün planlarımız böyükdür. 

– Ölkəmizdə ənənəvi idman növləri ilə yana­şı, yenilərinin də inkişafı diqqət mərkəzindədir. Bu sahədə görülən işlərlə bağlı nə deyə bilərsi­niz?

– Qarşımıza bütün idman növlərini inkişaf etdirməklə bağlı tapşırıq qoyulub. Bəzi idman növləri üzrə mütəxəssislər çatışmır. Xaricdən mütəxəssislərin gətirilməsi ilə bağlı işlər görülür. Qış idman növlərini inkişaf etdirmək istəyirik. Heydər Əliyev adına İdman Konsert Kompleksin­də ötən ildən fəaliyyətə başlamış Buz Arenasında hokkey üzrə bu gün 20-dən artıq oğlan məşq keçir. Artıq həvəskar hokkey komandası var. 50–60 qız fiqurlu konkisürmə ilə məşğul olmağa başlayıb. Artıq körlinq üzrə bölmə də açılıb. Bu idman növü ilə həm də paralimpiyaçılar məşğul ola bilərlər. Bu idman növlərinin hər 3-ü populyarlıq qazanmağa başlayıb. Hazırda tennisin inkişafına da böyük diqqət var və yeni nəsil tennisçilər yetişir. Ötən il tennisçilərimiz universiada yarışlarında iştirak ediblər. Suyatullanma növündə isə bir gənc cütlük bu idman növünün sirlərini uşaqlara öyrədir. Artıq onların yetirmələri Bolqarıstanda beynəlxalq tur­nirdə mükafat da qazanıblar. Bu nailiyyət uşaqlar­da suyatullanmaya marağı xeyli artırıb. 

Tennis Federasiyası yeni növ olan padel ten­nisini də inkişaf etdirir. Ölkəmizdə ilk dəfə padel tennisi üzrə beynəlxalq miqyaslı “Sea Breeze Pa­del Cup” turniri keçirilib. Bu idman növü də po­pulyarlıq qazanmağa başlayıb. Çünki istənilən yaş qrupunda insanlar onunla məşğul ola bilərlər. Fik­rimcə, insanlar tennisdənsə, padel tennisinə daha tez uyğunlaşa bilərlər.

– Ölkəmizdə idmanın maddi-texniki baza­sının daha da təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür. Paytaxtla yanaşı, bölgələr­də beynəlxalq idman yarışlarının keçirilməsi üçün böyük imkanlar yaranıb...

– Azərbaycandakı müasir idman infrastruktu­ru dünya ölkələri üçün nümunədir. Demək olar ki, bütün şəhərlərimizdə Olimpiya idman kompleks­ləri var. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Velopark, Atıcılıq Mərkəzi və digər müasir standartlı idman qurğula­rında irimiqyaslı yarışların keçirilməsi üçün hər bir şərait var. Bu cür geniş imkanlar yaratdığına görə, ölkə rəhbərliyinə minnətdarıq. İdmanın inkişafı üçün maddi-texniki baza mühüm rol oynayır. 

Bu il Gəncə İdman Sarayı açıldı. Bu şəhərdə, eyni zamanda müasir standartlara uyğun Gəncə stadionu yenidən inşa edilir. Yevlaxda da Olimpi­ya İdman Kompleksi tikilir. Yenilərlə yanaşı, çoxlu idman obyektlərində təmir işləri gedir. Azərbay­canda 2025-ci ildə keçiriləcək III MDB Oyunları­na Gəncə və ətraf şəhərlər evsahibliyi edəcək. 

Ölkəmizin I Avropa Oyunları, İslam Həm­rəyliyi Oyunları kimi multi-idman tədbirlərinə evsahibliyi nümunə kimi göstərilir. Bir neçə gün bundan əvvəl Bakıda Formula 1 Azərbaycan Qran-Prisi möhtəşəm şəkildə təşkil edildi. Se­vindirici haldır ki, respublikamızda reallaşdırılan infrastruktur layihələri ayrılıqda götürülmüş bir sahəni deyil, müxtəlif istiqamətləri əhatə edir. Ona görə də, həm paytaxtda, həm də bölgələrdə ən böyük idman tədbirlərinin keçirilməsi üçün geniş imkanlar var.

– Milli idmanımızın gələcək hədəfləri ilə bağlı fikirlərinizi bilmək istəyərdik. 

– İdman bir yerdə dayanmağı sevmir. Həmişə irəli can atmalı, özümüz üçün yeni hədəflər müəy­yənləşdirməliyik. Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkəmiz həm də güclü idman dövlətlərindən biri kimi diqqət mərkəzindədir. Buna görə, bizim də üzərimizə bö­yük məsuliyyət düşür. 

Növbəti 4 il üçün “Los-Anceles–2028”ə ən yüksək səviyyədə hazırlaşmağı qarşıya hədəf kimi qoymuşuq. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, III MDB Oyunları, universiada kimi multiidman yarışlarında, Avropa, dünya çempio­natlarında yüksək səviyyədə çıxış etmək üçün səy­lərimizi artıracağıq.

Leyla QURBANOVA
XQ



Müsahibə