“Sakitləşdirici” və “stimullaşdırıcı” görüş

post-img

Ekspertin qənaətincə, Münxen müzakirəsi bəzi məsələlərə aydınlıq gətirdi

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən ikitərəfli görüş nə danışıqlarda irəliyə doğru sıçrayış, nə də sülhün yeni impuls mənbəyi idi”. Bu fikirlərin müəllifi, tanınmış siyasi şərhçi Orxan Amaşov “XQ”-yə müsahibəsində onu da xüsusi olaraq vurğuladı ki, 2024-cü ildə sülh prosesinin xarakteri əhəmiyyətli dərəcədə dəyişib. Həmsöhbətimiz hesab edir ki 2023-cü il dekabrın 7-də əldə edilmiş ikitərəfli kompromis sonrakı görüşlərin xarakterini müəyyən edir. 

– Orxan bəy, Azərbaycan Preziden­ti və Ermənistan baş naziri arasında Münxendə keçirilən ikitərəfli görüşdə əldə olunan hansısa konkret nəticə­dən söhbət getmədi. Ümumiyyətlə, həmin görüşün əhəmiyyətini necə dəyərləndirərdiniz? 

– Azərbaycan–Ermənistan danışıqla­rının hazırkı vəziyyətini dəyərləndirmək çətin olsa da, bununla belə, sülh danışıq­larının sırf ikitərəfli xarakter daşıdığı adi gözlə görünür. Əgər belə demək müm­künsə, bu məsələdə tələskənlik yoxdur. Burada xarici aktorların rolu yalnız tərəf­lərə danışıqlar üçün platforma təqdim etməklə, özlərini prosesdən kənar qoy­maqla məhdudlaşır. Ümid var ki, Bakıda COP29-un keçiriləcəyi bu il iki qonşu ölkə arasında sülh gündəmini irəli aparmaq üçün yeni stimullar yaranacaq. 

Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında, demək olar ki, bütün ikitərəfli görüşlər, istər beynəlxalq konfranslar çərçivəsində “formal olaraq gözlənilməz” tet-a-tet söhbətlər olsun, istərsə də rəsmi əsasda təşkil olunsun, hamısının ümumi cəhəti var. Bu, müxtəlif dərəcədə sakitləşdirici və stimullaşdırı­cı effektlər deməkdir. Əgər birinci effekt yerlərdə artan gərginliyin və hər iki tərə­fin ritorikasının sərtləşməsi fonunda “sa­kitliyə” töhfə verirsə, ikincisi danışıqlara heç olmasa dinamika görüntüsünü ver­mək, ümid aşılamaq və durğunluğu ara­dan qaldırmaq baxımından həyati əhə­miyyətə malikdir. Bu iki amilin birgə təsiri bəzən qeyri-müəyyən müddətdə impuls parıltısını əmələ gətirir və bu zaman Bakı və İrəvan sülh yolunda bəzi irəliləyiş əldə ediblər. Əminliklə demək olmaz ki, fev­ralın 17-də Almaniya Kansleri Olaf Şolt­sun təşəbbüsü ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan birbaşa danışıqlar hissolunacaq yeni impulsa gə­tirdi, amma parlaq çəkildə özünü göstər­məsə də, “sakitləşdirici” və “stimullaşdırı­cı” effektlər mövcud idi.

– Yəqin o amili də nəzərə almalıyıq ki, Münxen görüşü Ermənistan ordu­sunun fevralın 12-də şərti sərhəddə törətdiyi silahı təxribatdan cəmi beş gün sonra keçirilirdi.

– Bəli, həmin görüş beş aylıq nisbi sabitlikdən sonra şərti sərhəddə gərgin­liyin alovlanmasından sonra baş tutdu. Fevralın 12-də erməni snayperi azərbay­canlı sərhədçini yaraladı və Bakı buna qarşı sərt cəza tədbirləri gördü. Nəticə­də 4 erməni hərbçisi həlak oldu, biri isə yaralandı. Sonradan məlum olduğu kimi, bunlar Ermənistan ordusunun əsgərləri deyil, “Yerkrapa” terror təşkilatının üzvləri olan silahlılardır. Azərbaycan neçə müd­dətdir ki, Avropa İttifaqının şərti sərhədin Ermənistan tərəfində yerləşmiş mülki missiyasının rolundan narahatlığını bildi­rib və həmin missiyanı İrəvana Azərbay­canın mövqelərini təhdid etmək üçün “əl­verişli atmosfer yaratdığına” görə tənqid edib. Amma Ermənistan, öz növbəsində, “sabitliyə verdiyi töhfəyə” görə missiyanı ağızdolusu tərifləyib.

Qəsdən, yaxud şərti sərhəddə yerləş­dirilən qoşunların bir hissəsinə nəzarətin olmaması səbəbindən Ermənistan tərəfi­nin təxribatı sayılan insidentin xarakteri Bakıya Aİ-nin qərəzsizliyini bir daha qiy­mətləndirmək üçün yeni imkan yaratdı. Hadisə ilə bağlı Aİ-nin ali baş komissarı Cozep Borrelin bəyanatında deyilirdi ki, “erməni tərəfinin Azərbaycan əsgərlə­rinin mövqelərini atəşə tutması təəssüf doğurur. Amma Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin insidentin araşdırı­lacağına dair vədini nəzərə almayaraq, qeyri-proporsional reaksiya verib”. Bu bəyanat Bakıda ermənipərəst mövqe kimi qarşılanıb.

– Bunun ardınca Cozep Borre­lin qoşunların güzgü effekti ilə təcili surətdə sərhəddən çıxarılması ide­yasını təkrarlaması Aİ-nin məsələyə qərəzli yanaşmasını təsdiqləmiş oldu.

