Səma şahini

post-img

Düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycanın dəmir qanadlı şahinləri də milli hərbi aviasiya tariximizə şanlı səhifələr yazıblar. Onlar müharibə zamanı döyüş uçuşları aparıb, hava məkanını qorumağa və aldadıcı manevrlər edərək üstünlüyü əldə saxlamağa nail olublar. İgid şahinlərdən biri də lokal antiterror tədbirlərində şəhid olmuş Elcan Balabəyli idi.

Elcan 1992-ci ildə Naxçıvan şəhərində doğulub. Əvvəlcə oradakı Heydər Əliyev adına Hərbi Liseydə, sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində oxuyub. 2014-cü ildə təhsilini hava hücumundan müdafiə ixtisası üzrə başa vuraraq leyte­nant hərbi rütbəsi alıb. Bir il Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində tək­milləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında nümunəvi zabit kimi xidmət edib, kapitan hərbi rütbəsinə qədər yüksəlib. 

Döyüş və ictimai-siyasi hazırlığın yük­səldilməsində, hərbi intizamın möhkəm­ləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə yuxarı komandanlıq tərə­findən diplom və fəxri fərmanlarla təltif olunan Elcan Balabəyli 2016-cı ilin aprel döyüşlərində, 2022-ci ilin qisas əməliyya­tında fəallıq göstərib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə qatılıb, 3 gün sonra Füzuli rayonu istiqamətində ya­ralanıb. Müalicəsi tamamlanmamış təkidlə yenidən xidmət yerinə qayıdıb, döyüş yo­lunu Şuşaya qədər davam etdirib. 

Ötən ilin sentyabrında Qarabağda lo­kal xarakterli antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin snayper atəşinə tuş gələrək, qəh­rəmancasına şəhid olub. 

Qəhrəman şəhidimiz 20 sentyabr 2023-cü ildə doğulduğu Naxçıvan şəhə­rində torpağa tapşırılmışdır. “Vətənə xid­mətə görə” ordeninə, “İgidliyə görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətlərə görə”, Fü­zulinin, Xocavəndin və Şuşanın azad olun­masına görə medallarına və digər təltiflərə layiq görülmüşdür.

Sosial həyat