Cənab leytenant

post-img

Şəhriyar Bəxtiyar oğlu Əliyev cəmi 26 il yaşasa da, adını gənc zabit kimi Vətənin şöhrət tarixinə qızıl qanı ilə yazıb. 

Şəhriyar Astara rayonunun Şiyəkəran kəndində anadan olub. Uşaq yaşlarından ailəsi ilə birgə Bakıda yaşayıb. Orta təhsi­lini 307 nömrəli tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olub, bakalav­riatı bitirib və magistraturaya qəbul edilib. Amma ilyarımdan sonra təhsilini yarımçıq qoyub. Buna səbəb 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanması olub. Orduya könüllü yazılan Şəhriyar Daxili Qoşunların Bərdə rayonunda yer­ləşən “N” saylı hərbi hissəsində vuruşub və Böyük Qələbədən sonra da orduda qala­raq, leytenant kimi xidmətinə davam edib. 

Qohumlarının dediyinə görə, 2023-cü il sentyabrın 27-də qəhrəmanımızın Gən­cə tərəfdən olan ali təhsilli bir qızla nişan mərasimi olacaq, gələcək ailəsinin təməli qoyulacaqdı. Ancaq bundan düz bir həftə əvvəl azğın erməni separatçılarına qarşı lokal antiterror tədbirləri başlandı və Şəh­riyar Ağdərə istiqamətində gedən döyüş­lərdə şəhadətə ucaldı. 

Son döyüşü ərəfəsində o, atasına zəng edib və həmin aralar başı qarışıq olduğu üçün evə telefon aça bilmədiyinə görə üzr istəyib. Atası isə “Eybi yoxdur, təki sağlıq olsun!”, – deyib. Amma, sən demə, bu, Şəhriyarın son sağlıq günü imiş. Sabahısı onun şəhadət xəbəri yayılıb. Nişan gününə qədər yaşamaq qisməti olmayan qəhrəmanı canından çox sevdiyi müqəddəs Vətən tor­pağı öz bağrına “nişanlayıb”. O, Cənnətə uğurlanarkən müğənni Çingiz Mustafaye­vin ifasında məşhur mahnı səsləndirilib: 

Ana, mən şəhid oldum,

Yerim gözəldir, təki ağlama.

Canım sevgilim, bağışla məni, 

Səni tək qoydum.

Çox deyiləcək sözlərim vardı, 

Vətən sağ olsun!.. 

Bu gün “Vətən sağ olsun!” deyən Şəh­riyarın ruhu şaddır ki, Azərbaycan Res­publikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq və mərdlik göstərərək şəhid olub. Silahlı Qüvvələri­mizin zabiti kimi xidməti vəzifələrini, hər­bi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Pre­zident İlham Əliyevin mübarək imzası ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” orde­ni, “Vətən uğrunda” medalı ilə təltif edilib. Əliyev Şəhriyar Bəxtiyar oğlu Bakıxanov Şəhidlər Xiyabanında dəfn edilib. Məzarı üstünə düzülmüş çiçəklər Vətən torpağını bir boy da ucaldıb.

Yeri gəlmişkən qeyd edək ki, o, nəs­linin tək igidi deyil. Şəhriyar əziz canı­nı Vətənə qurban verdiyi gün əsgərlikdə olan bacısı oğlu, 22 yaşlı İlkin Musazadə Xocavənd istiqamətində döyüşlərdə sol əlindən ağır yaralanıb, güllə ovcunu deşib keçib. Düz 16 gün müxtəlif hospitallarda müalicə alan İlkin sonra yenidən hərbi xid­mətini davam etdirib. “Şücaətə görə” me­dalı ilə təltif olunub və bu ilin yanvarında Ordudan tərxis edilib.

Sosial həyat