– Həmin insident Bakının “Ermənis­tanın Aİ-nin mülki missiyasının himayəsi altında sərhəd rayonlarında yerləşdirdiyi muzdluların Azərbaycan hərbçilərinin və mülki şəxslərin həyatını təhlükə altına at­ması” iddialarına yeni təkan verdi. Buna görə də Azərbaycanın delimitasiya olun­mamış sərhəddən geri çəkilməsi heç də sülhə praktiki fayda gətirməyəcək. Ermə­ni tərəfi isə öz növbəsində, Bakını “tam­miqyaslı hərbi müdaxilə üçün bəhanə axtarmaqda” ittiham etdi. Guya, Bakı hərbi yoldan istifadə etməklə “İrəvanı öz şərtləri ilə Zəngəzur dəhlizini açmağa məcbur etməyə” çalışır. Bu hadisədən əvvəl yeni konstitusiyanın qəbuluna ça­ğırdığına görə ictimaiyyətin və müxa­lifətin daxili təzyiqinə məruz qalan baş nazir Paşinyan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalara istinadın si­linməli olduğunu bildirib. O, Ermənistanın əsas qanununun onun daxili məsələsi olduğunu və Bakının hansısa müddəa­ların dəyişdirilməsini tələb etməyə haqqı çatmadığını deməyə məcbur oldu. Paşin­yan daha sonra dedi ki, “sülh müqaviləsi layihəsinin mətnində tərəflərin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün qanunvericiliyə istinad edə bilməyəcəyi bənd var”. Sanki Azər­baycana qarşı ərazi iddialarının təsbit olunduğu Ermənistanın müstəqillik bə­yannaməsi bir müddət toxunulmaz qala bilər. Bakının ritorikası bu dəyişikliyin sülh müqaviləsi imzalanana qədər olma­sını açıq şəkildə ifadə etdiyinə görə, bu, daha çox İrəvanın Azərbaycanın tələblə­rinə boyun əyməmək cəhdi kimi qiymət­ləndirilir.

– Yəqin Münxen görüşündə tərəf­lər bu məsələnin də müzakirəsindən yan keçməyiblər...

– Münxendə Azərbaycan və Ermənis­tan liderləri arasında ikitərəfli görüş məhz bu gərginliyin fonunda baş tutub. Bəzi məlumatlara görə, təxminən, 20 dəqiqə davam edən müzakirələrdə nəzərəçarpa­caq irəliləyişin olub-olmadığını söyləmək çətindir. İntəhası, görüşün “sakitləşdirici” effekti göz qabağında idi və müəyyən an­laşmaya gətirib çıxarıb. O qədər nəzərə çarpmasa da, görüşün “stimullaşdırıcı” effekti də mövcud idi. Ən azı, tərəflər münasibətlərin normallaşdırılması və delimitasiya komissiyasının iclaslarını davam etdirmək, gələcək fəaliyyətlərin müzakirəsi üçün xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılığa gəliblər. Tərəflər, həmçinin 2023-cü ilin dekabrında əldə edilmiş qarşılıqılı kom­promisləri, bunun nəticəsində BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) Azərbaycanda keçirilməsini müsbət qiymətləndiriblər. Münxen görüşündən əvvəl nəyin baş verdiyini və ondan nə gözlənilə biləcəyini nəzərə alsaq, ortaya mühüm bir sual çıxır: Azərbaycan–Ermə­nistan sülh danışıqlarına 2023-cü ilin ça­ğırışlarının yükündən azad, bütün yanaş­mamıza 2024-cü ilin əvvəlində yenidən baxmalıyıqmı? 

– Azərbaycanla Ermənistan arasın­da ikitərəfli sülh danışıqlarının bey­nəlxalq gündəlikdən tam çıxarıldığını söyləyə bilərikmi? 

– Bakı 2023-cü ilin sentyabrında Qa­rabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan və Ermənis­tan arasında sülh sazişinin bağlanması­nın qarşısının alınması baxımından həll olunmamış qalan məsələ yalnız döv­lətlərarası sahəyə aiddir. Yəni, bu, artıq birbaşa danışıqların predmetidir, xarici aktorların xoşməramlı təşəbbüsləri isə təklif etdikləri sülh platformaları ilə məh­dudlaşır.

Bəli, bu gün Azərbaycan üçün İrə­vanla sülh danışıqları beynəlxalq məsələ deyil. Bakı Ermənistanla imzalanacaq potensial müqaviləyə, nəyin bahasına olursa olsun, tezliklə həllini tələb edən məsələ kimi deyil, özünün regional və nə­ticə etibarilə artan qlobal təsirini daha da gücləndirmək vasitəsi kimi baxır. Ermə­nistanın mövqeyi, mahiyyətinə görə fərq­lidir. Həmin mövqe qorxu, özünəinam­sızlıq və daxili bədgümanlıqla yüklənib. Amma, İrəvan da qonşusunun qoyduğu regional konstruksiya konturları ilə, ya­vaş-yavaş da olsa, barışmağa başlayıb.

Yəni, Münxen görüşünü nə irəliləyiş, nə də sülh danışıqlarına yeni təkanın mən­bəyi hesab etmək olmaz. Əslində, onun belə bir missiyası da yox idi. Güman et­mək olar ki, İlham Əliyevlə Nikol Paşinya­nın konfransın kuluarında keçirilən görüşü zərurətdən, Almaniya Kanslerinin təşəb­büsü isə bu şansı əldən buraxmamaq jestindən yaranmışdı. İntəhası, Bakının COP29-a evsahibliyi edəcəyi ildə müxtə­lif səviyyələrdə məhz intensiv ikitərəfli təmaslar sülh gündəmini irəliyə aparmaq üçün nadir imkanları ilə qarşıdakı ayların əsas epizodlarına çevrilə bilər.

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ



Müsahibə