Antiterror tədbirlərinin iştirakçısı, qazi Elmar Elxan oğlu Ağayev antiterror əməliyyatında azğın ermənilərə qarşı igidliklə vuruşub.
Elmar 2004-cü ildə Lerik rayonunun Noda kəndində anadan olub. 2022-ci ildə hərbi xidmətə çağırılıb və kəşfiyyat qrupunda xidmətə başlayıb. Ötən il təlimlərdə öyrəndiklərini lokal antiterror tədbirləri zamanı bacarıqla tətbiq edə bilib. Gərgin döyüşdə ciddi xəsarət almış yoldaşları ilə müalicə almaq üçün Ağdam Mərkəzi Xəstəxanasına göndərilib. Müalicədən sonra yenidən qulluq etdiyi hərbi hissəyə qayıdaraq, Vətənə xidmətini davam etdirib.
Qazi Elmar Ağayevin dedikləri:
– Həmin vaxt ərazi bütövlüyümüzün tam bərpası bütün əsgər heyətimizin tək arzusu olub. Bunun üçün son damla qanımıza kimi vuruşmağa hazır idik. Sentyabrın 19-da səhər saatlarında kəşfiyyat qrupumuz komandir Kamran Cəbrayılovun rəhbərliyi ilə Ağdam–Ağdərə arasında mövqe tutdu. Orada ağır, gərgin döyüşlərdə silahı yerə qoymayan erməni terrorçu qruplaşmasının çox sayda əsgərini məhv etdik. Sərrast atəşlərlə düşməni pərən-pərən saldıq. Kəşfiyyat dəstəmizdən ciddi xəsarət alanlar olsa da, sona qədər inamla irəliləyirdik. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən separatçı dəstələri sentyabrın 20-də ağ bayraq qaldıraraq təslim olmaq tələbinə boyun əydilər.
Bu gün fəxr edirəm ki, ərazi bütövlüyümüzün tam təmin olunması uğrunda vuruşan Vətən oğullarından biriyəm. Bundan sonra da hər zaman şanlı Azərbaycan Ordusunun formasını geyinərək Vətənimizin müdafiəsinə qalxmağa hazıram.
Elmarın valideynləri – atası Elxan kişi, anası Əfsanə xanım onunla fəxr etdiklərini vurğulayıb deyirlər ki, minlərlə qəhrəman Vətən oğulları kimi, Elmarın da torpaqlarımızın namərd ermənilərdən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirakının qürurunu yaşayırlar.
Sonda qeyd edək ki, Elmarın ötən il lokal xarakterli antiterror tədbirlərində göstərdiyi hünəri “Şücaətə görə” medalı ilə qiymətləndirilib.